AZ

“Temu”dan necə sifariş vermək olar?

Yeni onlayn alış-veriş platforması olan “Temu” ilə artıq çoxları tanışdır. Sözügedən platforma ucuz qiymətə olan Çin məhsullarını istehlakçılara təqim edir. Hazırda bütün məhsulların Azərbayacana birbaşa çatdırılması karqo üçün ödəniş tələb olunmadan həyata keçirilir, lakin bunun üçün məhsulların ümumi məbləği minimum 30 AZN olmalıdır.

Bəs “Temu”dan necə sifariş vermək olar?

“Operativ Media”nın xəbərinə görə, bunun üçün tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçmək lazımdır. Bu zaman tətbiq “Google”, “Facebook” və ya “Apple” hesablarınız ilə də qeydiyyatı tamamlaya biləcəyinizi təklif edir ki, bunlar da sürətli qeydiyyat üçün əlverişli üsuldur.

Sonrakı mərhələdə telefon nömrənizi yazmalı və gələn SMS-dəki kodu müvafiq bölmədə qeyd etməlisiniz.

Daha sonra ünvan bölməsinə keçid edib yaşadığınız ünvanı yazmağınız lazımdır. Bu bölmədə həmçinin sizə ən yaxın olan poçtun indeksini daxil etməlisiniz.

Ad, soyad, email və digər məlumatların da düzgün qeyd olunduğuna əmin olduqdan sonra artıq məhsul sifarişinə keçid edə bilərik.

Burada bəyəndiyiniz məhsulları seçib səbətə əlavə edirsiniz. Əksər məhsulun aşağısında alıcıların məhsul haqqındakı dəyərləndirmə rəyləri də mövcuddur. Bu, alacağınız məhsul haqqında daha məlumatlı olmağınıza kömək edir. Səbətə əlavə edilən məhsulların ödənişini tamamlamaq üçün bank kartınızın tələb olunan məlumatlarını daxil etməlisiniz.

Prosesi tamamladıqdan sonra bir neçə gün ərzində tətbiqin təyin etdiyi karqo şirkəti tərəfindən nömrənizə mesaj göndərilir. Həmin mesajda qeyd edilən linkə daxil olub FİN kodunuzu yazmalısınız.

Bundan sonra sizin sifarişiniz “Smart Customs” sisteminin elektron ticarət - sadələşdirilmiş bəyannamənin bəyan edilməmişlər bölməsində əks olunacaq. “İrəli” düyməsinə kliklədikcə sifarişinizin əsas məlumatları avtomatik doldurulacaq. Növbəti mərhələdə isə sifarişlərinizi bir-bir əlavə etməlisiniz.

Bu zaman məhsulun aid olduğu kateqoriya və alt kateqoriyanı seçmək lazımdır. “Temu”da məhsulların qiyməti Azərbaycan pulu ilə göstərilir, lakin “Smart Customs”da manat seçimi olmadığına görə, məhsulun məbləğini dollara çevirib elə qeyd etmək vacibdir. Bunun üçün “Google”da “manat to dollar” yazıb çıxan nəticələrdən istifadə edə bilərsiniz. Daha sonra məhsulun miqdarını da qeyd edib “əlavə et” düyməsinə basmaq lazımdır. Digər bütün məhsulları eyni qayda ilə həmin səhifədə görünən “əlavə et” bölməsinə daxil olaraq bəyan edə bilərsiniz. Bütün məhsulları əlavə etdikdən sonra bəyannaməni təsdiqləmək mütləqdir.

Qeyd edək ki, “Temu”nun bütün sifarişləri bir bağlama daxilində göndərilir. Bundan əlavə gecikən məhsullar üçün proqram tərəfindən 3 AZN ödəniş edilir.

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
operativmedia.az

1Mənbələr