AZ

Xanlıqlarla Azərbaycanın yeni tarixi başladı...- Akif Nağıdan tariximizə fərqli baxış...

Xanlıqlarla Azərbaycanın yeni tarixi başladı...- XXX mövzu
 
Azərbaycanda xanlıqların meydana gəlməsi. Cənub xanlıqları...
 
Xanlıqların əmələ gəlməsinin başlıca səbəbləri Səfəvi və Əfşarlar sülaləsinin
süqutu, dövlətin iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi. Şəhərlərdə ticarətin tənəzzülə uğraması şah xəzinəsinin gəlirinin azalmasına səbəb olmuşdu. Xanlıqların meydana çıxmasında və bu prosesin sürətlənməsində xalq kütlələrinin üsyanlarının da təsiri var idi. Dövlətdə çox az yer tapmaq olardı ki, orada hökumətə qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir şahın hakimiyyətinə qarşı üsyanlar daha kəskin xarakter almışdı [12, s.66-74].
 
Bütün bunlarla yanaşı, siyasi pərakəndəliyin, mərkəzdənqaçma meyllərinin
əsas səbəbi yeni dövlət quruluşu, idarəetmə sistemi axtarışları ilə bağlı idi.
Müxtəlif sosial təbəqələr, o cümlədən zənginlər və yoxsullar köhnə şahlıq
qaydaları ilə yaşamaq istəmir, yeni, mütərəqqi münasibətlərin yaranmasını
istəyirdilər. Bu yenilik axtarışları Azərbaycanda artıq XIV-XV əsrlərdə Hürufilik
hərəkatı ilə özünü göstərməyə başladı, cəmiyyətin yeni qaydalarla, kamil insanlar tərəfindən idarə olunması tələbləri qoyuldu. Bu ideya XVIII əsrin birinci
yarısından başlayaraq Azərbaycanda yerli hakimlərin mərkəzdən asılılığı azaltmaq və ya heçə endirmək təşəbbüsləri ilə həyata keçidilirdi. Avropada oxşar ideyalar XVI əsrdən etibarən formalaşdı və inqilablarla nəticələndi. Azərbaycan xanları yeni ideyanın, idarəetmə qaydalarının həyata keçirilməsi, dövlətçiliyin inkişafında yeni dövrün başlanması üçün xarici ölkələrlə təmas qurmağa, dəstək almağa çalışırdılar. Qacarların İngiltərə və Fransa ilə, Quba, Qarabağ xanlıqlarının Rusiya ilə yaxınlaşması bu məqsədlərə xidmət edirdi. Ayrı-ayrı dövlətlər isə xanların bu təşəbbüslərindən özlərinin müstəmləkəçilik niyyətləri üçün istifadə etdilər. 
 
