AZ

“Kilsə qiyamı” üçün məntiqi sonluq sayılan FİASKO – TƏHLİL

Əvvəlcədən ssenariləşdirilən “teatr yürüşü”, şou və “Srbazan layihəsi” uğursuzluqla nəticələnir və yenə də Qarabağ klanının, revanşistlərin arzuları ürəklərində qalır. Yenidən erməni xalqını talan etmək, alcaltmaq, öz varlanmaları və hakimiyyət hərislikləri naminə Ermənistan vətəndaşlarını aciz hala salmaq üçün kimlərinsə siyasi meydana belə gəlmək niyyətlərinin, arzularının puça çıxdığı artıq göz önündədir. İndi yenə hakimiyyət həvəsinə düşən məhz həmin o cinayətkar rejimin sayəsində, həmin o Qarabağ klanına görə qarşılaşdıqları bu qədər problemlərdən, rəzalətdən, səfalətdən, hətta bir-birini əvəz edən fəlakətlərdən sonra erməni xalqının belə bir səhvə yola verməyəcəyini gərək özünü “müqəddəs” hesab edən həmin o Srbazan, yəni Baqrat Qalstanyan əvvəlcədən biləydi ki, belə fiasko ilə qarşılaşmayaydı.

Heç bir proqramı olmayan Baqrat Qalstanyan əbəs yerə ümidlənib və “kilsə qiyamı” şousunda özünü marionet kimi alətə çevirib

“Vətən naminə...” hərəkatı başladığı kimi də söndü. Ona görə ki, həmin o ssenariləşdirilmiş “teatr yürüşü”, “şou”, yəni, “Srbazan layihəsi” kimi yadda qalan oyunun təşkilatçıları hakimiyyəti devirmək üçün lazım olan xalq kütləsini və siyasi qüvvələri öz ətraflarına toplaya bilmədilər. Toplaya da bilməzdilər axı. Əvvəla, o səbəbə görə toplaya bilməzdilər ki, Baqrat Qalstanyan və onun kimiləri, eləcə də onun arxasında duran qüvvələrin heç bir proqramı olmayıb və ümumiyyətlə yoxdur. Həmin o Srbazan, yəni, erməni dilindən tərcümədə “müqəddəs” adlandırılan, amma heç də müqəddəsliklə əlaqəsi belə olmayan biri meydana atıldığı andan ancaq erməni baş nazirin, yəni, Nikol Paşinyanın istefasından başqa bir tələb, bir mövqe ortaya qoymayıb. Az qala özünü ikinci “məsih” kimi göstərmək istəyən Qalstanyan heç vaxt fəaliyyət proqramı təqdim etməyib. Bəs yaxşı, Paşinyanı devirmək və Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmaq təklifindən başqa onun təklif etdiyi nə idi? Axı Baqrat Qalstanyan Ermənistanın gələcəyi üçün yeni baxış haqqında belə hətta heç nə deməyib. O zaman məhz indi qarşılaşdığı fiaskodan başqa gözləntisi nə olmalı idi?

Heç bir siyasi platforması, heç bir siyasi proqramı olmayan Baqrat Qalstanyan əbəs yerə ümidlənib və özünü marionet kimi alətə çevirib. Onun dırnaqarası rəhbərliyi ilə təşkil olunan etirazlar da kilsə qiyamı səviyyəsini qətiyyən aşa bilməzdi və ancaq kimlərinsə maraqları naminə təşkil olunduğu da təkzib edilən deyildi. Bunu da erməni xalqı, Ermənistan cəmiyyəti çox yaxşı müşahidə edib və başa düşüb ki, həmin o qondarma “müqəddəs” adamın niyyəti heç də xalq üçün çalışmaq olmayıb. Yəni, tam aydın şəkildə anlaşılıb ki, Srbazan ancaq ambisiyalar və hakimiyyət uğrunda bir oyunun aləti kimi istifadə edilir və özü ilə bərabər erməni xalqını da alət etmək niyyətində olub. Elə ona görə də sıralarına qoşulanların sayı da özünün olmayan nüfuzu qədər rüsvayçı həddi qətiyyən aşmayıb və fiaskosu da qaçılmaz olub.

