AZ

"Zəngəzur dəhlizi ilə bağlı qarşımıza qəbulolunmaz şərtlər qoyurlar" - Abutalıb Səmədov

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı bildirdi ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb.

Paşinyan əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayıb.

Paşinyanın bu dəfəki çıxışında nə qədər səmimidir? Sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dəyişikliklər görəcəyikmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov söylədi ki, Paşinyan da, xarici işlər naziri Ararat Mirzoyan da bu bəyanatlarında səmimi deyillər:

"Almatada xarici işlər nazirlərinin görüşü keçirildi, iki gün davam etdi, çox böyük ümidlər var idi. Ancaq görüş başlamamış Mirozyan bəyanat verdi ki, onların mövqeyi Qranadada imzalanan bəyanatda nəzərdə tutulandır. O mövqeni ki, Azərbaycan onu qəbul etmir. Həmin üç prinsipi yenidən təkrar etdi və sülh sazişinin imzalanmasına mane olan əsas məsələlərdən biri də həmin prinsipdir ki, ermənilər bunu qəbul etdirmək istəyirlər. Nə qədər ki, Ermənistan bu cür qeyr-konstruktiv mövqe tutmaqda davam edəcək, təbii ki, sülh sazişinin imzalanması da çətin olacaq. Baxmayaraq ki, həm Mirzoyan, həm də Paşinyan kifayət qədər nikbin bəyanatlar verirlər. Misal üçün, onlar tələb edirlər ki, 1991-ci il Alma-Ata bəyannaməsi delimitasiya və demarkasiya işində əsas götürülsün. Azərbaycan Prezidenti və Azərbaycan tərəfi izah edir ki, Alma-Ata bəyannaməsində yazılıb ki, inzibati sərhədlər dövlət sərhədlərinə çevrilməlidir. Ancaq Azərbaycanla Ermənistan arasında müəyyən hissələrdə heç inzibati sərhədlər də yoxdur, xüsusilə dağlıq ərazidə. Bunu nə qədər izah etmək olar ki, Alma-Ata bəyannaməsi əsasında delimitasiya işlərini aparmaq mümkünsüzdür? Digər xəritələr də nəzərə alınmalıdır, yaxud Zəngəzur dəhlizi ilə bağlı qarşımıza qəbulolunmaz şərtlər qoyurlar. Kommunikasiyalar bərabərlik, qarşılıqlılıq prinsipləri əsasında, dövlətlərin suverenliyini və yurisdiksiyasını nəzərə almaqla açılmalıdır. Azərbaycan izah edir, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistandan Çinə gedən kommunikasiyanın statusu eyni ola bilməz. Burada bərabərlik prinsipi gözlənilə bilməz və Azərbaycanın bir hissəsindən digər hissəsinə çəkilən kommunikasiyalarda fərqli yanaşma olmalıdır. Bu, ədalətli mövqedir, ancaq hələ ermənilərə, Ermənistan hakimiyyətinə başa sala bilməmişik. Nə qədər ki, başa sala bilməmişik, nə qədər ki, onlar başa düşməməkdə israr edirlər, təbiidir ki, sülh sazişinin imzalanması da bir o qədər ləngiyəcək".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
redaktor.az

1Mənbələr