AZ

Zelenskinin seçki fobiyası, yoxsa Qərbin yeni İRONİYASI? – TƏHLİL 

Ukrayna prezidenti Volodimir Zelenskinin mayın 20-də səlahiyyət müddəti bitir. Ona görə də qanunvericiliyə görə bu günlərdə Ukraynada növbəti prezident seçkiləri keçirilməlidir. 

Amma görünən odur ki, Ukrayna seçkilərə hazırlaşmır. Çünki Zelenski, müharibəni bəhanə gətirərək seçkilərdən qaçır. Buna da hüquqi don geyindirmək üçünsə o bundan sonra dövlət başçısı kimi fəaliyyətinin legitimliyi üçün Konstitusiya Məhkəməsinə müraciət göndərib. 

Məlumata görə, müraciət məktubu Ukrayna prezidentinin ofisi tərəfindən hazırlanıb. Nəşrin məlumatına görə, Konstitusiya Məhkəməsi seçkilərin hərbi vəziyyət şəraitində keçirilməsi və beşillik müddətdən sonra prezidentin səlahiyyətlərinin legitimliyi ilə bağlı sualları öz qərarı ilə qismən aradan qaldırıb. Məhkəmənin qərarına görə seçkilər ən azında 2024-cü il üçün təxirə salınıb.

Halbuki, Zelenski 2023-cü ildə dəfələrlə bəyan etmişdi ki, prezident seçkiləri 2024-cü ilin mayında keçiriləcək. Amma sonradan fikir dəyişdi və məsələnin məhkəmə müstəvisində həllini məqbul saydı.

Zelenskini siyasətə kimlər gətirdi?

Nəzərə alaq ki, Zelenski siyasətdən uzaq adam olub. 2018-ci ilə qədər mədəniyyət sahəsində çalışıb, kino çəkib, aktyorluq edib. Amma birdən-birə siyasətə gəlmək qərarına gəlib. Belə ki, 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filminin Ukraynada nümayişinə qadağa qoyuldu. 

Məhz bundan sonra o siyasi iddiasını ortaya qoydu. Elə həmin il Xalqın Xidmətçisi Partiyasını yaratdı. Partiyanın ilk 95 üzvü isə nümayişi qadağan olunan filmin yaradıcı və texniki heyəti oldu. O ilk müsahibələrində deyirdi ki, "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə gəlib", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istəyir.

Maraqlıdır ki, Zelenskinin siyasi iddiası bəzi dairələr tərəfindən coşqu ilə qarşılandı. Xüsusilə Qərb Zelenskinin namizədliyinə hər cür yardım göstərməyə başladı. Təsadüfi deyil ki, namizədliyini açıqlamamışdan az sonra Zelenskinin adı anketlərdə birinci yerdə idi. Bu isə məhz Qərbin siyasi texnologiyasının nəticəsi idi.

Qərbin Zelenskini dəstəkləməsi də təsadüfi deyildi. 

Bunun ciddi əsasları vardı. Çünki Qərb Ukraynanı Rusiya ilə müharibəyə təşviq edirdi. Lakin, o zamankı prezident Petro Poroşenko hər vəhclə müharibədən yayınmaq istəyirdi. Hətta 2014-cü ildə Donbas, Luqansk və Krımın əldən getməsinə baxmayaraq Poroşenko Rusiya ilə münaqişədən qaçdı və sülh sazişi imzadı. Bu isə Qərbin planlarına daxil deyildi. 

Baxmayaraq ki, Poroşenko da Qərbin adamı idi. Lakin o daha çox milli və dövləti maraqlardan çıxış etdiyi üçün Qərb Poroşenkonun “qələmini qırdı”. Böyük sərvətə, siyasi və idarəçilik təcrübəsinə malik Poroşenko Qərbin ssenarisi ilə bir sənətçiyə “uduzdu” və  2019-cu ildə 41 yaşlı produser-rejissor Ukraynanın prezidenti oldu.

Zelenski müharibədən qaça bilərdimi?

