AZ

Misir rəsmisi Xufu ehramının ətrafında böyük kəşf xəbərlərini təkzib edib

Misir

Bakı, 15 may, AZƏRTAC

Qədim Misir ehramlarının yerləşdiyi Giza Yaylası İdarəsinin baş direktoru Əşrəf Mohi El-Din jurnalistlərə bildirib ki, Böyük Xufu ehramına bitişik ərazidə böyük kəşflərin edildiyi iddiası həqiqətəuyğun deyil.

AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Misir rəsmisinin sözlərinə görə, Vaseda Universitetinin himayəsi altında Yaponiyanın arxeoloji missiyası əvvəlki qazıntı mövsümündə (2022-2023-cü illər) yerin təkinə nüfuz edən radar tədqiqatı aparıb. O əlavə edib ki, Misirin Qədim Əsərlər Daimi Komitəsi tərəfindən təsdiqlənmiş bu araşdırma Giza ehramları ərazisindəki qərb qəbiristanlığında baş tutub.

Mohi El-Din qeyd edib ki, 2023-cü ilin aprelində aparılan radar tədqiqatı zamanı təbiəti və məzmunu naməlum olan, habelə artefaktlardan ibarət yeraltı boşluq aşkar edilib. Beləliklə, bu boşluğun yerində qazıntılar aparmaq üçün birgə Misir-Yapon arxeoloji missiyası fəaliyyətə başlayıb.

Misir rəsmisi bildirib ki, missiya bu günlərdə fəal şəkildə qazıntı işləri ilə məşğuldur, lakin ərazidə yeni arxeoloji kəşflər olmayıb. O qeyd edib ki, missiya başa çatdıqdan sonra qazıntı işlərinin nəticələrindən asılı olmayaraq, hökumətə ətraflı hesabat təqdim ediləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
azertag.az

1Mənbələr