AZ

Gürcüstan parlamenti "xarici agentlər" haqqında qanun layihəsini qəbul edib

"Gürcüstanda "Maydan ssenarisi" mümkün deyil, çünki siyasi azlıq hakimiyyətin dəyişilməsi üçün resurslara malik deyil..."
 
"Avropa İttifaqı Tbilisiyə qanunun qəbulundan imtina etməyə çağırış edib..."
 
Gürcüstan parlamentariləri "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, prezident Salome Zurabişvili sənədə veto qoyacağını vəd edib. 
 
Lakin bu, Gürcüstanda hakim "Gürcü arzusu" partiyasına qanunun qəbul edilməsinə mane olmayacaq. Parlament prezident vetosundan yan keçməklə səsvermə keçirə bilər.
 
Gürcüstan baş naziri İrakli Koxabidze iddia edir ki, mübahisəli qanun layihəsi  vətəndaşların əksəriyyəti tərəfindən dəstəklənir, Gürcüstanda "Maydan ssenarisi" isə mümkün deyil, çünki "siyasi azlıq hakimiyyətin dəyişilməsi üçün resurslara malik deyil".
 
Bu zaman Gürcüstanın on minlərlə vətəndaşı az qala bir aydır ki, Rusiyanın "xarici agentər" haqqında analoji olan qanuna qarşı etiraz edir. Nümayişçilər Kreml tərəfindən yeridilən qanun layihəsinin geri götürülməsini tələb edir.
 
Mübahisəli hüquq normasına görə, xaricdən 20 faizdən çox gəlir əldə edən təşkilatlar "xarici qüvvənin maraqlarının daşıyıcıları" hesab edilir. 
 
Onlar mütləq qaydada açıq mənbələrdə qeydiyyatdan keçməlidir. Bu qanuna riayət edilməməsinə görə müxtəlif növ cərimələr nəzərdə tutulub.
 
Gürcüstan prezidenti "xarici agentlər" haqqında qanuna qarşı etiraz edənləri dəstəkləyib
 
Gürcüstanın hakim partiyası tərəfindən təklif edilən "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı kütləvi çıxışlar aprelin ortalarından davam edir. 
 
Bu etirazları o cümlədən prezident Salome Zurabişvili dəstəkləyib. Aprelin 29-da Tbilisidə mübahisəli qanun layihəsinə dəstək aksiyası keçirilib. İnsanlar avtobuslarla məcburən aksiyaya daşınıb.
 
Gürcüstan 2023-cü ilin dekabrından rəsmən Avropa İttifaqına daxil olmağa namizəddir. Brüssel Tbilisiyə bu qanunun qəbulundan imtina etməyə çağırış edir və qanuna etiraz edənlərə qarşı zorakılıq hallarını tənqid edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
46
moderator.az

10Mənbələr