AZ

Bölgəyə inkişaf və rifah gəlir -RƏY

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri sürətlənib
 
“Yol infrastrukturunun dünyanın yeni standartlarına uyğun şəkildə inşa edilməsi də səbəbsiz deyil”
 
 
 Ermənistanın 30 il işğal altında saxladığı başdan-başa xarabazara çevirdiyi Azərbaycan ərazilərində bu gün yeni quruculuq və abadlıq işləri aparılır.  Əsas prioritet olan Qarabağın və Şərqi Zəngəzurun bərpası ölkəmizdə uğurla davam etdirilməkdədir. Qarabağda və Şərqi Zəngəzurda işgüzar əlaqələrin qurulması və quruculuq-bərpa işləri inkişaf nümunəsinə çevrilib. Hazırda aparılan quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır. Hazırda Şərqi Zəngilanda digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi yeni həyat başlayıb. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası ölkə iqtisadiyyatının inkişafına da mühüm töhfə verəcək.
 Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
 Görüşdə çıxış edən ölkə başçısı  deyib ki,  Qarabağ və Şərqi Zəngəzur regionlarında bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır: “Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl”.
 Şübhəsiz ki,  Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının strateji coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Burada inşa ediləcək müəssisələrdə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib ki, bu da ölkə iqtisadiyyatına reinteqrasiyanı dərinləşdirəcək və Azərbaycanın gələcək yüksək iqtisadi inkişafına mühüm töhfə verəcək.
 Azərbaycanın yeni iqtisadi gündəliyində qeyri-neft enerji mənbələrinin istehsalı və tranzitinin səfərbər olunması, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” konseptlərinin geniş təşviqidir. Bu strateji xəttə əsasən, azad edilmiş ərazilərdə ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq edilməkdədir. Nəticədə bu bölgə həm də alternativ enerjinin Avropaya nəqlində də tranzit qovşaqlarından birinə çevriləcək.
Beləliklə, bölgədə icra edilən iri investisiya proqramları azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etməklə ölkə üzrə yaradılan əlavə dəyərin təxminən 20-25 faizinin formalaşmasına səbəb olacaq. Bu isə qeyri-neft sektorunda məhsul buraxılışının nominal dəyərə ifadəsi ilə illik ən azı 10 milyard dollara çatmasını təmin edəcək. Nəticədə hökumətin hədəf seçdiyi əsas prioritetin - Qarabağ və Şərqi Zəngəzurun qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən birinə çevrilməsini yaxın illərdə gerçəkləşdirmiş olacaq.
 Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icra olunduğunu xatırladan millət vəkili Aydın Hüseynovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanıb. 
Bu barədə “Sherg.az”a danışan deputat qeyd edib ki, düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi: 
“Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin olunub. Post-müharibə mərhələsində isə qalib Azərbaycanın qarşısında yeni çağırışlar durur. Bu çağırışlar, ilk növbədə, işğaldan azad edilmiş ərazilərin bərpası və oraya Böyük Qayıdışı təmin etməklə bağlıdır. Azərbaycan dövləti Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından üç il altı ay ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Şəhər və kəndlərin bərpası ilə yanaşı, həm də müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasına və burada zəruri infrastruktur quruculuğuna böyük önəm verir”. Deputat qeyd edib ki, burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur: “Ən müasir şəhərsalma nümunələri istifadə edilir. Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Ölkədə son 20 il ərzində bütövlükdə 21000 kilometrə yaxın avtomobil yolu tikilib, yenidən qurulub. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərə də asfalt yol çəkilir. 2021-ci ildən indiyədək min kilometrdən artıq bütün standartlara cavab verən yol inşa edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq olunur. Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil”.

 A.Hüseynov bildirib ki, Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturları yaradır:
 “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda xüsusən yol infrastrukturunun dünyanın yeni standartlarına uyğun şəkildə inşa edilməsi səbəbsiz deyil. Məqsəd həm burada yaşayacaq vətəndaşlarımızın müxtəlif istiqamətlərə çıxışını rahat şəkildə həyata keçirməsinə şərait yaratmaq, həm beynəlxalq yükdaşımalarda itkilərin qarşısını almaq, həm də Orta Dəhlizin bir hissəsi olan bölgədə nəqliyyat axınını tənzimləməkdir”.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
sherg.az

1Mənbələr