AZ

Matsuo Başounun 380 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib

Matsuo

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yapon ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Matsuo Başounun 380 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən şöbə müdiri professor Bədirxan Əhmədli yapon ədəbiyyatının Azərbaycan cəmiyyəti üçün yeni və yad olmadığını bildirib. O, yapon poeziyası ilə tanışlığın XX əsrin ikinci yarısından etibarən başlandığını deyib: “Xalq yazıçısı Elçinin 1975-ci ildən etibarən rus dili vasitəsilə etdiyi tərcümələr, nəzəri aspektdə yazıları ilə hayku şeiri Azərbaycanın oxucu auditoriyasına təqdim olunub. Eyni zamanda, Xalq şairləri Rəsul Rza və Cabir Novruzun tərcümə etdikləri yapon poeziya nümunələri vaxtaşırı “Ədəbiyyat” qəzetinin səhifələrində öz əksini tapıb. Zəngin və qədim ənənələrə malik yapon şeri özünəməxsus estetik və sənət dəyərlərinə malikdir”.

Şöbənin əməkdaşı, Azərbaycan ədəbiyyatşünaslığında ilk və yeganə mütəxəssis olaraq yapon ədəbiyyatı sahəsində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Gülnar Yunusova Matsuo Başounun həyat və yaradıcılıq yolunu əhatə edən məruzə ilə çıxış edib. “Başounun mindən artıq şeiri günümüzə qədər gəlib çatıb. Onun öz yazdığı haykay (hokku) şeirləri və haykay renqa toplularına töhfə üçün yazdığı şeirlər bir-birindən olduqca fərqlidir. Başounun haykaylarında fərdi müşahidələr çox kəskindir. O, köhnə bir göl, Sado sahillərindəki coşqun dalğalar, qədim döyüş ərazilərində böyüyən yaz çiçəkləri haqqında şeirlər yazıb. Şair “şofou” adı ilə tanınan öz üslubunu formalaşdırıb ki, bu üslub da müstəqilləşərək hokku, sonradan isə hayku adını alıb. Başou təbii səslərə və onların şeirdə yaratdığı əks-sədaya çox önəm verib, incə zəkası ilə təbiətdəki səslərin təbii halını pozmadan onları poetik qəliblərə salmağı bacarıb”, - deyə alim bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
azertag.az

2Mənbələr