AZ

Tarixi gerçəkliyi unutmaq satqınlığa bərabərdir ANALİZ

AXC-nin ermənilərin Laçını işğal etməsinə şərait yaratması xəyanətin bariz nümunəsi idi

Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycan dünyanın ən qüdrətli və güclü dövlətləri sırasında qərarlaşır. İqtisadi, siyasi, hərbi, diplomatik qələbələri ölkəmizin gücünə güc qatır. Təbii ki, ardıcıl xarakter daşıyan bu qələbələr dostları sevindirir, düşmənlərin isə bağrını yarır. Onlar hər vəchlə uğurlara kölgə salmağa, qələbələrə don geyindirməyə cəhdlər göstərirlər. Xüsusilə də Azərbaycanın dağıdıcı müxalifətinin boşboğaz yığnağı şər və böhtanlarla çıxış edir, dezinformasiya xarakterli informasiyalar yayırlar. Bu, o məxluqlardır ki, 44 günlük Vətən müharibəsinə qədər “torpaqlarımızın azadlığı mümkün olmayacaq” deyirdilər. Hətta aralarında elələri vardı ki, “bir kənd işğaldan azad edilsə, qulağımı kəsəcəm” deyirdi. Laçında gömrük postu və sərhəd keçid məntəqəsi qurulan zaman başladılar - “Qələbə yarımçıqdır” deyə mənasız və cəfəng fikirlər səsləndirməyə. Utanmaz məxluqlar bu istiqamətdə bir xeyli vay-şivən qopartdılar. Lakin bu anormal fəaliyyət də uzun çəkmədi. Onlara daha bir sərt şillə 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələrin məhv edilib, əksər separatçı başların həbs edilərək istintaqa təhvil verilməsi ilə oldu. Oktyabrın 15-də isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xankəndi şəhərində xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Yenə də Ə.Kərimli, T.Yaqublu, C.Həsənli, A.Hacılı öz məkrli niyyətlərindən və qərəzli açıqlamalarından əl çəkmədilər. Bir sözlə, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Lakin boşboğazlıq edənlər nə qulaqlarını kəsdilər, nə də sayıqlamlarına görə xalqdan üzr istədilər. Əksinə, həyasız və abırsız məxluqlardan olduğunu nümayiş etdirməkdən belə çəkinmədilər.

Sevinc Osmanqızı, Qənimət Zahid, həmçinin, Avropada olan antimilli ünsürlər bu istiqamətdə hay-küy qaldırdılar

Bu dəfə iddialar irəli sürməyə başladılar ki, “Rusiyanın hərbi kontingenti ərazilərdən çıxmayacaq, eyni zamanda Qazağın 4 kəndi boşaldılmayacaq”. Qərbdən maliyyələşən media qurumları, əsasən də, Sevinc Osmanqızı, Qənimət Zahid, həmçinin, Avropada olan antimilli ünsürlər bu istiqamətdə hay-küy qaldırdılar. Çalışdılar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirsinlər. Lakin onların iddiaları iflasa uğradı. Rusiya hərbi kontingenti Qarabağı tərk etdi, Qazağın işğal altında olan 4 kəndi isə azadlığına qovuşdu. Boşboğazlıq və sayıqlamalar dağıdıcı müxalifətə və xaricdəki antimilli ünsürlərə qaldı. Lakin görünən ondan ibarətdir ki, hay-küy salmaq üçün bəhanələr axtarışında olan dağıdıcı müxalifət bu dəfə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq abadlıq işlərinə kölgə salmağa cəhdlər göstərirlər. Əli Kərimli və onun ətrafında olan trollar deyirlər ki, abadlıq və bərpa işləri zəif aparılır və keyfiyyətsizdir. Halbuki işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq-bərpa işləri dünyanı bir növ heyrətə gətirib. O mənada ki, həm əraziləri ermənilərin basdırdığı minalardan təmizləmək, daha sonra şəhər və qəsəbələrin baş planlarını hazırlamaq, ev-eşiklər tikmək, infrastruktur qurmaq və insanları öz yurdlarına köçürmək böyük fədakarlıq, həm də zəhmət tələb edir. Təbii ki, maliyyə vəsaitlərinin də ayrılması vacib şərtlər sırasındadır. Ermənistanın dəmir yumruqla başını əzib torpaqlarımızı azad etdikdən sonra ABŞ və Avropanın bəzi dövlətləri İrəvana maliyyə yardımlarının sırasını genişləndirib. Hətta rüsvayçı hal yaşanır. Azərbaycanın işğaldan azad edilən əraziləri minalarla çirkləndiyi halda, ABŞ Ermənistana “minalardan təmizlənmək” adı altında maliyyə yardımları göstərir. Haradadır o mənalar? Nə zaman Ermənistanın ərazilərinə mina basdırıldı? Çoxsaylı suallara təbii ki, ABŞ-ın ermənipərəst dairələri cavab vermək gücündə və imkanında deyillər. Sadəcə, Ermənistana maliyyə dəstəyi göstərmək üçün bəhanə axtarırlar və bu bəhanəni də ərazilərin minalardan təmizlənməsi adı altında edirlər. Bax, rüsvayçı və ironiya ilə qarşılanan haldır. 30 il işğal altında olan ərazilərimiz erməni vandallarının vəhşiliyinin qurbanı olaraq dağıntılara, qarətlərə məruz qalsa da, heç bir beynəlxalq təşkilat və ölkələr erməni vandalizmini göstərmək və Azərbaycana maliyyə dəstəyi göstərmək istəmir. Çünki Azərbaycan müsəlman ölkəsidir, həm Ermənistanı əzib, torpaqlarını azad edən dövlətdir. Dünyanın heç bir maliyyə fondlarının dəstəyi və yardımı olmadan Azərbaycan öz gücünə işğaldan azad edilən ərazilərini bərpa edib, hərb meydanında əldə etdiyi qələbəsini dinc dövrün quruculuğunda davam etdirir.

