AZ

Zəngəzur dəhlizinin yekun statusu bəlli oldu - Bakının son tələbi açıqlandı

Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması Ermənistanda yenidən gündəmə gəlib. Ermənilər iddia edirlər ki, hər şey dəhlizin bu statusla açılmasına doğru gedir. Bu, rəsmi Bakının tələb etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni ehtiva edən modeldir. Bəs son durum nə yerdədir, Ermənistanın buna münasibəti necədir?

Məsələni Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə Kalininqrad modelinin mahiyyətini izah edib.

Onun sözlərinə görə, bu, Zəngəzur dəhlizinin xüsusi güzəştlərlə açılması hadisəsi olacaq:

“Kalininqrad modeli belədir ki, sərnişin və malların daşınmalarında güzəştlər tətbiq olunur, müəyyən kateqoriyalara aid olan mallarla bağlı ümumiyyətlə rüsum alınmır. Məsələn, bu modelin tətbiqindən sonra Naxçıvan sakinlərinə gündəlik tələbat malları göndəriləcəksə, bunlar rüsumsuz buraxılacaq. Sərnişinlərin daşınmasına gəlincə, daşınma Azərbaycandan Azərbaycana olacağı üçün Naxçıvana getmək istəyən və ya bura gəlmək istəyən vətəndaşlardan viza tələb olunmayacaq. Bu durumda sadəcə şərti yoxlama aparılır.

Dəhlizin Kalininqrad modeli ilə açılması Azərbaycanın tələbidir. Bizim tələbimiz reallaşsa, Azərbaycanla Ermənistan arasında digər istiqamətlərdə də kommunikasiyalar açılacaq. Bu, Ermənistana da qazanc gətirəcək, tranzit imkanları yaranacaq və artacaq. Bu durumda Ermənistanın Türkiyə ilə də əlaqələri yaranacaq. Yeri gəlmişkən, Ermənistan bu xətlər vasitəsilə Mərkəzi Asiya və Rusiyaya birbaşa çıxış imkanları əldə edə bilər. Bu tələbi yerinə yetirməsə, Ermənistan üçün hər şey olduğu kimi qalacaq”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan “Sülh qovşağı” layihəsini reallaşdırmaq istəyirsə, Zəngəzur dəhlizinin statusu ilə bağlı şərtimizi yerinə yetirməlidir:

“Bunu istəməsə, heç kim onu məcbur etməyəcək. Bizim İran üzərindən alternativimiz var, indi Ermənistanın ziddiyyətli addımları fonunda bu projedən imtina etsək, onun heç bir imkanı qalmayacaq. Yəni duruma uyğun olaraq, şərtlər də dəyişə bilər. Əslində Ermənistanı bir az cazibəli göstərən Zəngəzur dəhlizi layihəsidir, indi buna yaxın durmasa, bu imkanını da itirəcək. İrəvan mümkün gəlişmələri qabaqlamaq istəyirsə, bəri başdan tədbir görməlidir. Tarix göstərir ki, gecikən cavab heç vaxt vəziyyəti bunu ləngidənin xeyrinə dəyişmir.

Ermənistan iş-işdən keçdikdən sonra cavab verəcəksə, oyundankənar vəziyyətdə qala bilər. Məsələn, Ermənistan bu kimi səbəblərdən regionda reallaşan Bakı-Tiflis-Qars dəmir yolu və Bakı-Tiflis-Ceyhan boru kəmərindən kənada qalıb. İndi Azərbaycandan Avropaya çəkilən elektrik kabelləri Gürcüstandan keçəcək, bunu sonradan Ermənistandan keçirmək mümkün olacaqmı? Yox! Bu, Avropaya açılacaq “Yaşıl enerji dəhlizi” üçün də keçərlidir. Ermənistan bu dəfə də oyundankənar vəziyyətdə qalmaq istəmirsə, dəhlizin bizim istədiyimiz statusla açılması üçün tələsməlidir”.

Ermənistanın “dəhliz” ifadəsindən çəkinməsinə gəlincə, politoloq mümkün səbəblər haqda bunları söyləyib:

“Ermənistan uzun illər özünü inandırıb ki, guya Azərbaycan və Türkiyədə ona ancaq təhdid və təhlükə gələ bilər. Bu səbəbdən də, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq dəhliz Ermənistanda “işğal cəhdi” kimi qəbul olunur. Ermənilər öz xülyalarından qorxurlar. Digər yandan, indiyədək Ermənistanda irimiqyaslı tranzit layihələr həyata keçirilməyib. Yəni belə layihələrdən, onların hansı formada reallaşması və nə kimi üstünlüklərinin olmasından xəbərsizdirlər”.

Ermənistan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimal-Cənub dəhlizinin Qacaran-Sisyan yolunun (Zəngəzur bölgəsində) tikintisi üçün 236 milyon avroluq kredit sazişi imzalayıb. Bəs bu hansı layihədir?

İlqar Vəlizadə bunun Zəngəzur dəhlizi ilə bağlı olmadığını söyləyib:

“Bu, tam başqa layihədir. Ermənistan Fars körfəzi və Qara dənizi birləşdirən bir proje təklif edib. Bunun başlanğıcı İranın Çabahar, sonu Gürcüstanın Batumi limanlarındadır. Qacaran-Sisyan yolu da bunun tərkib hissəsi kimi qiymətləndirilir. Bu projedə şərti olaraq Hindistan, İran, Ermənistan, Gürcüstan və Bolqarıstan iştirak edir. Avropa Birliyi bu xətlə Ermənistan üzərindən Hindistan və Asiyanın digər bazarlarına çıxmaq istəyir. Bu, mürəkkəb bir məsələdir, çətin relyef buna mane olur. Üstəgəl, yüklərin avtomobil yolları ilə daşınmasını nəzərdə tutur. Ermənistanın yollarının isə yükgötürmə qabiliyyəti aşağıdır. Avtonəqliyyat daşımaları isə çox bahalıdır. Karqodan sonra ən bahalı yükdaşıma budur. Çünki benzin, mazut və dizeldən istifadə olunur, bunlar da bahalı resurslardır. Belə daşımalar isə iri şirkətlər və dövlətlər üçün o qədər də məqbul deyil. Çünki avtomobil yolları ilə daha az və birkateqoriyalı yükləri daşıya bilirlər.

Böyük yüklər adətən gəmi və dəmir yolları ilə daşınanda daha sərfəli olur. Bu səbəbdən də, Ermənistan marşrutu o qədər də sərfəli deyil. Çox güman ki, Avropa Yenidənqurma Bankı siyasi motivlərdən istifadə edərək bu layihəni reallaşdırmaq istəyir. Həmçinin bununla Rusiyaya göstərmək istəyirlər ki, sizinlə yanaşı, biz də burdayıq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
2
teleqraf.com

3Mənbələr