AZ

Deputat: ATƏT-in Minsk qrupunun saxlanması üçün heç bir səbəb yoxdur

ATƏT-in Minsk qrupunun mövqeyi ədalətdən uzaq idi.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran hökm sürür, faktiki olaraq beynəlxalq hüquq işləmir: “Dünyada baş verən proseslərə müəyyən beynəlxalq güclər öz maraqları çərçivəsində yanaşırlar. Bu da müxtəlif dövlətlər və xalqlara qarşı ədalətsiz yanaşmadır. Azərbaycan da beynəlxalq təşkilatların ikili standartlarından çox əziyyət çəkib. 30 illik işğalçı siyasəti dövründə Ermənistana qarşı hər hansı addımların atılmaması buna nümunədir. O dövrdə ATƏT-in Minsk qrupunun mövqeyi ədalətdən uzaq idi”.

Fatma Yıldırım qeyd edib ki, Minsk qrupu işğalçı Ermənistana təzyiqlər göstərmək əvəzinə təcavüzkarla təcavüzə məruz qalan ölkəyə bərabər münasibət sərgiləyirdi: “Həmsədrlər problemin həlli üçün heç bir addım atmır, əksinə, status-kvonu qoruyub saxlamağa çalışırdılar. Bu da Ermənistanın maraqlarına uyğun idi. Ermənilər və onların havadarları olan həmsədrlər hesab edirdilər ki, məsələnin həlli uzandıqca bəlkə də Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq. Ona görə də, Azərbaycan xalqı tərəfindən Minsk qrupuna inamsızlıq və etimadsızlıq var idi. Zaman göstərdi ki, ermənilər və onların havadarları çox yanıldılar. İşğal altında qalan torpaqlarımızı əsasən məhz bu dövrdə yetişən gənc nəslin nümayəndələri azad etdi. Mayın 10-da Şuşaya köçən ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin dediyi kimi, Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmişdi. ATƏT-in Minsk qrupunun ermənipərəst mövqeyinə dözmək mümkün deyildi. Bu səbəbdən də, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Bununla da, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi öz gücümüzə yerinə yetirildi və beynəlxalq hüquq bərpa olundu”.

Deputat vurğulayıb ki, Azərbaycanın haqq savaşında qələbəsi ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı: “44 günlük müharibədən sonra bu təsisata heç bir ehtiyac yoxdur. Lakin hələ də ATƏT-in Minsk qrupu rəsmi olaraq ləğv edilməyib. Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesinin Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərdiyini deyib. Artıq dövlətimiz öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Bu təsisatın hələ də saxlanması üçün heç bir səbəb və buna lüzum yoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
299
50
apa.az

10Mənbələr