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Qərbi Avropa dövlətləri, həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya digər dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və onlar arasında kəskin mübarizə gedirdi. Rusiya öz planlarını həyata keçirmək üçün ayrı-ayrı Azərbaycan xanlarına müstəqillik vəd edirdi [8, s.208]. Ona görə də bir sıra xanlar rus çarına məktublarla müraciət edirdilər. Bu vəziyyət xanlıqların müstəqil və yeni qaydalarla yaşamaq istəyindən irəli gəlirdi. Azərbaycanda xanlıqların yaranması bir tərəfdən, yeni idarəetmə qaydaları baxımından müsbət hadisə idi, digər tərəfdən isə, mənfı hal olub, ölkənin birliyini parçalayır, xarici düşmənlərə qarşı mübarizəni zəiflədirdi. Lakin ayrı-ayrı
xanlıqların yeni ideyalara uyğun yeritdiyi siyasət nəticəsində müəyyən ərazidə
iqtisadi inkişaf baş verirdi. Xanlıqların paytaxtı olan şəhərlər iqtisadi və mədəni
mərkəzlərə çevrilirdi. Azərbaycan xanlıqları bir-biri ilə mübarizə aparır və hər biri
özünün rəhbərliyi ilə Səfəvi sülaləsinin dövründəki Azərbaycan dövlətini bərpa
etməyə çalışırdı. XVIII əsrin ortalarında Əfşarlar sülaləsinin süqutundan sonra
Azərbaycan ərazisində 20 xanlıq yarandı. Onların 12-i Azərbaycanın şimalında -
Şəki, Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə, Dərbənd, Naxçıvan, İrəvan, Salyan,
Lənkəran, Cavad; 8-i isə Azərbaycanın cənubunda - Təbriz, Urmiyə, Xoy,
Qaradağ, Marağa, Ərdəbil, Sərab, Maku yarandı. Qarabağ xanlığının tərkibində 5
məliklik: Vərəndə, Gülüstan (Talış), Dizaq, Çiləbörd, Xaçın (məliklər müasir
anlamla müqayisədə icra başçıları idi və xan tərəfindən təyin olunurdu) mövcud
idi. Eyni zamanda Car- Balakən Camaatı, 5 sultanlıq - Şəki xanlığına tabe olan
İlisu, Qəbələ, Ərəş və müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya knyazlığına tabe olan Qazax, Şəmsəddil sultanlıqları əmələ gəldi [7, s.193]. Qarabağ məlikləri ilə bağlı bəzi siyasi möhtəkirlik cəhdlərini nəzərə alaraq qeyd olunmalıdır ki, bunlar alban əsilli məliklər tərəfindən idarə olunurdu ki, əhali də
albanlardan ibarət idi. Onlar hətta XVIII əsrdə Rusiya hökmdarlarına yazdıqları
məktublarda özlərini “alban türkləri” [9, s.15; 11] adlandırırdılar, sonrakı nəşrlərdə ifadə dəyişdirilərək “alban müsəlmanları” şəklində verilib [6, s.30].
XVIII əsrin ortalarında cənubi Azərbaycanda yaranmış xırda dövlətlərdən
biri Urmiya xanlığı idi. Xanlığın mərkəzi Urmiya şəhəri olmuşdur. Xanlığın əsasını Əfşar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) qoymuşdu. Fətəli xan mərkəzi hakimiyyət uğrunda mübarizənin qızışmasından istifadə edərək yeni
ərazilər ələ keçirməyə çalışdı. Təbrizdə baş verən üsyanlar və hərbi müdaxilələr
nəticəsində şəhər hakimi Əmiraslan xan öldürüldü. Bundan istifadə edən Fətəli xan Əfşar 1748-ci ildə Təbrizi tutdu və paytaxtı buraya köçürdü [4, s.22, 63]. Bununla, Fətəli xan Əfşar Azərbaycan torpaqlarının birləşdirilməsi üçün fəaliyyətə başladı. Fətəli xan Nadir şahın sərkərdələrindən olan Azad xanı öz tərəfinə çəkdi.Vəziyyətin çətinləşdiyini görən Xoy xanı Şahbaz xan Fətəli xanla ittifaqa girməyə
