AZ

Fərid Soltanov: Azərbaycanın dekolonizasiya istiqamətində atdığı addımlar neokolonializmdən əziyyət çəkən dövlətlərdə böyük inam yaradıb

Azərbaycanın dekolonizasiya istiqamətində son illər atdığı addımlar müstəmləkəçilikdən azad olmağa çalışan xalqlarda, eləcə də müstəqillik əldə etsələr də, hələ də neokolonializmdən əziyyət çəkən dövlətlərdə, Fransanın dənizaşırı ərazilərində böyük inam yaradıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin əməkdaşı Fərid Soltanov BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün regional tədbirində çıxışı zamanı deyib.

F.Soltanov Azərbaycanın 2019-2023-cü illərdə sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatında (QH) fəal iştirakı və verdiyi töhfələrdən söz açıb. Bu xüsusda ölkəmizin hərəkata sədrliyi çərçivəsində çoxtərəflilik prinsiplərini təşviq etdiyini, habelə QH çərçivəsində Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasının təşəbbüskarı olduğunu xatırladıb: "Azərbaycan QH-yə sədrliyi qəbul edərkən öz prioritet və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını bəyan etmişdir. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin konfrans iştirakçıları qeyd etmişdilər ki, xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürüb: "Dövlətimiz dünya ictimaiyyətini məcburi assimilyasiyaya aparan belə bir iyrənc, xüsusilə də Fransanın dənizaşırı regionlarında neokolonializm təcrübəsinə göz yummamağa çağırdı və neokolonializmə qarşı yeni bir dalğa başlatdı".

O qeyd edib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 2023-cü il 6 iyul tarixində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” adlı beynəlxalq konfrans təşkil edilib. Bu tədbirin yekunu kimi qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərdə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirilməsi və gücləndirilməsi qərara alınıb.

F.Soltanov Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini təşviq etməsi keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb”, - o əlavə edib.

Azərbaycan rəsmisi xatırladıb ki, kolonializmə qarşı institusional və nəticəyönümlü mübarizə aparmaq məqsədilə QH-nin Bakıda keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı beynəlxalq QHT yaradılıb. Azərbaycan dövlətinin dekolonizasiya sahəsində siyasəti nəticəsində kolonializm və neokolonializmin ağır fəsadları, müstəmləkə altında yaşayan xalqların fundamental hüquqlarının kobud pozuntuları, insanların azadlıqlarının məqsədli şəkildə məhdudlaşdırılması, məqsədyönlü assimilyasiya siyasəti dünya ictimaiyyətinə çatdırılır, BMT, Qoşulmama hərəkatı və s. tribunalarında danışılır.

"Yarandığı 10 ay ərzində BTQ 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Onlardan 3-cü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Azərbaycan paytaxtı Bakı şəhərində təşkil olunub. Eyni zamanda, BTQ bu ilin 25 mart tarixində xüsusi qonaq qismində Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin 3-cü Konfransında iştirak edib", - o bildirib.

F.Soltanov Azərbaycan Prezidentinin BTQ-nin 2023-cü ilin oktyabr və noyabr aylarında “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzularında təşkil etdiyi konfrans iştirakçılarına ünvanladığı müraciətlərə istinad edərək onların BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayıldığını diqqətə çatdırıb. O, C24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri kolonializm və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edib: "Yekunda C-24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri kolonializm və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edirəm. Azərbaycan C-24 Komitəsinin növbəti iclasına ev sahibliyi etməyə hazırdır".

Qeyd edək ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün iclasına qatılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
11
report.az

10Mənbələr