AZ

Azərbaycanda şəhid qızına dələduzluq edilib - MƏHKƏMƏ

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Masallı rayon sakini Günay Ağayeva tərəfindən məhkəməyə mülki iddia daxil olub.

O, iddia ərizəsində göstərib ki, oğlu İslam Əlizadə qan xərçəngindən əziyyət çəkir.

Qeyd edib ki, 2022-ci ildə Aynur Bayramova vasitəsi ilə Nuridə Seyidovanı tanıyıb.

Onun bildirdiyinə görə, ona 25 min manat ziyan dəyib.

"Həmin pulu Aynur Bayramova və Nuridə Seyidovadan tutulmasını istəyirəm".

Daha sonra Qəbələ rayon sakini, zərərçəkmiş Nərgiz Mahmudova məhkəməyə mülki iddia təqdim edib. O, 9 min manat mülki iddia qaldırıb.

Hakim bu zərərçəkmişin də mülki iddiasını işə əlavə olunması barədə qərar qəbul edib.

Daha sonra Aynur Bayramovanın vəkili Elnur Quliyev iki hissədən ibarətə vəsatət qaldırıb. Vəkil əvvəlcə məhkəməyə təqdim etdiyi diskə baxış keçirilməsi istəyib. Bildirib ki, həmin diskə baxış keçiriləndə sonra Aynur Bayramovanın günahının olub-olmadığı müəyyən olunacaq. Vəkil zərərçəkmişlərin də həmin diskə diqqətlə qulaq asmasını istəyib: "O zaman hər şey aydın olacaq".

Vəkil həmçinin Aynur Bayramovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Qeyd edib ki, Aynur Babayevanın həm özü, həm də qızı xərçəng xəstələrindən əziyyət çəkir, onların hər ikisini müalicəyə ehtiyacı var.

Daha sonra prokuror Fariz Rzayev vəsatətə münasibət bildirib. Deyib ki, işdə 900 min manatdan çox ziyan var.

Prokuror deyib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə əsaslar yoxdur.

Zərərçəkmişlər də cəsarətin təmin edilməməsi istəyiblər. Daha sonra hakimlər vəsatəti təmin etməyiblər.

Bu qərara etiraz edən Aynur Bayramovanın digər vəkili Ramil Əliyev bütün məhkəmə tərkibinə etiraz edib. Deyib ki, işə baxan hakim əvvəlcədən öz mövqeyini ortaya qoyub. Vəkil onu da əlavə edib ki, Aynur Bayramovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarda qanunun tələbləri düzgün əsalandırılmayıb.

Vəkil prosesə sədrlik edən hakim Azad Məcidova, heyətdə olan hakimlər - Əli Məmmədov və Səbinə Məmmədzadəyə etiraz verib.

Müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlanılması barədə qərar qəbul ediblər.

Qeyd ediblər ki, etiraz Cinayət Prosessual Məcəlləsinin 109.1-ci maddəsini tələbləri pozulub. Etirazda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov baxması təmin edilsin.

Qanunda birbaşa göstərilir ki, hakim heyətinə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxmalıdır.

Daha sonra Vüqar Eminovun nümayəndəsi Gülməmməd Səfərov mülki iddia qaldırıb. Vəkil təqsirləndirilən şəxslərdən Aynur Bayramova və Nuridə Seyidovaya qarşı 25 min 500 manat maddi, 8 min 500 manat mənəvi ziyana görə mülki iddia qaldırıb.

Bundan başqa, zərərçəkmiş Aysel Abdullayeva təqsirləndirilən Aynur Bayramovaya qarşı 20 min 910 manat maddi, 8 min manat isə mənəvi ziyana görə mülki iddia verib. Aysel Abdullayeva deyib ki, şəhid qızıdır və atası Mirfəti Abdullayev 1-ci Qarabağ döyüşlərində şəhid olub.

Hakim hər iki mülki iddianın icraata qəbul olunduğunu deyib.

Məhkəmənin növbəti iclası mayın 29-da davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İttihama görə, Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
14
e-huquq.az

10Mənbələr