AZ

Naxçıvanda 1398 ailə özünüməşğulluğa cəlb edilib

 

Dövlət ailə, qadın və uşaq siyasəti ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Ümumi statistikaya nəzər saldıqda görürük ki, hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır ki, bu da ötən illə müqayisədə 643 ailə çoxdur.

 

Missiya.Az-a bu barədə Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması məqsədilə plana uyğun və mütəmadi tədbirlər keçirilir. 

 

Naxçıvan Muxtar Respublikasında aztəminatlı ailələrə xüsusi qayğı ilə yanaşılması və ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada müharibə veteranlarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi qulluqçuların və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Belə ki, muxtar respublikada mövcud olan 488 şəhid ailəsindən 81-i, 514 qazi ailəsindən isə 245-i mənzillə təmin olunub. Həmçinin özünüməşğulluq proramı çərçivəsində 1398 ailə özünüməşğulluğa cəlb edilib.

 

2023-cü il ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15 min 844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilib. Cari il ərzində  də bu tədbirlər davam etdirilib, ötən 5 ay ərzində 7404 manat dəyərində 917 əl işi satılıb. Ötən il ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi aparılaraq keçirilən 187 (tədbir, seminar, görüş) maarifləndirici və təbliğat tədbirlərindən 61 ailə və 5974 nəfər yararlanıb, 3916 təbliğat materialı, o cümlədən broşürlər tədbir iştirakçılarına paylanılıb. Eyni zamanda maarifləndirici tədbirlərdə iştirak edən 958 qadın arasında ailə məsələləri ilə əlaqədar sorğu keçirilib. 

 

Belə ki, ötən il ərzində ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan 61 münaqişəli ailədə görüşlər keçirilib, onlarla söhbətlər aparılıb.  Həmçinin aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, 7 ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib. 

 

Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. 

 

Övladlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur. Ailə elə müqəddəs ittifaqdır ki, onun səmimiliyinə, saflığına, təmizliyinə heç bir halda xələl gətirmək olmaz.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
missiya.az

1Mənbələr