AZ

Makron Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edir

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsini istəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Fransa Respublikasının prezidenti Emmanuel Makron Milli Müdafiə və Təhlükəsizlik Şurasının Yeni Kaledoniyadakı vəziyyətlə bağlı iclasına sədrlik edib. O, Nazirlər Şurasının saat 16:30-a planlaşdırılan iclasının gündəliyinə Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanın daxil edilməsini xahiş edib", deyə məlumatda qeyd edilir.

Makron həmçinin siyasi dialoqun yenilənməsinin zəruriliyini bəyan edib və Fransanın baş naziri və daxili işlər nazirindən Yeni Kaledoniya nümayəndə heyətini dərhal Parisə dəvət etməyi xahiş edib.

Yeni Kaledoniyada vəziyyətin pisləşməsi fonunda Makron Fekamp səfərini ləğv edib. Orada Fransa prezidenti dəniz külək parkının açılışında iştirak etməli idi.

Qeyd edək ki, Fransa təhlükəsizlik qüvvələri çərşənbə axşamı gecə Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib. Yeni Kaledoniya prezidentinin sözçüsü Reuters Agentliyinə bildirib ki, hadisələr zamanı 3 yerli gənc həlak olub. Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, yüzlərlə adam, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.

İğtişaşlara səbəb yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransa konstitusiya qanun layihəsinə etiraz olub. Bu, Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir. Hazırda yalnız xarici ərazinin muxtariyyətini genişləndirən 1998-ci il Noumea Müqaviləsi zamanı seçicilər siyahısında olan vətəndaşlar və onların uşaqları səsvermə hüququna malikdir. Yeni kaledoniyalıların fikrincə, islahat loyalların xeyrinə olacaq.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu - müstəmləkəsidir. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. Bu dövlət 1853-cü ildən Fransanın tabeliyində yaşayır. Əhalisi 270 nəfərdir. Burda Fransa hökumətini Ali Komissar təmsil edir, icra hakimiyyətini yerli hökumət həyata keçirir.

2020-ci ildə Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün növbəti referendum keçirib. Referendum iştirakçıları müstəqilliyin leyhinə səs verib, amma Fransa onu tanımayıb.

İyulun 6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Ötən gün Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada Kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Qrup Fransa Senatını və Milli Assambleyasını Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmağa və zorakılığa son qoymağa çağırıb.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
qaynarinfo.az

10Mənbələr