AZ

Tələbə və gənclər dövlət qulluğu siyasətinin əsas strategiyaları haqqında maarifləndiriliblər

Quba, 15 may, Elxan Yusifli, AZƏRTAC

Qubada tələbə və gənclər Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları, formaları və dövlət qulluğu siyasətinin əsas strategiyaları barəsində maarifləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM), DİM-nin Xaçmaz Regional bölməsinin birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialında keçirilən “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda tədbirdə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu imtahanlarının tarixi və iştirak qaydaları barədə ətraflı məlumat verilib.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev filialda aparılan kadr siyasəti haqqında və dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

DİM-in Xaçmaz Regional bölməsinin müdiri Faiq Nadirsoy son dövrlər regionda gənclərin dövlət qulluğu sahəsində keçirilən imtahanlarda iştirak dinamikasına diqqət çəkib, DİM-nin fəaliyyətində səmərəliliyin artırılması istiqamətində həm Bakıda, həm də şimal rayonlarında görülən işləri qeyd edib.

Sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğu sahəsində son bir ildə həyata keçirilən yeniliklər, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, bu istiqamətdə əvvəl və sonrakı ənənələr, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri haqqında geniş məlumat verib.

Tədbir iştirakçılarına Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları, formaları və dövlət qulluğu siyasətinin əsas strategiyaları barədə bukletlər təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
azertag.az

1Mənbələr