AZ

Təbiətə ziyan vuran məmurlar dövlət qulluğundan kənarlaşdırılmalıdırlar – RƏY

Dövlətin ekoloji məsələlərə yüksək həssaslıqla yanaşdığı zamanda bəzi yerlərdə ağacların qanunsuz kəsilməsi, yaşıllıqların məhv edilməsi, təbiətin çirkləndirilməsi və digər qanunsuzluqlar yolverilməzdir.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov son günlər ekologiyaya vurulan zərərlə bağlı yayılmış məlumatlara münasibət bildirərkən deyib.

“Qusar rayonunda meşə ərazisində ağacların kəsilməsi ilə əlaqədar xəbərlər yayıldı. Artıq qeyd olunan ərazidə müvafiq dövlət orqanları tərəfindən araşdırma aparılır və məsələyə hüquqi qiymət veriləcək. Bununla bərabər, bəzi ərazilərimizdə təbiətin çirkləndirilməsi ilə bağlı görüntülər də gündəmə gəlmişdi. Ümumiyyətlə, düşünürəm ki, hər kəs təbiəti qorumaqda maraqlı olmalıdır. Çünki Azərbaycanda ekoloji məsələlərə böyük diqqət göstərilir. Ağacların bitmədiyi olmadığı səhralıq ərazilərdə belə milyonlarla ağaclar əkilib, yaşıllıqlar yaradılır. Dövlətin bu kimi böyük işlərinin fonunda ayrı-ayrı şəxslərin qanunsuzluqlarının gündəmə gəlməsi təəssüf doğurur”, – A.Badamov bildirib

Deputat Naqif Həmzəyev isə təbiətin məhv edilməsi, ekoloji ziyanla bağlı Azərbaycanın müvafiq qurumlarının çox sərt tədbir gördüyünü vurğulayıb. O düşünür ki, bu kimi məsələlərdə mütləq vətəndaş mövqeyi də olmalıdır:

“Biz çalışmalıyıq ki, bu cür xoşagəlməz hadisələrin qarşısını öncədən almağa cəhd edək. Ən azından şahidi olduğumuz pozuntularla əlaqədar aidiyyəti qurumları məlumatlandıraq. Çünki ictimai qınaq olmayacağı təqdirdə məmurlar da bu cür hadisələri ört-basdır etməyə çalışacaqlar. Baxın, böyük bir ərazidəki ağaclar məhv edilib, amma bunu çox sonradan, artıq cinayət işi başladıldıqda öyrənirik. Belə mövzulara qarşı həssaslıq vacib məsələdir. Hətta bir ağacın belə formalaşması uzun illər ala bilir. Təbiətin məhv edilməsi isə “respublikanın ağ ciyərlərinin” məhvi deməkdir”.

Deputat söyləyib ki, Azərbaycan külli miqdarda vəsait xərcləyərək, hər il 100 minlərlə ağacın əkilməsini həyata keçirir:

“Bu ağacların suvarılması, böyüdülməsi üçün də bir o qədər pul xərclənir. Belə bir məqamda hansısa məmur və yaxud məmurlar meşə ərazilərini peşkəş çəkirlərsə, ağacların qırılmasına göz yumurlarsa, ciddi şəkildə cəzalandırılmalıdırlar. Bu cür qanunsuzluqlara yol verənlər dövlət qulluğundan kənarlaşdırılmalıdırlar. Çünki onlar faktiki olaraq, dövlət siyasətinə qarşı çıxıb, təbiəti məhv etməklə dövlətə və dövlətçiliyə ziyan vurublar”.

Xatırladaq ki, Baş Prokurorluqda Qusar rayonunda 22.3 ha meşə ərazisində ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
3
nocomment.az

4Mənbələr