AZ

Azərbaycan Bayrağı Şuşada əbədi dalğalanacaq - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxunmuş,44 günlük Vətən müharibəsindən, yetişmiş savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsildən, onların mərdliyindən,qəhramanlığından, əldə edilən tarixi zəfərdən söhbət açmış, işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülən işlərdən bəhs etmiş, çox ciddi mesajlar vermişdir.

Ölkə başçısı Şuşa sakinlərini otuz iki ildən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə ürəkdən təbrik edərək, Prezident kimi 2003-cü ildən başlayaraq şuşalıları və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlindən gələni əsirgəmədiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, xalqımızın göstərdiyi qəhrəmanlıq, fədakarlığa görə bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Dövlət başçısı əlavə edib ki, biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Cənab Prezident 44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcəyini vurğulayıb. Ölkə başçısı bir əsas məqama da diqqət çəkərək bildirib ki, Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir.

Çıxışında antiterror əməliyyatından da bəhs edən ölkə başçısı bunun nəticəsində tarixi, əzəli torpaqlarımızın işğalçılardan azad etdiyini, bir daha dövlətimiz gücünü, güclü siyasi iradəsini göstərdiyini vurğulayıb. Prezident “Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir”, – deyərək Azərbaycanın tam müstəqil siyasət həyata keçirdiyini bir daha nümayiş etdirib.

Dövlətimizin başçısı Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməlinin qoyulduğunu xatırladan ölkə başçısı birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcəyini bildirib.

Prezident İlham Əliyev çıxışında Ümummilli lider Heydər Əliyevin ölkəmiz, xalqımız üçün gördüyü işlərdən, misilsiz xidmətlərindən bəhs edib. İşgala son qoymaq Ulu Öndərin ən böyük arzusu olduğunu söyləyib və əlavə edib ki, məhz onun fəaliyyəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub.

Şuşanın işğal altına düşmə səbəbindən söz açan Prezident İlham Əliyev qeyd edib ki, o vaxt AXC-Müsavat cütlüyünün hakimiyyətə can atması və o zaman hakimiyyətdə olanların satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Ölkə başçısı Şuşanın yiyəsiz qalması və şəhərin düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlməsi üçün yol açdığını bildirdi. ”Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi”-deyərək yaxın keçmişdə baş verən hadisələri xatırladıb.

Prezident İlham Əliyev çıxışında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Qərb ölkələrinə, xüsusilə, Fransaya və ABŞ-a ciddi mesajlar göndərib: “Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan bura da bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidənlər, bilirlər nəyi deyirəmsə onu da edirəm.”

Cənab prezidentin çıxışının sonunda bir daha bəyan edib ki, Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sesqazeti.az

1Mənbələr