AZ

Belarusun 60 illik yaşı olan müəssisəsi Azərbaycan ilə sıx əməkdaşlıq edir

Belarusun

Bakı, 15 may, AZƏRTAC

“Naftan” ASC Belarusun iri neft-kimya sahəsində istehsal prosesi ilə məşğul olan şirkətlərdən biridir və Azərbaycanın “Tech oil” şirkəti, Sumqayıt Sənaye Parkı ilə 10 ilə yaxındır ki, əməkdaşlıq edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“InterFood Azerbaijan”) “Naftan” şirkətinin marketinqin idarə edilməsi üzrə rəis müavini Anton İvanov deyib.

O bildirib ki, şirkət Azərbaycana ildə 1000 tondan çox baza yağları (SN-1200), mühərrik, sənaye və hidravlik yağlar ixrac edir. Bu yağlar kənd təsərrüfatında istifadə edilən avtomobil, müxtəlif profilli traktor, kombayn və digər maşın və mexanizmlər üçün lazımlıdır. Azərbaycan idxal etdiyi baza yağlardan başqa növ yağlar hazırlayır ki, bu da nəqliyyat vasitələri üçün əhəmiyyətlidir. Müsahib onu da qeyd edib ki, Azərbaycanın SOCAR şirkəti ilə də əməkdaşlıq əlaqələri var.

“Biz şirkətdən (SOCAR) propilen, polietilen və digər neft-kimya məhsullarını alırıq. Bundan başqa, Belarusun 2 böyük neft emalı zavodu (NEZ) var. Bunlardan biri Novopolsk NEZ, digəri isə Mozirsk NEZ-dir. Hər iki zavod Rusiya ilə yanaşı Azərbaycandan da neft alırlar. Həmçinin SOCAR-ın “Belneftkimya” şirkəti ilə də əməkdaşlığı var”, - deyə A.İvanov vurğulayıb.

A.İvanov nəzərə çatdırıb ki, “Naftan” ASC 1965-ci ildə dövlət müəssisəsi kimi yaradılıb. SSRİ dağıldıqdan sonra isə Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilib və bu gün yeni texnologiyaların tətbiqi ilə ildə 15 min tondan çox müxtəlif təyinatlı yağlar istehsal edir və ixraca yönəldir. ASC daxili bazarda da böyük paya malikdir.

ASC Azərbaycanda akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq əlaqələrini davam etdirir. “Naftan” ASC-nin elmi laboratoriyalarında çalışan alimlər Azərbaycandakı həmkarları ilə əlaqələr yaradaraq birgə elmi tədqiqatlar aparır, müxtəlif elmi simpozium və konfranslar təşkil edib neft-kimya sahəsindəki araşdırmaların nəticələrini müzakirə edirlər: “Azərbaycan dövlətinə xüsusi minnətdarlığımı bildirirəm ki, belə möhtəşəm sərgi təşkil edib. Bu sərgi nəinki dövlətlərin, eləcə də iş adamlarının əlaqələrinin artmasına və biznesin inkişafına güclü təkan verir”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
azertag.az

1Mənbələr