məcbur oldu. Bundan sonra qoşun yeridərək Fətəli xan Qaradağ, Marağa və Sərab
xanlıqlarını da tutdu [8, s.209].
XVIII əsrin ortalarında Fətəli xan Əfşar Kərim xan Zənd və
Məhəmmədhəsən xan Qacarla mübarizəyə başladı. O, bu məqsədlə ayrı-ayrı
hökmdarlara müraciət edib, onları ittifaqa çağırdı. O, öz müttəfiqləri ilə birlikdə
1752-ci ildə Miyanə (indiki İranın Şərqi Azərbaycan vilayətində şəhər)
yaxınlığında Kərim xan Zəndi məğlub etdi. Kərim xan Fars vilayətinə qaçmalı
oldu. Fətəli xan həmin 1752-ci ildə onu təqib edərək, Qəməşə adlı yerdə yenidən
məğlubiyyətə uğratdı [7, s.199]. Bu döyüşdə Kərim xanın qardaşı İskəndər xan əsir
götürüldü və öldürüldü...
Bu illərdə Fətəli xanın idarə etdiyi ərazinin sərhədləri indiki İranın cənubuna
qədər uzanırdı. Lakin farsların Zənd nəslindən olan Kərim xan əvvəl Şirazı, sonra
isə İsfahanı ələ keçirdi [13, s.122]. Fətəli xanın mərkəzi hakimiyyət uğrunda
mübarizəsi zəiflədi. Bundan istifadə edən Qacarlar fəallaşdı. Məhəmmədhəsən xan
Qacar (o, Şah I Abbas tərəfindən Gəncədən köçürülmüş türk Qacarlar nəslindən
idi, Astarabad şəhərinin hakimi idi) 1755-ci ildə Zəndlər üzərində qələbə çaldı və
1756-cı ildə İsfahana daxil oldu. Kərim xan Zənd Şiraza qaçdı. Məhəmmədhəsən
xan Rəşti, Ərdəbili, Lənkəranı, Təbrizi və Urmiyanı tutdu [10, s.5-7]. 1759-cu ildə
Məhəmmədhəsən xan Qacar Kərim xan Zəndlə döyüşdə məğlub oldu və öldürüldü.
Bundan sonra Fətəli xan Təbrizə qayıdaraq hakimiyyətini möhkəmləndirməyə
başladı. 1759-cu ildə Fətəli xan Qarabağa hücum etdi və Şuşanı mühasirəyə aldı.
Şəhər üçün ciddi təhlükə yarandığını görən Qarabağlı Pənahəli xan Fətəli xandan
asılılığı qəbul etdi və oğlu İbrahimxəlil ağanı onun yanına girov göndərdi [5,
s.132]. Tezliklə Fətəli xan İrəvan, Şəki və Ərəşi də Urmiya xanlığına tabe etdirdi.
Kərim xan Zənd 1760-cı ildə hücum edərək Təbrizi mühasirəyə aldı. Təbrizi dörd
ay mühasirədə saxlasa da tuta bilmədi. 1761-ci ildə Kərim xan yenidən hücuma
keçdi, lakin Qaraçəmən yaxınlığında məğlub oldu. Təbriz xanı Nəcəfqulu xan və
Fətəli xan Əfşar arxayınlaşdılar. Bundan istifadə edən Kərim xan yeni qüvvə ilə
hücum edərək Təbrizi aldı. Fətəli xan Urmiya qalasına çəkildi. 1763-cü ildə 9 aylıq
mühasirədən sonra Kərim xan Urmiya qalasını aldı. Urmiyanın mühasirəsində
Qarabağlı Pənah xan və onun Fətəli xanın girovluğundan qaçaraq gəlmiş oğlu
İbrahim bəy də iştirak edirdi. Əksər xanların Kərim xan Zəndlə birlikdə təzyiqi
qarşısında Fətəli xan təslim oldu, Onlarla birlikdə Şiraza yola düşdü. Fətəli xanın,
Pənah xanın və digərlərinin “qonaq” adı ilə Şiraza aparılması Kərim xan Zəndin
bir hiyləsi idi, o, “Şiraz qonaqlığı” adı altında əslində rəqiblərini girov götürmüşdü.
Onlar Şiraza doğru yolda, İsfahan yaxınlığında Kərim xanın qardaşı İskəndər xanın
Fətəli xan tərəfindən döyüşdə öldürüldüyü yerə gəldilər. Fətəli xan Əfşar orada,
1763-cü ildə edam olundu [4, s.77-78].
 
