AZ

Baş məşqçi: Reytinqli yarışda iddialı komandalarla mübarizə aparmağa hazırıq

Bakı, 15 may, AZƏRTAC

“Mayın 1-dən Qızıl Avropa Liqasının hazırlıqlarına başlamışıq. Zamanımızın az olmasına baxmayaraq, əlimizdən gələni etməyə çalışırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, təlim-məşq toplanışının əsas məqsədi oyunçuları formada saxlamaqdır: “Onları fiziki olaraq çox yükləməyəcəyik. Qarşıda bizi 6 oyun gözləyir. Həmin görüşlərə fiziki və texniki baxımdan hazırlıqlı çıxmaq istəyirik. Komandamız demək olar ki, gənclərdən ibarətdir. Ötənilki kollektivdən artıq 7-8 voleybolçu öz karyeralarını bitiriblər. Bəziləri məşqçi, bəziləri isə digər sahələrdə özlərini sınamaq qərarına gəldilər. Ona görə bu dəfə gənclərə üstünlük verdik. Onların təcrübələrini artırmaq niyyətindəyik. Azərbaycan klublarında çıxış edən gəncləri bir araya toplayaraq komanda yaratdıq. Yığmada 4-5 təcrübəli oyunçu saxlamışıq. Azərbaycan Voleybol Federasiyasının “gəncləşmə” siyasətinə əməl edirik”.

O, millinin turnirdəki şanslarını da dəyərləndirib: “Bu vaxta kimi Gümüş Avropa Liqasında bacarığımızı nümayiş etdirmişik. Lakin bu dəfə daha reytinqli yarışda gücümüzü sınayacağıq. Buradakı komandaların səviyyəsi daha yüksəkdir. Rəqiblərimiz də olduqca güclüdür. Amma biz də mübarizə aparmağa hazırıq”.

Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azertag.az

1Mənbələr