AZ

Tanınmış ilahiyyatçı: "Məzarlıqlara dörd tərəfdən kameralar qoyulmalıdır" 

"İndi elə ediblər ki, qəbiristanlığa girəndə elə bil məşhur "Tarqovıy" küçəsinə girirsən. Daşları bəzəyiblər, hətta, məzarın üstündə otaq tikib yorğan - döşək qoyanlar da var. Kreslo, divan, çilçıraq və cürbəcür əşyalar qoyurlar. Bu, düzgün deyil, bunun qarşısını qurumlar almalıdır".

Bunu Referans.az-a açıqlamasında məşhur ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, bu pis ənənədir. Əgər qarşısı alınmasa, gələcəkdə problemə çevriləcək və oğurluq kimi hallar artacaq:

"Qəbristanlıqda oğurluq halları olur bəzən. Tutaq ki, kimsə məişət əşyası aparıb qoyur, onu oğurlayırlar. Ya da halallıq almadan aparıb işlədirlər, sonra da aparırlar. Əlacları olsa qəbir daşlarını da oğurlayarlar. Bunun üçün ancaq aidiyyatı qurumlar nəzarəti gücləndirməlidir, məzarlıqların qoruqçusu, nəzarətçisi olmalıdır. Pul alıb qəbir yeri satırlar, sonra da qorumurlar. Ümumiyyətlə oğurluq böyük günahdır. Fərq etməz nə olur olsun oğurluq cinayətdir həm də. Xüsusən də məzarlıqdan nəsə oğurlamaq heç cür əndazəyə sığmır".

İlahiyyatçı bildirib ki, məzarlıqlara dörd tərəfdən kameralar qoyulmalıdır:

"Keçən dəfə bir məzarın üstündə kamera gördüm, qınadım ki, bu nəyə lazımdır. Ancaq indi bu qədər oğurluğu görüb düşünürəm ki, kamera olsa yaxşıdır. Ancaq bir şey də var ki, insanlar da məzarlıqları təmtəraqlı, bahalı daşlar və digər əşyalarla bəzəməməlidir. Qəbristanlıq insanlara dünyanı yox, axirəti xatırlatmalıdır. Ona görə standart qəbir daşları olmalı, hər kəsə standart yer ayrılmalıdır".

Tural İrfan qəbiristanlıqlarda tez-tez kameralara düşən ruh görüntülərindən də söz açıb:

"Bəzən videolar paylaşılır ruhların görüntüsü haqda. Ümumiyyətlə, ruh haqda heç Quranda belə ətraflı məlumat verilmir. Ruh mücərrəd varlıqdır. Keyfiyyəti, kəmiyyəti, mahiyyəti haqda heç filosoflar belə qəti fikir söyləyə bilməyiblər. Hətta, bəziləri ruhun ümumiyyətlə varlığına şübhə ediblər. Fəqət ruh müqəddəs kitablarda təsdiq edilir. Ancaq o cism olmadığı üçün onun videoya düşməsi, yaxud gözlə görünməsi ağıla batan deyil. Dünyanın fiziki qanunları buna imkan vermir. Bununla yanaşı cinlərin görünə biləcəkləri qeyd edilir. Olsun ki, video kameralara düşən varlıqlar cinlərdir, sadəcə bəziləri onların ruh olduğunu zənn edir. Cinlər haqda Quranda ayələr, surə var. Onlar cildə düşə bilirlər. Ola bilər məzarlıqda cinlər olsun. Ruh məzarlıqda olmur. İnsana öləndən sonra ruh xüsusi bir aləmə inteqrasiyası edir. Məzarlıqlar ruhların deyil, cəsədlərin yatdığı məkandır. Ruhlar ilahi dərgahdadır. Bəzi alimlər qeyd edir ki, ruhlar aləmindədirlər və onlara azadlıq verilmir. Ancaq bəziləri də mömin adamların ruhlarının həftədə bir neçə dəfə azad olduqlarını qeyd edirlər və əsasən də Cümə axşamı günü ölülər üçün daha çox dua edib, Quran oxumağı lazım bilirlər. Hər bir halda kameraya düşən varlıqlar bəzən saxta da olur. Texniki cəhətdən düzüb qoşma da ola bilir. Lakin real olanlar isə mütləq şəkildə cinlərdir. Cin hətta ölmüş adamın cildinə də girə bilir. Ola bilər bu yanıldır insanları".

Qeyd edək ki, "Bakıxanov” qəbiristanlığı ərazisində 16 kamera quraşdırılacağı ilə bağlı xəbər yayımlanıb.

Bildirilib ki, giriş hissədə isə qəbiristanlığın iş qrafiki barədə lövhə yerləşdiriləcək. Sözügedən işlərin bu ayın sonuna kimi yekunlaşacağı qeyd olunub.

Qəbiristanlıqlarda kameraların quraşdırılmasının baş verəcək oğurluq hallarının qarşısını alacağı qeyd edilir.

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
referans.az

1Mənbələr