AZ

Türkiyə Super Liqasında çempion kim olacaq: “Qalatasaray”, yoxsa “Fənərbağça”? - TƏHLİL

Türkiyə Super Liqasının 37-ci turunda böyük maraqla gözlənilən derbi həyəcanı yaşanacaq.

Oxu.Az xəbər verir ki, “Fənərbağça” ilə arasındakı xal fərqini 6-ya yüksəldən “Qalatasaray” doğma meydanda qalib gələrək çempionluğunu elən etmək niyyətindədir. Sonuncu dəfə 2013/14 mövsümündə çempionluq yaşan “sarı-lacivərdlər” isə bu mövsüm 10 illik uğursuzluq seriyasına son vermək istəyirlər. Amma görüşün “Rams Park”da keçirilməsi “Fənərbağça” klubu üçün mənfi cəhət sayıla bilər. Çünki “sarı-lacivərdlər” sonuncu dəfə 2021-ci ildə “Rams Park”dan qələbə ilə ayrılıblar.

Maraqlıdır ki, “Qalatasaray” klubu qələbə qazanacağı və ya heç-heçəyə razılaşacağı təqdirdə doğma meydanda azarkeşləri önündə çempionluğunu elan etmiş olacaq. “Fənərbağça”nın qalib gələcəyi təqdirdə isə çempionunun adına son turda keçiriləcək oyunlardan sonra aydınlıq gələcək. Belə ki, mövsümün son turunda “Fənərbağça” doğma meydanda “İstanbulspor”la, “Qalatasaray” isə səfərdə “Konyaspor”la qarşılaşacaq. “Sarı-lacivərdlər”in son turda çempion olmaq üçün yeganə şansı qalib gəlmək olacaq. Amma “Qalatasaray” klubu heç-heçə edəcəyi, ya da qalib gələcəyi təqdirdə çempionluğunu rəsmiləşdirmiş olacaq. “Fənərbağça” klubunun çempionluq üçün yeganə şansı “Qalatasaray” klubunun hər iki görüşdə məğlub olmasıdır. Əks halda isə “sarı-qırmızılar” mövsümü çempion olaraq başa vuracaqlar. Komandaların bu mövsüm ümumi göstəricilərinə nəzər salsaq, “Qalatasaray” klubu keçirdiyi 36 görüşdə 32 dəfə qələbəyə sevinib. Üç heç-heçə edən “sarı-qırmızılar” cəmi bir dəfə məğlub olublar. “Fənərbağça” klubu isə 36 görüşün 29-da qalib gəlib, altı heç-heçə və bir məğlubiyyətlə yadda qalıb. Bu göstəricilərə nəzər saldıqda “Qalatasaray” klubunun mövsümü çempion olaraq başa vuracağı daha real görünür.

“Beşiktaş”, “Başakşəhər” və “Trabzonspor” klubları isə avrokuboklara yollanmaq üçün mübarizə aparmalı olacaqlar. Bu turda “Başakşəhər”lə qarşılaşan “Trabzonspor” klubu 3-cü pillədəki yerini möhkəmlətmək üçün görüşdən qələbə ilə ayrılmalı olacaq. “Başakşəhər” klubunun qalib gələcəyi təqdirdə isə “Trabzonspor” hazırkı yerini itirə və Konfrans Liqasına yollana bilər. Əgər “Başakşəhər” hər iki görüşdə də məğlub olarsa və “Beşiktaş” klubu onun əksinə qalib gələrsə, Konfrans Liqasına “qara qartallar” gedəcəklər. Amma bu mövsüm uğursuz çıxışları ilə diqqət mərkəzinə düşən hazırda baş məşqçi postu boş qalan “Beşiktaş” klubunun son iki görüşdə qalib gəlməsi ehtimalı çox aşağıdır. 36 görüşün 19-da qalib gələn, dörd dəfə heç-heçə edən və 13 dəfə məğlub olan “Trabzonspor” klubunun “Başakşəhər”lə görüşdə məğlub olması ehtimalı isə elə də inandırıcı deyil.

Qeyd edək ki, Türkiyə Superliqasının ilk iki pilləsində qərarlaşan komandalar UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək hüququna yiyələnirlər. 3-cü sırada qərarlaşan komanda UEFA Avropa Liqasında, 4-cü pillədəki klub isə UEFA Konfrans Liqasının təsnifat mərhələsində çıxış etmə şansı əldə edir.

Anar Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
24
oxu.az

10Mənbələr