XVIII əsrin ortalarında yaradılmış Xoy xanlığının mərkəzi Xoy şəhəri idi.
Xanlığı Dünbili nəslindən olan Şahbaz xan idarə edirdi. O Urmiyalı Fətəli xanla
ittifaqa girmişdi. Kərim xan Zənd Fətəli xana qalib gəldikdən sonra «Şiraz
qonaqlığı» adı altında Şiraza aparılan Şahbaz xan orada 1763-cü ildə vəfat etdi [3].
Qaradağ xanlığının mərkəzi Əhər şəhəri idi. XVIII əsrin birinci rübündə mərkəzi
hakimiyyət zəiflədiyinə görə, Qaradağlı Kazım xan müstəqilliyini elan etmişdi.
Kazım xan mərkəzi hakimiyyətə tabe olmadığına görə Nadir şah onun gözlərini
çıxartmışdı. Nadir şahın ölümündən sonra Qaradağ xanlığı yenidən müstəqillik
əldə etmişdi. Kazım xanın 1763-cü ildə vəfatından sonra xanlığın ciddi rolu
olmamışdır [2]. Təbriz xanlığı XVIII əsrin ortalarında Azərbaycanda yaranmış
müstəqil qurum idi. Xanlığın mərkəzi Təbriz şəhəri idi. Nadir şahın qohumu
Əmiraslan xan qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub
əyalətlərini özünə tabe edərək, Təbriz xanlığını yaratdı (1748-ci il). Əmiraslan xan
Nadirin ölümündən sonra hakimiyyətə gəlmiş Əliqulu xanın (Adil şahın)
hakimiyyətini tanımadı. Lakin həmin ilin sonunda Adil şahın öz qardaşı İbrahim
Mirzə tərəfindən hakimiyyətdən uzaqlaşdırılması vəziyyəti xeyli dəyişdi. İbrahim
Mirzə böyük qüvvə ilə Əmiraslan xanın üzərinə hücum edib Təbrizə daxil oldu.
Əmiraslan xan məğlub oldu və öldürüldü. Məşhəd və İsfahanda baş vermiş üsyan
xəbərini eşidən İbrahim xan böyük hərbi qüvvə ilə oraya yola düşdü. Məşhəddəki
döyüşdə İbrahim xan həlak oldu. Azərbaycan torpaqlarını öz hakimiyyəti altında
birləşdirmək istəyən Fətəli xan Əfşar Təbrizi tutdu və paytaxtı Urmiyadan buraya
köçürdü. XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığıdır.
Bu xanlığın mərkəzi Ərdəbil şəhəri idi. Xanlığın əsasını Şahsevən nəslindən olan
Bədr xan (1747-1763) qoymuş və dövləti siyasi cəhətdən möhkəmləndirmişdi.
Bədr xanın oğlu Nəsir xanın dövründə (1763- 1808) Zəndlər və Qacarlarla
münasibət kəskinləşmişdi. Amma Nəsir xan Qarabağlı İbrahim xanla dostluq
əlaqələri yaratmışdı. Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətində idi
[1, s.160].
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali
məktəblər üçün dərslik (yenilənmiş üçüncü nəşri). Mehman Abdullayevin elmi
redaktorluğu ilə. Bakı, “Bakı Universiteti”, 2016.
2. Çingizoğlu Ə., Qacar M. Qaradağ xanlığı. Bakı, “Mütərcim”, 2011.
3. Çingizoğlu Ə. Xoy xanlığı. Bakı, “Mütərcim”, 2012.
4. Çingizoğlu Ə., Məmmədli B. Urmiya xanlığı. Bakı: SDU nəşriyyatı, 2013.
5. Quliyeva G. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi münasibətləri. (XVIII
əsrin II yarısı). Bakı, “Nurlan”, 2002.
6. Nəcəfli G. Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq
fəaliyyəti. Avtoreferat. Bakı, 2024.
7. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Texniki Ali
Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
8. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək).
Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2019.
9. Mahudov.Y. The resettlement of Armenians to the lands of North Azerbaijan the
irrefutable truth of history/ Y.Mahmudov, G.Najafli.- Baku, Turkhan, 2020.
10. Кузнецова Н.А. Иран в первой половине XIX века. Москва, Наука, 1983.
11. Послание четырех карабахских меликов Петру I с просьбой оказать им помощь
(март 1723 г.)// АВПРИ, фонд No100 «СРА» он. 100/4, дело 1, л.л. 2-3 об; л.л. 10-11.
цит.по: Güntəkin Cəmil Qızı Nəcəfli. Çar Rusiyası və ermənilərin Azərbaycan
torpaqlarında dövlət yaratmaq fəaliyyəti. Avtoreferat. Bakı, 2024.
12. Петрушевский И.П. Очерки по истории феодальных отношений в
Азербайджане и Армении в XVI-начале XIX вв. Изд. Ленинградского
государственного университета им. А.А.Жданова. Ленинград, 1949.
13. Строева Л.В. Керим-хан Зенд и ханы// Иран: история и современность. Москва,
Наука, 1983.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
moderator.az

1Mənbələr