AZ

Saxta professorun, saxta torpağı...

İmişliyə getmişdim. Rayon sakinlərindən biri boyukmillet.com-a müraciət etmişdi. Getdik ki, şikayəti ilə yerində tanış olaq, öz araşdırmamızı aparaq. Bu rayonda sahibkarların incidilməsindən bir dəfə də yazmışdım. Oxşar problem yenə də var. Əhmədov İlqar Səfər oğlu hazırki və keçmiş icra hakimiyyətindən şikayətçidir. İlqar qardaşı Elmanla birlikdə illərdi heyvandarlıqla məşğuldur. Həmişə işləri qaydasında gedib. Ancaq İmişlinin həbs olunmuş icra başçısı Vilyam Hacıyevin rayon rəhbəri olduğu dövrdə onların qara günləri başlayır. Təsərrüfatın nə az, nə çox düz 197 hektarı icra hakimiyyətinin hüquqşünası, Vilyamın qara kassası deyilən Zaidov Radim Yadulla oğlu tərəfindən müxtəlif bəhanələrlə əllərindən alınır. Daha sonra 100 hektar da zəbt edilir. Məlum olur ki, bu oyunun sifarişçiləri Bakıda işləyən, yaşayan Səfər və Hafiz Hüseynov qardaşlarıdır. Deyilənə görə Səfər müəllim elm adamıdır, professordur.

Ziyalı, oxumuş adam özünü qəsbkar kimi aparır. İlqar Əhmədov deyir ki, əraziyə neçə dəfə qara pərdəli maşınlarla adamlar gəlib. Hətta bir dəfə çobanları döyüb sahədən qovublar. Gözəgörünməz professorun deyəsən əlləri çox uzundur. Sahəyə gələn suyun da qarşısını kəsdirib. Nə içməli suyu, nə də texniki suyu buraxmırlar. 2014-cü ildən başlanan bu zülm hələ də davam edir. Çünki Vilyam Hacıyevin pulyığanı, işlərini aparan hazırkı icra başçısı Elçin Rzayevin də sevimli kadrlarındandır. Yenə də bütün qara işlərdən onun boyu görünür. Yeni icra başçısı Elçin Rzayev elə Vilyam Hacıyevin dəsti-xəttini davam etdirir. Hər halda sahibkarlara münasibətdə bunu görmək olur. V.Hacıyevin vaxtındakı qaydalar indidə davam edir. İmişliyə hər gedəndə icra hakimiyyətinin qarşısında şikayətçi sahibkarları, sadə vətəndaşları görürəm. İnsanlarla söhbət edəndə də onların  narazılığını görmək olur. Elçin Rzayev aqrar rayon rəhbəri kimi kənd təsərrüfatının inkişafında maraqlı olmalıdır, amma əksini edir. Əgər illərlə qoyun-keçi, malqara saxlanılan yeri əkinə yararlı sahə kimi kimlərəsə verirsə, deməli ya işi bilmir, səriştələri yoxdur, ya da bunda maddi maraqları var.

Rayonda olanda Sarıxanlı kəndindən də xəbər aldıq. Burada da 50 ha torpaq sahəsi Vilyamın dövründə saxta sənədlə Nəcəfov Fəyyaz Nəcəf oğlunun əlindən alınıb. Bu işin başında da icra hakimiyyətinin keçmiş və indiki hüquqşünası durur. Radim Zaidov öz bildiyi kimi kənd təsərrüfatı torpaqlarını bölür, təyinatını dəyişir, qanuni sənədlərə fikir vermədən öz əməllərini törədir. Qəribədir ki indiki icra başçısı Elçin Rzayev nədənsə Vilyam Hacıyevin əməllərindən əziyyət çəkmiş adamların problemlərini həll etmək əvəzinə özü də elə Radim Zaidovla birlikdə onlara problem yaradır. Halbuki cənab Prezident onu təyin edəndə konkret göstərişlərini vermişdi. Bəs İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin müəllim görəsən nəyə görə Vilyam Hacıyevin iş üslubunu dövlət başçısının tövsiyə, göstərişlərindən üstün tutur?

İmişlidəki fermerlərin şikayət etmədiyi yer qalmayıb. İnad edəndə də müxtəlif manelər yaradırlar. Ali Məhkəmə fermerin xeyrinə qərar verir, amma qərara fikir verən yoxdur. Fermer İlqar Əhmədov deyir ki, torpağın ona məxsus olması barədə əlində səndələr var. Həmçinin müxtəlif dövlət orqanlarına yazdığı ərizələr, onların cavabları da var. Məsələn, İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı İmişli İcra Hakimiyyətinə məktub göndərib. Hələ də doğru-dürüst cavab vermirlər. Deyiblər ki, Vilyam Hacıyevin məhkəmə prosesi bitəndən sonra buna aydınlıq gətirəcəyik. V.Hacıyevin məhkəməsi də bitdi, məhkəmə cəzasını da müəyyənləşdirdi. Bəs indi nəyi gözləyirsiniz? Niyə bu qədər süründürməçiliyə yol verilir?   İlqar Əhmədov deyir ki artıq heç kimə inamı qalmayıb. Tək ümid yeri cənab Prezident İlham Əliyevdir. Qalib dövlət başçısı torpaqlarımızı azad edir, sahibkarlara həmişə dəstək olduğunu deyir, tapşırır ki, onlara maneçilik olunmasın, ciddi bir səbəb olmadan yoxlamalar aparılmasın. Amma bəzi məmurlar sahibkarın torpağını əlindən alır, başına min oyun açır. İllərdi qoyunçuluq, maldarlıq üçün istifadə olunan sahəni pambıq əkininə ayırır. Heç kim, heç bir dövlət orqanı buna fikir vermir,heç kim də məsuliyyət daşımır. Belə məmurların hərəkətləri sadə vətəndaşları dövlətdən narazı salmağa yönəlib.


Biz də öz adımızdan cənab Prezidentdən xahiş edirik ki, İmişlidə sahibkarların vəziyyətini nəzarətə götürüb ciddi ölçü götürsün.


Sima Babayeva

Paytaxt.org

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
1
paytaxt.org

2Mənbələr