AZ

Rusiya Mərkəzi Asiyanın 4 türk dövlətinə xəbərdarlıq etdi...

Image

Elşad Musayev: “Bu, regionlara nəzarət uğrunda gedən mübarizədən irəli gəlir”

Mərkəzi Asiya ölkələrinin liderləri Qərblə həddən artıq yaxınlaşmanın və Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmağın doğurduğu təhlükələrdən xəbərdardır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O qeyd edib ki, Qərb Mərkəzi Asiya dövlətlərinə böyük sərmayələr vəd edir, onları tərəfdaşlıq proqramlarına cəlb etməyə çalışır və təhlükəsizlik məsələlərində israrla yardım təklif edir: “Düşmənlərimizin strateji hesablaması göz qabağındadır: Rusiya ilə Orta Asiya respublikalarının münasibətlərinə nifaq salmaq. Görünür, xaricdə və Brüsseldə sadəlövhcəsinə inanırlar ki, Mərkəzi Asiya ölkələri Qərbin bu cür ekspansiyasına müqavimət göstərməyəcək. Əminik ki, Mərkəzi Asiya paytaxtları Qərblə həddindən artıq yaxınlaşmanın, onun vədlərinə əməl etmənin və antirusiya məhdudiyyətlərinə qoşulmağın bütün risqləri və potensial zərərlərini bilir”.

Qeyd edək ki, Rusiyanın bu xəbərdarlığı əsasən Orta Asiyanın 4 türkdilli ölkəsinə ünvanlanıb. Yəni Tacikistan nəzərdə tutulmur. Maraqlıdır, Rusiya niyə bu qədər narahatdır?

“Orta Asiyanı Qərb üçün cazibədar edən əsas faktor onun zəngin təbii resurslarıdır” 

Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bunu Orta Asiyada gedən geosiyasi mübarizə ilə əlaqələndirdi: “Heç kəsə sirr deyil ki, Qərblə Rusiya arasında ciddi qarşıdurmalar baş verir. Özü də bu, yalnız Ukrayna cəbhəsində deyil, ayrı-ayrı regionlarda da özünü müxtəlif formalarda göstərməkdədir. Yəni regionlara nəzarət uğrunda mübarizə gedir. Rusiya hansı bölgəni indiyə qədər öz nüfuz dairəsində saxlayıbsa, onu əldən vermək istəmir. Qərbin öz nəzarətinə keçirmək istədiyi regionlardan biri də Orta Asiyadır. O cümlədən, Qərb Cənubi Qafqazı da ələ keçirmək istəyir. Çünki Qərb üçün Orta Asiyaya gedən yol Cənubi Qafqazdan keçir. Orta Asiyanı Qərb üçün cazibədar edən əsas faktor onun zəngin təbii resurslarıdır. Ona görə də bölgəni öz nüfuz dairəsinə daxil etmək istəyir. Müəyyən iqtisadi vədlər verməklə bu ölkələri Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Rusiya da Orta Asiyanın türk dövlətlərinin öz təsirindən çıxmasını istəmir. Bu da açıq-aydın görünür. Gör geosiyasi mübarizə hansı səviyyəyə çatıb ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin sərt xəbərdarlıqla çıxış edir. Ancaq zaman dəyişdiyi üçün regionun türk dövlətləri öz gələcəklərini düşünürlər. Bu səbəbdən həmin ölkələr Türk Dövlətləri Təşkilatında təmsil olunurlar. Təsadüfi deyil ki, son dövrlər bu istiqamətdə fəaliyyətlərini genişləndirirlər. Məsələnin digər tərəfi onunla əlaqədardır ki, Orta Asiyada maraqları olan əsas dövlətlərdən biri də Çindir. Çin son illər bölgədə iqtisadi fəallığını artırıb. Region ölkələrində bir sıra layihələrə sərmayələr qoyur. Deməyim odur ki, Qərb Orta Asiyada təkcə Rusiya ilə deyil, Çinlə də rəqabət aparır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
baki-xeber.com

1Mənbələr