AZ

Tiflisdə iqtidarı, İrəvanda revanşistləri dəstəklədi

ABŞ və Avropa Birliyinin (AB) rəsmi nümayəndələri etirazçılara münasibətinə görə hər gün Gürcüstan hakimiyyətinə sözün əsl mənasında hücum edir, Ermənistan kontekstində isə ölümcül formada susurlar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvan və Tiflisdə keçirilən etiraz aksiyalarını şərh edərkən deyib.

“Biz həmişə söyləyirik ki, konkret ölkənin daxili siyasi həyatı suveren dövlətin daxili işidir. Belə olan halda Qərbin reaksiyası təəccüblü dərəcədə sabitdir. Bu, başqa ikili standartdır və bu nümunə bunu mükəmməl şəkildə göstərir”, - Rusiya rəsmisi bildirib.

Zaxaova bəyan edib ki, Ermənistanda itaətsizlik aksiyaları zamanı polis “kobud güc” tətbiq edir: “Belə görünür ki, Qərb bu gündəmdən ayrılıb”.

Zaxarova həmçinin Gürcüstanda nümayişlərin AB və ABŞ-də kütləvi informasiya vasitələri tərəfindən yayımlanmasına diqqət çəkib və qeyd edib ki, Qərb mediasının reportajlarında etirazçılar “qəhrəman” kimi təqdim olunur.

“Qərbin rəsmi dairələri Ermənistanda minlərlə insanın etiraz aksiyalarının üzərindən sükutla keçir, guya orada heç nə baş vermir və ya hadisələri erməni xalqının iradəsini əks etdirməyən və kənardan təşkil olunmuş kimi təqdim edir”, - diplomat vurğulayıb.

Maraqlıdır ki, Zaxarova nədənsə Gürcüstandakı etirazlarda hakimiyyəti, Ermənistandankı aksiyalarda isə revanşistlərdən yana tərəf tutub. Rusiya rəsmisinə görə, Tiflisdəki etirazçılar saxta qəhrəman, İrəvandakı revanşistlər isə “öz iradəsini ortaya qoyan xalq”dır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
teleqraf.com

1Mənbələr