AZ

AQTA sədri: Ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupu yaradılıb

Bakı, 15 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin Azərbaycan ilə Belarus arasında qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması və baytarlıq preparatlarının birgə istehsalı üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Belarusla əməkdaşlıq çərçivəsində imzalanmış, eləcə də imzalanması nəzərdə tutulan sənədlər nəzərdən keçirilib, müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

AQTA-da keçirilən görüşdən sonra Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. S.Bartoş iş prinsipini öyrənmək məqsədilə institutun laboratoriyalarına baxış keçirib. Qonaq sınaqların həyata keçirildiyi laboratoriyalara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən belaruslu nazir AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Həmçinin müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını bildirib.

AQTA sədri Q.Təhməzli agentliklə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri ilə aparılan danışıqlarda bu ölkədən respublikamıza idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi müzakirə edilib. Eyni zamanda AQTA-nın bəzi məhsul qrupları istisna olmaqla, Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıması barədə razılıq əldə olunub. Bu istiqamətdə danışıqların isə davam etdirilməsi qərara alınıb.

AQTA sədri ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupunun yaradıldığını da vurğulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
4
azertag.az

5Mənbələr