AZ

“Dinamo”nu möcüzəvi çempionluqdan 4 xal ayırır - TURUN İCMALI

Premyer-liqada mövsüm sona yaxınlaşdıqca çempionluq intriqası maksimum həddə çatır.

“Football-plus.az” xəbər verir ki, qəribədi ki, zirvədəki klublar qələbələri sıralamaq əvəzinə xalları sağa-sola paylayırlar. Tur “Krılya Sovetov”un evdə “Axmat”a uduzması ilə start götürdü. Qroznı təmsilçisi ardıcıl 5-ci turda qalib gəlməklə şəxsi rekordunu təkrarladı. Konate “Axmat”ın heyətində 29-cu qolunu vurmaqla klub tarixinin ən məhsuldar oyunçusuna çevrildi.

“Krasnodar” və “Zenit” sanki mövsümün sonunda kimin daha bərbad durumda olması ilə bağlı mərcə gəliblər. Belə təəssürat yaranır ki, onlardan heç biri çempion olmaq istəmir. Bu komandalar qələbə bir yana, heç də qol da vura bilmirlər. “Krasnodar” Moskvada “Spartak”a minimal hesabla uduzdu. Murad Musayevin kollektivi ardıcıl 3-cü turda meydanı qolsuz tərk etdi. Qələbəyə baxmayaraq, bu tur çempionluq şansını rəsmən itirən “Spartak” 2024-də premyer-liqada hamıdan çox – 5 dəfə qapısını toxunulmaz saxlayıb. Düşünmək olardı ki, “Zenit” bu dəfə belə şansı əldən verməyəcək. Amma Sergey Semakın komandası növbəti dəfə ümidləri doğrultmadı. Turun mərkəzi oyununda Sankt-Peterburq nəhəngi doğma fanatları önündə ÇSKA-ya minimal hesabla boyun əydi. Halbuki “hərbçilər”in buna qədər çempionatda son 11 səfər oyununda cəmi bir qələbəsi var idi. Semak heç cür komandasını böhrandan çıxara bilmir. Komanda son 4 turda həm 1 xal qazanıb, həm də 1 qol vurub. Buna qədər Semakla hər iki göstəricidə heç vaxt belə zəif 4 turluq dönəm olmamışdı. “Zenit”in çempionatda evdə ardıcıl iki oyunda uduzmasına isə sonuncu dəfə 2017-nin oktyabrında Mançininin dönəmində təsadüf olunmuşdu! Eyni zamanda piterlilər bu mövsüm artıq 7-ci dəfə uduzdular. Bu, 2005-dən bəri komandanın ən pis göstəricisidi. “Zenit”lə “Krasnodar”ın bu cür durumda olması ən çox “Dinamo”nun işinə yarayır. Moskva klubu bu tur “Baltika” ilə səfər oyununda 90-cı dəqiqəyə 1:2 geridə daxil olsa da, möcüzəvi qələbə qazandı. “Dinamo” ardıcıl 5-ci, son 7 turda 6-cı qələbəsini qazanmaqla bu mövsüm ilk dəfə liderliyə yüksəldi! Halbuki mövsümün əvvəlində onların adı iddialılar arasında çəkilmirdi. “Ağ-göylər”in 2024-də ən çox xal (21) qazanan və ən çox qol (20) vuran komanda olduğunu nəzərə alsaq, onların liderliyini təsadüfi saymaq olmaz. Beləliklə, son çempionluğunu uzaq 1976-cı ildə qazanan “Dinamo”ya çempion olmaq üçün qalan 2 turda 4 xal qazanmaq kifayət edəcək. Rəqiblər xal itirməkdə davam etsələr, Moskva təmsilçisi hətta gələn tur da çempionluğu rəsmiləşdirə bilər.

28-ci tur
Zenit – ÇSKA 0:1
Çalov, 58-p.
Zenit: Kerjakov, Karavayev (Yeroxin, 79), Yerakoviç, Nino, Santos, Barrios, Vendel, Artur (Pedro, 59), Klaudinyo (Mantuan, 90), Sergeyev (Mostovoy, 59), Kassyerra (İzidor, 79).
ÇSKA: Torop, Qayiç, Diveyev, Roşa, Moyzes, Aqapov (Kellven, 65), Zdelar, Oblyakov, Fayzullayev (Davila, 84), Çalov, Zabolotnı (Musayev, 59).

