AZ

“Bir neçə aydan sonra münaqişə dondurula bilər” – “2025-ci ilə girərkən Rusiya üçün yaranmış pəncərə bağlanacaq”

Rusiyanın Xarkov istiqamətindəki hücum əməliyyatları müəyyən qədər uğurlu olsa da, bunun müharibənin ümumi mənzərəsinə ciddi təsir edəcəyini düşünənlər çox deyil. Artıq müharibənin bütün birbaşa və dolayı iştirakçıları bu münaqişənin dalana dirəndiyi və onun gec-tez danışıqlar masası arxasında bitirilməli olduğu ilə barışmağa məcburdurlar.

“AzPolitika” xəbər verir ki, “The New York Times” nəşri bu mövzuyla bağlı məqaləsində ABŞ administrasiyasındakı mənbələrinə istinadla yazıb ki, Ağ Ev Ukraynada “Koreya variantı”nın təkrarlanmasının mümkünlüyü üzərində düşünür. Qəzetə anonimlik şərti ilə müsahibə verən rəsmilərdən biri deyib ki, hər iki tərəf, nəhayət, danışıqlar yolu ilə atəşkəsə keçə və Koreya ssenarisi üzrə müharibəni dondura bilər: "Bayden administrasiyası daxilində anlayış var ki, növbəti bir neçə ay həlledici ola bilər, çünki, nəhayət, hər iki tərəf 1953-cü ildə Koreyada aktiv hərbi əməliyyatları bitirən atəşkəsə bənzər bir atəşkəsə və ya dondurulmuş münaqişəyə keçə bilər".

Qeyd olunur ki, Rusiya qoşunları ölkənin ikinci böyük şəhəri olan Xarkov yaxınlığında yeni hücuma keçərək, Ukraynanın onsuz da tükənmiş qoşunlarını yayındırmağa çalışır. Vaşinqtonda Ukraynaya silah və sursat verib-verilməməsi ilə bağlı aylarla davam edən müzakirələr isə Rusiyanın açıq-aşkar istifadə etdiyi boşluq yaradıb.

ABŞ rəsmiləri deyiblər ki, Co Bayden Fransa Prezidenti Emmanuel Makronun Qərbin Ukraynaya qoşun yeritməsinin zəruri ola biləcəyi ilə bağlı təklifini rədd etməkdə davam edir.

Yazının müəllifləri isə qeyd edirlər ki, Amerika təchizatındakı gecikmə Ukraynanın səfərbərliyi gecikdirməsi ilə müşayiət olundu və bu da Ukrayna ordusunu zəiflətdi. Bununla yanaşı, bildirilir ki, Rusiyanın bütün bu üstünlükləri sonsuza qədər davam etməyəcək. Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya üzrə eksperti Maykl Kofman bildirib ki, rus ordusu böyük ehtimalla yayda böyük hücuma keçəcək: “2024-cü ildə Rusiya ordusunun maddi üstünlüyü və strateji təşəbbüsü olacaq, baxmayaraq ki, bu, həlledici olmaya bilər... Bu il Rusiya üçün fürsət pəncərəsidir. Lakin Rusiya hərbçiləri bu üstünlüyü döyüş meydanında qələbəyə çevirə bilməsələr, böyük ehtimalla, 2025-ci ilə girdiyimiz zaman bu pəncərə bağlanacaq”.

C.Məmmədov

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azpolitika.info

1Mənbələr