41 yaş prezidentlik üçün kifayət qədər gənc yaşdır. Üstəlik, siyasi və idarəetmə təcrübəsi olmayan birisi üçün çətin iqtisadi-siyasi durumda olan bir ölkəni idarə eləmək olduqca çətin idi. Lakin Zelenski nədənsə heç bir məsuliyyətdən qorxmadı. Üstəlik, Poroşenkonun ehtiyat etdiyi məsələlərin də üstünə getməyə başladı və Rusiyaya meydan oxudu. 

Daha doğrusu meydan oxumaq zorunda qaldı. Çünki Zelenski hakimiyyətə Ukraynanı dirçəltmək üçün yox, Rusiya ilə uzun müddətli müharibəyə başlaması üçün gətirilmişdi. Bu yolda ona çoxlu vədlər də verildi. Guya Ukrayna NATO və Avropa İttifaqına üzv olacaq, ölkənin iqtisadiyyatını dirçəltmək üçün güclü maliyyə dəstəyi göstəriləcək. Lakin ötən 5 ildə Qərb heç bir vədinə əməl etmədi. Əvəzində Zelenskidən tələb edildi ki, Ukraynanın “ərazi bütövlüyü və suveren hüquqları”üçün Rusiya ilə müharibəyə başlasın. 

Təbii ki, bu yolda ona hər cür hərbi və maliyyə yardımı göstəriləcəyi vədi də verildi. Bu cür dəstəyi görən Zelenski qəhrəman, xilaskar olmaq eşqinə düşdü. O elə zənn etdi ki, Qərbi arxasına alacağı təqdirdə Rusiyanı asanlıqla məğlub edəcək. Təbii ki, siyasətçi və analitik olmadığına görə Zelenski Rusiyanın imkanlarını və Qərbin etibarını sona qədər öyrənmədi. Nəticədə Rusiya ilə açıq müharibəyə girdi. 

Əslində, Zelenskinin başqa yolu yox idi. O, siyasi hakimiyyətə məhz Rusiya ilə müharibə üçün gətirilmişdi. Ona görə də Zelenski müharibədən boyun qaçıra bilməzdi.

“Mavr işini görməyib, mavr gedə bilməz”.

Zelenski Qərb qarşısında götürdüyü bir çox öhdəlikləri yerinə yetirib. Amma əsas missiyası hələ qarşıdadır. Ukrayna bu müharibədə maksimum dərəcədə Rusiyanı zəif salmalıdır. Bu Ukraynanın dağılması və parçalanması hesabına olsa belə. 

Ona görə də Zelenski açıq seçkilərə gedə bilməz. Çünki növbəti seçkilərdə onun qalib gələcəyi heç də inandırıcı gəlmir. Məhz bunu bilən Qərb Zelenskini məcbur etdi ki, müharibəni əsas gətirərək prezidentlik müddətini bir qədər də uzatsın. Bunun ən asan hüquqi yolu isə Konstitusiya Məhkəməsidir. Bu isə o deməkdir ki, Zelenski hələ bir müddət də hakimiyyətdə qalacaq. Bu isə Ukrayna dövlətinə və xalqına yaxşı heç nə vəd etmir.

Amma bu məsələdə diqqət çəkən məqam odur ki, ABŞ və Aİ Zelenskinin bütün addımlarına göz yumur və onun legitimliyini dəstəkləyir. Halbuki anoloji hadisə hansısa bir ölkədə baş versəydi, yəqin ki, Qərb həmin andaca hərəkətə keçər, o ölkədə demokratiyanın və insan hüquqlarının pozulduğunu barbar bağırardı.

Lakin söhbət Ukrayna və Zelenski olanda vəziyyət dəyişir. Hər şey Konistitusiyaya və beynəlxalq hüquqa uyğun gəlir. Çünki Qərb belə istəyir. 

Belə olmasa idi, ABŞ-ın dövlət katibi Antoni Blinken xəbərsiz-ətərsiz Kiyevdə peyda olmaz, gecə klubunda əylənməzdi. Bu artıq onu sübut edir ki, ABŞ Ukraynanı özünün bir koloniyası kimi görür. Ona görə də ABŞ istəyəndə Ukraynaya pul, top-tüfəng ver, istəməyəndə isə sadəcə Blinkenin konsertilə kifayətlənir. 

Surxay Atakişiyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
bizim.media

1Mənbələr