AZ

"ABŞ Gürcüstanla münasibətlərə yenidən baxacaq" - Vaşinqton Tblisini hədələyir

Dünən müxalifətin və vətəndaş cəmiyyətinin kütləvi etirazlarına baxmayaraq, Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü, sonuncu oxunuşda qəbul edib.

“AzPolitika” xəbər verir ki, sənədin lehinə 150 deputatdan 84-ü – qanun layihəsinin təşəbbüskarı olan "Gürcü arzusu"nun nümayəndələri və onların müttəfiqləri səs verib. 30 deputat əleyhinə səs verib. Qərardan əvvəl gedən müzakirə zamanı deputatlar arasında dava düşüb.

Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl qanun layihəsi parlamentdə qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Bununla belə, "Gürcü arzusu" prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsə malikdir.

Bundan sonra da prezident qanunu imzalamazsa, onu parlamentin sədri imzalaya bilər və dərc olunar.

Qanun imzalanarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizindən çoxunu xaricdən alırlarsa, "xarici agent" kimi qeydiyyatdan keçmələri tələb ediləcək. Layihənin təşəbbüskarları bildirirlər ki, bu qanun Gürcüstanı etiraz aksiyalarının, radikal partiyaların və təbliğat mediasının xaricdən maliyyələşdirilməsindən qorumaq üçün lazımdır. Qanunun pozulması ağır cərimə ilə nəticələnəcək. Müəlliflər bildirirlər ki, onlar Rusiyanın deyil, Amerika qanunvericiliyinin normalarını götürüblər.

Müxalifət, xüsusən də həbsdə olan Mixeil Saakaşvilinin Vahid Milli Hərəkatının tərəfdarları hesab edirlər ki, bu sənəd vətəndaş cəmiyyətinə qarşı repressiyaları qanuniləşdirəcək, Gürcüstanın Qərbdən üz döndərməsinə gətirib çıxaracaq.

Dekabrda Gürcüstana Avropa blokuna namizəd ölkə statusu verən Avropa İttifaqı (Aİ) bu qanunun qəbulunun onun dəyərlərinə uyğun olmadığını və həmin ölkənin bu birliyə üzvlüyünü təhlükə altına atacağını bildirib.

Qanunun qəbul olunmasına Birləşmiş Ştatlar kəskin reaksiya verib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib ki, "Xarici agentlər" haqqında qanunun qəbulu qətiləşərsə, Vaşinqton Gürcüstanla münasibətlərə əsaslı şəkildə yenidən baxa bilər.

"Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftəsonu Gürcüstan tarixindəki ən böyük etirazların bəzilərini gördük.Bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - Ağ Evin mətbuat katibi bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
azpolitika.info

10Mənbələr