AZ

Astarada oğul atasına xəsarət yetirdi —TƏFƏRRÜAT

Astara rayonunda 2001-ci il təvəllüdlü Elgün ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Əlifə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun Sərək kəndində baş verib. Elgün yaşadıqları evin həyətində aralarında baş verən mübahisə zamanı atası Əlifin yaxasından tutaraq onu evin divarına qəsdən çırpıb. 

Hadisəni törədən Elgünün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elgün ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fəhləliklə məşğul olmağı atası Əlifi qane etmir, bu səbəbdən də dəfələrlə aralarında mübahisə və narazılıq yaranır: “Hadisə günü nahardan sonra idarə etdiyim “Vaz-2107 “ markalı avtomaşınla kəndin mərkəzinə getdim. Təxminən saat 17:30-da evə qayıdanda ata evin qarşısında həyətdə “yolda niyə maşını saxlamadın, məni götürmədin, telefonu da açmadın” deyə bildirdi. Dedim ki, səni görməmişəm, telefonun da səsin eşitməmişəm. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı atamın yaxasından yapışdım. Onu evin divarına çırpdım. Atamın üz nahiyəsi divarda olan mişar daşın bucağına dəyərək göz nahiyəsindən xəsarət aldı. Səs-küya anam evdən həyətə düşdü. Anam əsəbləşdi. Anam həm mənim, hətta özünün da atam tərəfindən döyülməyimiz barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi. Həqiqətdə atam nə məni, nə də ki, anamı döyməyib. Bizə hər hansı bir xəsarət yetirməyib”. 

İş üzrə zərərçəkmiş Əlifin sözlərinə görə, oğlu Elgün heç bir yerdə işləmir, hər hansı bir faydalı əməklə məşğul olmur: “Dəfələrlə ona bu barədə deməyimə baxmayaraq, o heç bir nəticə çıxarmır və məni valideyn kimi saymır. Hadisə günü, saat 16 radələrində kənd mərkəzinə mağazaya gedərkən Elgün idarə etdiyi maşınla yanımdan ötərək məni götürmədi. Ona telefonla zəng etdim. Amma telefonu açmadı.Evə qayıdandan sonra təxminən saat 17:30-da evin qarşısında həyətdə olduğum vaxt Elgünə “niyə maşını saxlamadın məni götürmədin, telefonu da açmadın” deyə bildirdi. O da “səni görməmişəm, telefonun da səsin eşitməmişəm” deyə cavab verməsi səbəbdən də aramızda baş verən mübahisə zamanı Elgün  yaxamdan yapışdı. Məni evin divarına qəsdən çırpdı. Üz nahiyəm divarda olan mişar daşın bucağına dəyərək göz nahiyəmdən xəsarət aldım”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elgünün barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
demokrat.az

1Mənbələr