Baqrat Qalstanyanın reputasiyasının ləkəli olması və korrupsiya ittihamları barədə erməni cəmiyyəti yaxşı məlumatlıdır

İndi həmin o dırnaqarası “müqəddəs” deyilən, amma ən çirkin oyunlara alət olan biri, yəni, Baqrat Qalstanyan hələ də əyalətdən, kəndlərdən kənarda, bütün Ermənistanda insanları itaətsizlik aksiyaları keçirməyə çağırır. Etiraz aksiyalarının demək olar ki, cəmi bir neçə nəfərdən ibarət olduğunu gördüyü halda, utanmadan insanları etirazlara səsləyir və hələ də öz simasızlığından utanmaq və marionetliyindən əl çəkmək istəmir. Özünün azsaylı tərəfdarları ilə nəinki heç nəyə nail ola bilməyəcəyini, ümumiyyətlə, öz mövqeyinin də, aksiyasının da mənasız olduğunu anladığı halda, hələ də Ermənistanın paytaxt küçələrində barrikadalar qurmağa və küçələri bağlamağa çalışırsa, deməli, bu dırnaqarası “müqəddəs” hədsiz dərəcədə simasız və həyasız biridir. Hər halda, erməni cəmiyyəti buna indi daha çox əmin olmuş oldu. Həm də əmin olmuş oldu ki, hansısa əyalətdə, özü də kənd sakinlərinin əvəzinə kimləri isə, gətirilmə insanları etiraz aksiyalarına toplayan birinin “teatr yürüşü”, şou xarakterli hərəkatı elə İrəvan küçələrinə çatar-çatmaz söndüsə, deməli, bunun səbəbləri var və hər halda, həmin səbəblər məsələnin mahiyyətini ortaya qoymaq üçün kifayət edir. Səbəblər sözsüz ki, çoxdur, amma ən əsas səbəb məhz Srbazanın, həmin o dırnaraqası “müqəddəs” deyilən Qalstanyanın heç də müqəddəs olmaması, əksinə, “çirkli fiqur” olması ilə əlaqədardır.

Əvvəla, ermənilər də yaxşı bilirlər ki, xalqın böyük hissəsini öz ətrafına toplamaq üçün ilk növbədə ləkəsiz reputasiyaya malik bir fiqur olmaq lazımdır. Hətta xalqın içindən çıxan biri olmasa belə, həmin fiqurun heç olmasa xalqın etibarından bəhrələnən insan olması gərəkir. Amma, hər bir erməni ayrı-ayrılıqda belə yaxşı bilir ki, Baqrat Qalstanyan belə bir insan deyil. Onun, yəni, həmin o “müqəddəs” deyilən birinin kifayət qədər çirkli olduğu barədə hayların yetərincə məlumatları var. Kanadada “özünə yer edən” həmin bu Srbazanın korrupsiya ittihamları barədə erməni cəmiyyəti yaxşı məlumatlıdır. Məlumatı olmayan ermənilərin bilmələri üçün də xatırladırıq ki, Kanadada nəşr olunan “Armenian Mirror-Spectator” qəzeti, hələ 2013-cü ildə erməni apostol kilsəsinin Kanada yeparxiyasının o vaxtkı “primatı” Baqrat Qalstanyanın fəaliyyətinin biabırçılıqlarını təfərrüatlarına qədər dərc edib və məlumatsız ermənilər həmin o qəzetdə dərc olunanı oxusalar Srbazanı daha yaxşı tanımış olarlar. Çünki oxusalar bilərlər ki, Qalstanyan Kanada yeparxiyasını əvvəlcə xeyli borcla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə kilsəni girov qoymağa belə cəhd edib. Üstəlik, Qalstanyan Lavaldakı Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə də ittiham olunub. Diqqətə çatdıraq ki, məhz Srbazanın sayəsində hazırda kilsənin borcu 1 milyon dolları aşıb. Şübhə etmirik ki, təkcə bu faktlar, özünü “müqəddəs” adlandıran, bəlkə də hələ bir “kristal” kimi göstərmək istəyən Srbazanın, yəni Baqrat Qalstanyanın əsl “üzünü” tanımaq və onu rədd etmək üçün haylara kifayət edər.

