AZ

Paşinyan da Sarkisyanın səhvini edərsə... – Politoloq

İrəvanda keçirilən “Vətən naminə Tavuş” aksiyasının gedişatında bir sıra məqamlar diqqət çəkməkdədir. Aksiyanın ötən günlərə nisbətən səhər saatlarında başlamaması və günün ikinci yarısına planlaşdırılması bir qədər zəifliklə müşahidə edilə bilərmi?

Herbiand.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Turan Rzayev bildirdi ki, aksiya ruhunun davamlı saxlanılması üçün və insanların davamlı cəlb edilməsi üçün bu tipli gedişlərin edilməsi normaldır:

“Aksiyaların vaxtının dəyişdirilməsinin ümumi mənada aksiyaların səngiməsinə heç bir aidiyyəti yoxdur. Mümkündür ki, aksiyalar bir qədər fasilə verə bilər. Bu da insanların davamlı surətdə aksiyalara gətirilməsi, onların gündəlik həyatına və iş proseslərinə mane ola bilməməsi ilə bağlıdır. Amma ümumi mənada aksiyalar Ermənistanda 10 gündən artıq davam edir və bu çox ciddi bir müddətdir. Paşinyan hər nə qədər prosesi ciddiyə almasa da, keşiş Baqratın liderliyi ilə keçirilən aksiyalar ciddi problem halına gəlib. Xüsusilə də dini motiv əsasında icra edilir. Yəni kilsənin dəstəyini alıbdır. Ola bilər ki, bu ilkin mənada Baqrat və tərəfdarlarının gücünü sınamaq üçün də olsun. Yəni aksiyalar bir qədər səngisin. Amma yenidən başlama ehtimalları da yüksəkdir”.

Politoloqun sözlərinə görə, bu günə qədər Paşinyanın qarşısına çıxan bütün rəqiblərinə nəzərən Baqrat daha effektiv və təsirlidir:

“Paşinyan vaxtında bu şəxsin qarşısını almasa, hətta proseslər 2018-ci ildə onun hakimiyyətə gəlməsi fonunda baş verən aksiyalara dönüşə və Paşinyan gəldiyi kimi postunu tərk edə bilər. Yəni bu ssenarinin yenidən gerçəkləşməməsi üçün Paşinyan indidən qabaqlayıcı addımlar atmalıdır. Unutmamaq lazımdır ki, Serj Sarkisyan da bir zamanlar hakimiyyətdən getməyəcəyini düşünürdü. Lakin onu hakimiyyətdən uzaqlaşdıran bəsit bir jurnalist, yəni Nikol Paşinyan olub. Eyni qayda Paşinyan üçün də keçərli ola bilər. Bəsit bir keşiş onu vəzifəsindən uzaqlaşdırar. O zaman ki, Paşinyan da Sarkisyanın səhvini edərsə, prosesləri gözardı edib müdaxilə etməməsi nəticə etibarilə onun hakimiyyətdən getməsinə gətirib çıxara bilər. Amma ümumi mənada aksiya vaxtlarının dəyişdirilməsi proseslərin ümumi seyrindən asılı deyil. Sadəcə aksiya iştirakçılarının davamlılığını təmin etmək və onları gündəlik həyatlarının davam etməsinə mane olmamaq üçün atılan bir addım ola bilər”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
herbiand.az

1Mənbələr