AZ

Ançelotti Modriçlə Kroosun “Real”dakı gələcəyi haqda danışdı

“Real” baş məşqçisi Karlo Ançelotti müqavilələri yayda başa çatacaq yarımmüdafiəçiləri – Toni Kroos və Luka Modriçin gələcəyi haqda danışıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə İspaniya La Liqasının 36-cı turunda “Alves” üzərində 5:0 hesablı ev qələbəsindən sonra keçirilmiş mətbuat konfransında söhbət açıb:

“Klub Çempionlar Liqasının finalından sonra Kroos və Modriçlə danışacaq. Mən onların qalmasını istəyirəm. Düşünürəm ki, Kroos “Qızıl top”a layiqdir, amma bunun baş verəcəyini düşünmürəm. Amma bəlkə Çempionlar Liqasını və AÇ-2024-ü qazansa, niyə də olmasın?”, deyə Ançelotti bildirib.

Kroos və Modriçin karyerası rəqəmlərin gözü ilə

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 43 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 531 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 174 oyuna çıxıb, 24 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Toni Kroos isə “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 46 oyuna 1 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 463 oyun, 28 qol, 98 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub yarışlarında dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 21 qəniməti var.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
arena.az

1Mənbələr