AZ

Bütün ölkə bu oyunu gözləyir – Çempionluq anı, müəllim-tələbə qarşıdurması

AFFA İcraiyyə Komitəsinin Premyer Liqada komanda sayı ilə bağlı qərarından sonra diqqətlər bütünlüklə Birinci Liqaya yönəlib.

Növbəti mövsüm üçün elitada iştirakçı sayı dəyişməyəcək, yenə 10 komanda mübarizə aparacaq. “Qəbələ”nin Premyer Liqa ilə vidalaşması artıq rəsmi təsdiqini tapıb.

Bu isə o deməkdir ki, bölgə təmsilçisini Birinci Liqanın qalibi əvəzləyəcək.

Sona 2 tur qalmış liqanın qalibi adı uğrunda iki komanda – “Qaradağ Lökbatan”la “Şamaxı” mübarizə aparır. Qəsəbə təmsilçisinin aktivində 53, şamaxılıların hesabında 51 xal var.

İşin maraqlı tərəfi mayın 16-da bu komandaların üz-üzə gələcəyidir. Lökbatanda qarşılaşacaq kollektivlərin duelini Birinci Liqanın final oyunu adlandıra bilərik.

“Şamaxı” çempion olmaq üçün mütləq və mütləq qələbə qazanmalıdır. Heç-heçə təqdirində xallar arasındakı fərq yenə 2 olaraq “Qaradağ”ın xeyrində qalacaq. Azər Həşimovun yetirmələrinin qalib gəlməsi lökbatanlıların qalib adını rəsmiləşdirməsi anlamına gələcək.

Sonuncu, yəni 27-ci turda “Şamaxı” doğma meydanında autsayder “Araz Saatlı”nı qəbul edəcək, “Qaradağ” Mingəçevirdə yerli komanda ilə qarşılaşacaq. Etiraf edək ki, favoritlərin bu oyunlardan 3 xalla ayrılmaq şansı kifayət qədər yüksəkdir. Odur ki, Birinci Liqanın qalibinin adına çox güman bu həftə aydınlıq gələcək.

Yeri gəlmişkən, bu oyun həm də müəllim-tələbə qarşıdurması kimi yadda qalacaq. “Şamaxı”nın baş məşqçisi təcrübəli Ramiz Məmmədovdursa, “Qaradağ”ın “sükanı”nı vaxtilə “Qəbələ”də Məmmədovun rəhbərliyi altında top qovmuş Həşimovun əlindədir.

Maraq üçün bildirək ki, hər ikisi Mingəçevir futbolunun yetirmələri hesab olunurlar.

Mayın 16-da Lökbatandakı OİK stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
sportinfo.az

1Mənbələr