Laçını erməniyə təhvil verənlər indi haqdan, ədalətdən danışırlar

Söz yox ki, biz xalq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizi bərpa edəcəyik. İnsanlarımız da hamılıqla öz doğma yurd-yuvalarına qayıdacaqlar. O doğma yurdlar yenidən çiçəklənəcək və inkişaf edəcək. Necə deyərlər, pislik və yamanlıq dağıdıcı müxalifətə və onlara himayədarlıq edən xarici pozucu şəbəkəyə qalacaq. Həm də nəzərə almaq lazımdır ki, əgər torpaqlarımız erməni vandalları tərəfindən viranə edibsə, işğala şərait yaradan isə AXC olub. Hansı ki, hazırda AXC təmsilçilərində olmuş Əli Kərimli utanıb-çəkinmədən siyasətdə var-gəl edir və davamlı olaraq ölkəmizin milli və dövlətçilik maraqlarına qarşı fəaliyyət göstərir. Xatırlatmaq lazımdır ki, 1992-ci il mayın 8-də Şuşa, 18-də isə Laçın işğal edilib. Həmin dövrdə Bakıda hakimiyyət davası özünün pik həddində idi. AXC təmsilçiləri hakimiyyəti zəbt etmək üçün iqtidarda olan Ayaz Mütəllibova davamlı olaraq təzyiqlər göstərirdilər. Həmin ilin mayın 14-də A.Mütəllibovun yenidən hakimiyyətə qayıtması ilə əlaqədar AXC Laçını müdafiə edən hərbi hissələrini geri çəkdi və bu da ərazilərin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi ilə nəticələndi. Söz yox ki, AXC-nin bu addımı satqınlıq və xəyanət idi. Heç bir halda bu xəyanət bağışlana bilməz və haqlı olaraq zaman-zaman ictimaiyyət AXC-nin keçmiş və indi siyasətdə olan təmsilçiləri tənqid edir, qınayır. Fateh Sərkərdə, Ali Baş Komandan Prezident İlham Əliyev mayın 8-də Şuşada hərbçilərlə görüşdən sonra çıxışı zamanı tarixə nəzər salarkən qeyd etdi ki, 1992-ci ilin mayında ovaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü: “O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. Ovaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır".

Bir sözlə, faktlar və reallıqlar ondan ibarətdir ki, Azərbaycan dövləti hər ötən gün yeni və mükəmməl tarix yazır. Bu tarixin yazılmasının fatehi isə Prezident İlham Əliyevdir. Məhz Prezidentimiz İlham Əliyev xalqa güvənərək, xalqdan dəstək alaraq Azərbaycanı daha böyük zəfərlərə aparır. Dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin hay-küyləri, sadəcə, qrant əldə etmək üçündür ki, bu da onlara yalnız və yalnız utanc və rüsvayçılıq gətirir.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
sesqazeti.az

1Mənbələr