AZ

Bazarda qiymətlərin aşağı düşməsi gözlənilir? –AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar–aprel aylarında ölkədə istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 faiz, qeyri-qida məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 102,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 102 faiz olub.

Hazırda bazarlarda ərzaq və ya qeyri-ərzaq məhsullarının qiymətindəki mövcud vəziyyət ilə son açıqlanan inflyasiya rəqəmləri arasında təzad var. Bəs yaxın zamanda qiymətlərin aşağı düşəcəyi gözlənilirmi?

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı alim Vüsalə Əhmədova bildirib ki, turizm mövsümü yaxınlaşdıqca, tələbdəki artıma bağlı olaraq qiymətlərdə də yüksəlmə yaşanacaq:

“Əksər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə nəzər yetirsək, kifayət qədər artım müşahidə olunur. Məsələn, düyü, qarabaşaq, makaron məmulatları, kolbasa məmulatları, mal əti, qoyun əti və toyuq əti, yumurta, bitki yağları, un və un məmulatları, pomidor, soğan, sarımsaq, şəkər və şəkər tozu, müxtəlif qənnadı məmulatları, qəhvə və çayın qiyməti bahalanıb. Qeyri-ərzaq məhsullarında da həmçinin, benzinin, mebellərin, məişət cihazlarının, yuyuсu vasitələrin və gigiyenik vasitələrin qiymətlərində bahalanma müşahidə olunur. Xidmət sektoruna nəzər yetirsək, turizm, təhsil, səhiyyə, icarə və sərnişindaşıma xidmətlərində bahalanma mövcuddur. Qiymətləri azalan mallarla müqayisədə qiymətləri artan malların çəkisini göstərən “diffuziya indeksi” xidmət sektoru üçün hesablandıqda tarixi orta göstəricini üstələyir. Araşdırmalarımız göstərir ki, hazırda ölkədə illik inflyasiya səviyyəsi 25-38% ətrafındadır. Ərzaq məhsullarında bu göstərici 40%-dən yüksəkdir. Bununla yanaşı, inflyasiya artan xətlə inkişafdadır. Uzun müddət ərzində tələbin təklifdən daha sürətli inkişafı inflyasiya üçün əhəmiyyətli risk yaradır. Yaxın müddətli dinamikanı daha yaxşı başa düşmək üçün aylıq və ya rüblük və ya mövsümi düzəliş edilmiş inflyasiya məlumatlarını təkrar araşdırmaq tələb olunur”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
banco.az

1Mənbələr