AZ

Rövşən Nəcəf və başqalarının "Boz bina"da verdiyi AĞ QƏRARLAR

13 may saat 15:00-da bütün futbol ictimaiyyətinin diqqəti AFFA-da idi.

Belə ki, federasiya prezidenti Rövşən Nəcəf və yeni komandası ilk dəfə bir araya gəlirdi.

Adətən "boz bina"da baş tutan belə tədbirlər qısa çəkər, qərarlar da sürətlə yayılardı.

Bu dəfə tam fərqli mənzərə ilə üz-üzə qaldıq.

Yeni qərarların necə olacağı öncədən kimsəyə bəlli deyildi.

İrəli sürülən iddialar isə şəxsi təxəyyülün məhsulu idi.

Belədə narahatlıq, səbrsiz davranış anlaşılan idi.

Tədbirdə alınan qərarlardan yalnız 4 saatlıq gözləmədən sonra xəbər tuta bildik.

İlk başdan onu deyim ki, AFFA İcraiyyə Komitəsinin 4 saatlıq ilk iclasında verilən bütün qərarlara sevindim.

Rövşən Nəcəf hakimiyyətə gəldiyi gündən barəsində bir cümlə də yazdığımı xatırlamıram. Səbəb ümidsiz olmağım(dır) idi. Ortada "Neftçi" nümunəsi var.

Ən pis halda İK-nın ilk yığıncağını gözləmək şərt idi.

Məncə, dəydi. Gələcəkdə nələr olacaq, nələr yaşanacaq demək çətindir, amma İK-nın son iclasında yaşananlar ümid verdi.

Ən azı yığıncaq alışdığımız kimi yolaverdi keçmədi, formal xarakter daşımadı.

İclas boyu hər birimizi "görəsən necə oldu", "Maraqlıdır, nədən danışırlar" kimi suallar tək buraxmadı.

Şəxsən mənə zəng edib, mesaj yazıb xəbər almaq istəyən çox sayda həmkar, dost-tanış oldu. Elə özüm də dostları az narahat etmədim.

Gələk qərarlara...

Klub sayının artırılmasına olan cəhdlər puç çıxdı. Məndən çox bu ölkədə klub sayının, liqaların çox olmasını istəyən az adam tapılar. Hər zaman da bu yolda mübarizə aparmışam. Amma bu gün Premyer Liqa təmsilçiləri "Araz Naxçıvan" və "Kəpəz" "Qarabağ"ın meydanında ev oyunu keçirirsə, Birinci Liqanın hazırkı lideri "Qaradağ Lökbatan" indidən buna cəhd edirsə, deməli, say artımı hələ tezdir. Bu məsələdə populizmə yer yoxdur!

Zamanı liqaların səviyyəsini qaldırmağa, infrastrukturu qurmağa xərcləmək daha məqsədəuyğun olar.

Legioner limitinin artırılması ilə bağlı arzular ən azı bir mövsümlük "suya düşdü". Ümid edirəm ki, növbəti mövsüm də qərar dəyişməz. Bura Azərbaycan çempionatıdır. Azərbaycanlı balaların önünü hər fürsətdə limitlə kəsmək/boğmaq olmaz. Səviyyələri aşağıdır? Olsun! Guya hamımız öz sahəmizdə işləməyi haqq edirik? Kriteriyalara cavab verməyə qalsa, gərək əksəriyyətimiz peşəmizi dəyişək. Digər tərəfdəndən də oynamasalar necə inkaf edəcəklər?

Hə, yeganə üzücü məqam "Qəbələ"nin növbəti mövsüm Premyer Liqada olmayacağının rəsmiləşməsi oldu.

Amma idman prinsiplərinin qorunmasına görə, üzülməyə də dəyər. Hər bir halda reqlament toxunulmaz saxlanılmalıdır. Klubların taleyinə bizim hislərimiz yox, idman prinsipləri aydınlıq gətirməlidir.

Bu gün Premyer Liqadan Region Liqasına kimi bütün turnirlərdə olan gərgin mübarizənin kökündə məhz həmin reqlament durur.

Bu, son illər Azərbaycan futbolunun başına gələn ən gözəl hadisədir. Sayğı duyaq...

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
sportinfo.az

1Mənbələr