AZ

Şuşa yenidən dirçəlir

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir Şanlı Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən sonra əziz Şuşamızın qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın taçı Şuşada qeyd edilməsi də xalqımız üçün əlamətdar bir hadisə oldu. Heydər Əliyev deyəndə gözlərimiz önündə böyük azərbaycanlı, siyasi lider, dövlət xadimi, dünya miqyasında tanınan bir şəxsiyyət, Azərbaycanın müstəqilliyini xilas edən bir dövlət adamının portreti canlanır. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.Məhz Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən cənab İlham Əliyevin məqsədönlü fəaliyyəti nəticəsində Qarabağ problemi öz ədalətli həllini tapdı.

Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. 30 ilə yaxın Ermənistan tərəfindən işğal dövründə viran qoyulan, daşı-daş üstündə qalmayan ərazilərimizi, yaşayış məntəqələrimiz artıq bərpa edilir. Məhz Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edilib. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlət başçısı İlham Əliyev şəhərə köçmüş ilk sakinlərlə görüşündə böyük qürur hissi ilə bildirdi ki, 32 ildən sonra dogma Şuşaya qayıdırsınız. Bəli,Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Cənab İlham Əliyevin sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının uğurla həyata keçirilməsindən xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bundan sonra da bütün sahələrdə uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
sesqazeti.az

1Mənbələr