AZ

Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb

Mayın 15-də Portuqaliyanın Lissabon şəhərində Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumu öz işinə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanlanmış məktubunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oxuyub.

Prezident İlham Əliyevin məktubunda qeyd olunub ki, fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur.

“Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir”, - dövlət başçısının məktubunda qeyd olunub.

Azərbaycan Prezidentinin məktubunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşünün qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəyinə əminlik ifadə olunub.

KAICIID Direktorlar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Forumda çıxış edib.

“Transformativ dialoq: Sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusuna həsr edilmiş Forumda münaqişələrin nəticəsi olaraq yaranmış böhranlar zamanı gərginliyin qarşısını almaq, postmünaqişə dövründə dialoq və etimad quruculuğu istiqamətində tədbirlərə dəstək məqsədilə dini liderlərin və qurumların öz ənənələrinə əsaslanaraq verə biləcəyi töhfələrlə bağlı müzakirələr aparılır.

Tədbirdə dünyada urbanizasiyanın artması ilə əlaqədar dini və etnik azlıqların təcrid edilməsi ilə bağlı narahatedici tendensiyalarla əlaqədar fikir mübadiləsi də aparılır. Eyni zamanda, tədbirin gündəliyinə təbii resursların mühafizəsi və iqlim dəyişikliyi problemlərinin həllində dini və dünyəvi tərəfdaşlığın roluna dair müzakirələr daxil edilib.

Qeyd edək ki, KAICIID dünyanın bütün əsas dinlərinin nümayəndələri tərəfindən idarə olunan yeganə hökumətlərarası təşkilatdır. Təşkilatın missiyası müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar arasında sülh, tolerantlıq və anlaşmanı təşviq etməkdir. Qlobal Dialoq Forumunun məqsədi BMT-nin 2030-cu il Gündəliyində təsbit edilən ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
4
report.az

5Mənbələr