Cinayətkar ətrafı olan birinin xalqın dəstəyinə ümid etməsi axmaqlığın son həddidir

Maraqlıdır ki, görəsən Nikol Paşinyanın istefası tələbi ilə çıxış edən Qalstanyanyan Ermənistanın baş naziri vəzifəsinə kimi təklif edir və bu kürsüdə kimi görmək niyyətindədir, özünümü? O, erməni baş nazirini özünün əvəz etməsini istəyir, yoxsa belə bir ixtiyarının olmadığını da heç hesaba almır? Özünü Ermənistanın başında görmək istəyən həmin bu qondarma “müqəddəs” guya bilmirmi ki, Ermənistanın Konstitusiyasına görə, onun məhz ölkənin baş naziri vəzifəsinə seçilmək hüququ yoxdur? Üstəlik, deyəsən bu qeyri-müqəddəs özünün Kanada vətəndaşlığını da unudub. Yaxud da, Kanada pasportunu sadəcə bir kağız parçası hesab edir. İndi belə birinə “müqəddəs” deyilə bilərmi? Konstitusiyaya hörmətsizliklə yanaşan adama, belə bir hiyləgərə, belə bir manipulyatora, avantüristə, hətta şeytan xislətli birinə bir ölkənin taleyini həvalə etmək olarmı? Olmaz. Elə ona görə də alət olduğu oyun artıq fiaskoya uğradı, çünki haylar onun hay-küyünə məhəl də qoymadılar və çığır-bağırı da mənasız oldu. Lap elə Qarabağ klanının, cinayətkar rejimin hakimiyyətə gəlməsi üçün çalışdığı da baş tutan deyildi. Robert Koçaryan kimi, Serj Sarkisyan kimi canilərin yenidən meydana gətirməsi də haylar tərəfindən qəbul oluna bilməzdi və qəbul da olunmadı. Haylar bu iki caniyə, pislik saçan cinayətkara görə hakimiyyəti devirmək niyyətinə düşə bilməzdi və düşmədi də. Seyran Ohanyan, İşxan Saqatelyan, Jirayr Səfilyan, Ara Papyan, Varujan Avetisyan və digər bunlar kimi cinayətkarlar tərəfindən dəstəklənən Baqrat Qalstanyan belə cinayətkar ətrafı ilə xalqın dəstəyini qazanmaq və Nikol Paşinyanı devirmək istəyirdimi? Belə çıxır ki, həmin o dırnaqarası “müqəddəs” həm də axmaq imiş. Çünki belə ətrafı olanın xalqın dəstəyinə ümid etməsi axmaqlığın son həddidir.

Qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, Srbazanın, yəni Baqrat Qalstanyanın haray-həşirinin, hay-küyünün erməni cəmiyyəti tərəfindən hesaba belə alınmaması heç də səbəbsiz və əbəs yerə deyil. Məhz hayların bu ssenariləşdirilən “teatr yürüşü”, şou və “Srbazan layihəsi” kimi qəbul etdikləri oyunlara məhəl qoymaması tamamilə anlaşılandır. Çünki etiraz aksiyası kimi qələmə verilən bu ssenariləşdirilən oyun, məhz hayların özləri üçün də, uzaq başı, “kilsə qiyamı” kimi yadda qala bilər. Belə bir oyun üçün də fiasko, məntiqi sonluq olaraq lap əvvəldən bəlli idi və proqnozlaşdırılırdı da...

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
sia.az

1Mənbələr