Spartak – Krasnodar 1:0
Zobnin, 34.
Spartak: Maksimenko, Zobnin, Litvinov, Duarte, Çernov, Xluseviç, Prutsev, Umyarov (Martins, 68), Medina (Zinkovski, 63), İqnatov (Bonqonda, 63), Uqalde (Sobolev, 86).
Krasnodar: Safonov, Olusequn (Volkov, 65), Tormena, Kayo, Olasa, Çernikov, Krivtsov (Kastanyo, 65), Kadi (Batçi, 65), Spertsyan, Sa (Banyats, 90+3), Kordoba.

Orenburq – Lokomotiv 0:2
Batrakov, 8. Silyanov, 62.
Lokomotiv: Lantratov, Nenaxov (Samoşnikov, 46), Nyamsi, Morozov, Silyanov, Barinov, Batrakov, Mirançuk (Tiknizyan, 56), Qluşenkov (Jemaletdinov, 90), Pinyaev (Sarveli, 57), Süleymanov.

Baltika – Dinamo 2:3
Enrikes, 32. Kaplenko, 68 – Tyukavin, 3. Fernandes, 90+3. Nqamalyo, 90+9.

Krılya Sovetov – Axmat 0:2
Konate, 45+1. Berişa, 62.

Rubin – Rostov 3:1
Ribus, 30. Martinoviç, 38. Yoçiç, 65 – Şetinin, 73.

Soçi – Nijni Novqorod 6:1
Kravtsov, 8. Quarirapa, 32. Alves, 66. Sutormin, 74-p.; 83. Burmistrov, 87 – Ze Turbo, 89.

Fakel – Ural 0:0

1. Dinamo 28 15 8 5 49-37 53
2. Zenit 28 15 6 7 45-25 51
3. Krasnodar 28 14 8 6 41-27 50
4. Lokomotiv 28 12 11 5 47-37 47
5. Spartak 28 13 7 8 38-31 46
6. ÇSKA 28 10 12 6 48-38 42
7. Rubin 28 11 8 9 29-34 41
8. Krılya Sovetov 28 11 7 10 44-39 40
9. Rostov 28 11 7 10 40-43 40
10. Axmat 28 10 5 13 32-38 35
11. Fakel 28 6 11 11 20-29 29
12. Nijni Novqorod 28 8 5 15 26-44 29
13. Ural 28 7 8 13 27-41 29
14. Orenburq 28 7 8 13 31-38 29
15. Baltika 28 7 5 16 31-37 26
16. Soçi 28 5 8 15 34-44 23
Bombardirlər: Kassyerra (Zenit) – 16, Tyukavin (Dinamo) – 15, Kordoba (Krasnodar) – 14.
Növbəti turun oyunları mayın 18-20-si aralığında keçiriləcək: Spartak – Rubin, Rostov – Baltika, Dinamo – Krılya Sovetov, Lokomotiv – Fakel, Axmat – Zenit, Soçi – Krasnodar, Nijni Novqorod – ÇSKA, Ural – Orenburq.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Yenə qola həsrət qaldıq, üstəlik öz qapımızı toxunulmaz saxlaya bilmədik. Müdafiədəki üzücü səhv bizə baha başa gəldi. Artıq taleyimiz öz əlimizdə deyil. Belə duruma düşmək insana pozitiv hisslər bəxş etmir. Amma üzərimizdə işləməkdə davam edəcəyik. Bilirəm ki, futbol ictimaiyyəti yeni çempion görmək istəyir. Hər il eyni komandanın çempion olması adamlara maraqlı gəlmir. Başqa sözlə desək, güclüləri heç kim sevmir. Biz artıq bu duruma alışmışıq. Hətta hakimlər də şübhəli məqamlarda rəqiblərimizin xeyrinə qərarlar verirlər. Biz əslində son illərdə həmişə belə durumla qarşılaşır, bununla belə, nəticə qazanmağı bacarırdıq. Bu mövsüm isə bacarmırıq”.


Marçel Liçka, “Dinamo”nun baş məşqçisi:
“Əslində 90-cı dəqiqəyə daxil olanda da ümidimi itirməmişdim. Bilirdim ki, ən azı bərabərlik qolunu vurmaq üçün fürsətimiz yaranacaq. 2:2-dən sonra oyunçulardan tempi aşağı salmalarını istədim. Amma onlar irəli şığıyıb 3-cü qolu da vurdular. Ardıcıl iki oyunda qələbə qolunu son saniyələrdə vurmaq komandanın güclü xarakterə malik olduğunu göstərir. Sevincimin həddi-hüdudu yoxdu. Özü də əsas rəqiblərimizin xal itirdiyi turda belə qələbə qazanıb liderliyə yüksəlmək, sadəcə, inanılmazdı. Amma ən böyük arzumuz, təbii ki, çempionluqdu. Ona doğru daha bir addımı növbəti tur atmalıyıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
football-plus.az

1Mənbələr