AZ

Laçının işğalı və azadlığı: Tarix AXC-Müsavat cütlüyünün xəyanətini unutmur

Vətən müharibəsinə qədər hər il 18 may tarixini Laçının işğal təqvimi olaraq qeyd edirdik. Artıq təqvimdə belə bir gün yoxdur, bütün torpaqlarımız kimi Laçın da artıq azaddır. Lakin o tarixi də unutmamalıyıq, xüsusilə dərs çıxarmaq və bir daha yaşamamaq üçün.

1992-ci ilin 18 mayı Laçının işğalı ilə nəticələndi, həmin vaxt Xocalıda dəhşətli soyqırımı baş vermişdi, torpaqlarımız bir-bir əldən gedirdi. Bakıda isə hakimiyyət davası aparırdılar.

AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirmək üçün torpaqlarımızın işğalına belə razı olacaq qədər məkrli siyasət yürüdürdü. Həmin vaxt prezident Ayaz Mütəllibovu istefaya verməyə çağırır, əks təqdirdə, qan töküləcəyini bəyan edirdilər. 8 may tarixində Şuşanı işğal edən erməni silahlı dəstələri isə Laçını ələ keçirməklə Ermənistanla quru əlaqəsini yaratmağı planlaşdırırdılar. Şuşanın itirilməsi Azərbaycanda ruh düşkünlüyü yaratmışdı. Şuşanın azad edilməsinin əksinə, Bakıda əsl iqtidar davası gedirdi. 

Mayın 12-dən etibarən orduda itaətsizlik başladı. AXC-Müsavat cütlüyünə yaxın olan Laçın alayının şəhərdən çıxarılmasına start verildi. Bu, açıq şəkildə Laçını erməni işğalçılarına təslim etmək demək idi. Laçında artıq qarışıqlı yaranmışdı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkilməyə başladılar. Geri çəkilərkən yayılan xəbərlər digər bölmələr arasında da qarışıqlıq yaratdı və orduda əsl çaxnaşma başlandı. Məlumatlara görə, mayın 15-dən başlayaraq, ordunun böyük bir hissəsi heç bir göstəriş olmadan cəbhə bölgəsindən geri çəkildi. Mayın 15-də Ayaz Mütəllibov istefa verdi və hakimiyyət AXC-Müsavat qüvvələrinə keçdi. Həmin gün 777-ci xüsusi təyinatlı batalyon Laçında dayanmadan Qubadlıya, 771-ci hücum dəstəsi isə Yevlaxa getdi. 773-cü hücum dəstəsi də 16 may 1992-ci ilin səhəri Laçını tərk etdi. Mayın 16-da Laçın boşalmışdı və cəbhə bölgəsindən çıxan hərbçilər Bakıya qayıdırdılar. 18 mayda ermənilər asanlıqla, heç bir müqavimət olmadan Laçını işğal etdi.

Qarabağ separatçılarının lideri, Ermənistanın keçmiş prezidenti olmuş Robert Koçaryan Laçının işğalı haqda bunları yazır: “Şuşanı aldıqdan sonra rəqib ruhdan düşdü. Biz isə qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Rəqibin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən güc toplamasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Laçın boyda şəhərin işğalında Ermənistan ordusu cəmi 25 itki verib. Şuşdan sonra Laçın da işğal edildi, amma Bakıda hakimiyyət davası hələ də gedirdi. Laçının AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi və xəyanəti nəticəsində işğal edildiyi tarixi faktdır. Bu xəyanət torpaqlarımızın 28 il işğalda qalması ilə nəticələndi.



2020-ci il 27 sentyabr Laçının və işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının başlanması oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı və düşmənin 4 ilə işğal etdiyi torpaqlarımızı cəmi 44 günə azad etdi. Laçın artıq azaddır və 18 may təqvimi daha “Laçının işğal günü” kimi qeyd olunmur. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbəsidir.


Vaqif Hüseynli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
1
demokrat.az

2Mənbələr