AZ

“Texniki təchizatdan başqa, hüquqi əsaslar da təkmilləşdirilir ki, məktəbləri, ali təhsil, elm müəssisələrini elektron sistemlə idarə edə bilək”

Məktəblər təhsil şəbəkəsinə qoşulur, müəllimlərin Azərbaycan dilində olan tədris resurslarına çıxış imkanları sürətlənir, şagirdlərin hər 12 nəfərinə bir kompüter düşür.
 
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində məktəblərdə şagirdlər və müəllimlər üçün yaradılan texniki imkanlardan, valideynlərin həmin imkanlardan istifadə edərək övladının akademik göstəricilərini izləməsindən, bir sözlə, təhsildə və elmdə son texnoloji yeniliklərdən, islahatlardan danışdı. Ənənəyə sadiq qalaraq, söhbətimizə infrastrukturdan başladıq:
 
Müasir texnologiyanın məktəblərə daxil olma sürəti artıb
 
- Hər islahatın başında şərait durur. Məktəblərdə şərait müasir texnologiyanın tətbiqini dəstəkləyir, yoxsa əksinə, onu ləngidir?
- İnfrastrukturun qurulması istiqamətində son illər ərzində ciddi tədbirlər görülüb. Pandemiyadan sonra təhsil sisteminin informasiyalaşdırılması üçün ən vacib olan kompüter təchizatına edilən sərmayə hesabına hər il 40 min kompüter alıb məktəblərə paylayırıq və bunun sayəsində kompüter təminatını yaxşılaşdırmışıq. 
Nəticədə 2020-ci ildə 33 şagirdə 1 kompüter düşürdüsə, hazırda bunu 12 uşağa bir kompüter nisbətinə endirmişik. Bu dinamika ilə getsək, 2026-cı ilə qədər 6 şagirdə 1 kompüter nisbətinə çata bilərik. Bu nisbət uğurlu təhsil sistemlərində olan nisbətdir.Birin-birə nisbəti dünyada yoxdur, səhv etmirəmsə...
- Bu barədə çox danışılır, müzakirələr gedir, amma bunun təhsil üçün nə dərəcədə xeyirli olduğu ilə bağlı qəti qənaət və ya təhsil nəticəsi yoxdur. Bizim düşüncəmiz budur ki, məktəblərə avadanlıq təhsilin məzmunu və idarəedilməsi üçün verilməlidir. 
Məsələn, məktəbdə STEAM təhsili təşkil olunubsa, ya da “Rəqəmsal bacarlıqlar” layihəsi həyata keçirilirsə, həmin məktəbin kifayət qədər avadanlığı olmalıdır. Çünki həmin dərslər tamamilə onlayn keçilir. Avadanlıqsız kompüter, proqramlaşdırma biliklərini əldə etmək mümkün deyil. Yaxud, hansısa məktəb beynəlxalq əməkdaşlıq layihəsində iştirak edirsə, onlara kompüter verilməlidir. Elektron idarə sistemini tətbiq etdiyimiz məktəblərə də kifayət qədər avadanlıq veririk ki, müəllimlər rəqəmsallaşmadan bəhrələnsinlər, öz siniflərində elektron məzmun və jurnaldan istifadə edə bilsinlər. Bir sözlə, məqsədyönlü davranır, hansısa məzmun və ya idarəetmə sistemi tətbiq olunursa, sırf gərəkli olan kompüter sayları təmin edirik. 
 
- Məqsədyönlülükdə əsas prinsip nədən ibarətdir? 
- İlk növbədə, texniki mümkünlüyə baxırıq, məsələn, yerli telefon qovşağında imkan varsa, məktəbin qoşulması təmin edilir. Eyni zamanda, seçimdə daha çox şagirdin təhsil aldığı məktəblərə üstünlük veririk. Fiberoptik bağlantı ilə təmin olunmuş məktəblərin sayı 2020-ci ildə 200 idisə, hazırda 1400 məktəbə çatmaq üzrəyik. Yəni qısa müddətdə şagirdlərin 70 faizini əhatə etmişik. Belə ki, 200 məktəb şagirdlərin 14 faizini əhatə edirdisə, 1400 məktəb 70 faizindən çoxu deməkdir. Bu da böyük bir kütləni əhatə etdiyimiz anlamına gəlir. İndi ucqar məktəblərdə şagird sayı nisbətən az olan məktəbləri sürətli bağlantı ilə təmin edirik. Amma bu o demək deyil ki, indiyədək həmin məktəblərdə internet təminatı olmayıb, sadəcə istifadəçi sayı az olduğundan həmin məktəblərin bağlantı növü fərqli olub.Meyarlar və texniki mümkünlük
 
- Texniki mümkünlükdən və şagird sayı az olan məktəblərə münasibətdən söz düşmüşkən, maraqlıdır, cəmi 5 şagirdi olan bir kənd məktəbində istedadlı şagird varsa, yəqin ki, bu fakta biganə yanaşılmaz. Konkretləşdirsək, çətin texniki şəraitə baxmayaraq, bir məktəbi elektronlaşdırmağı zərurətə çevirən hansısa, məsələn, məktəbin akademik göstəriciləri kimi meyar və ya meyarlar varmı?
- Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda internetə qoşulmayan məktəb yoxdur. 2019-cu ildən ölkə məktəblərinin hamısını internetlə təmin etdik. Sadəcə qoşulma növləri fərqli idi. Məsələn, “simsiz qoşulma” və ya “ADSL”. Bu növ qoşulma ilə, idarəetmə məqsədilə, yaxud 4-5 şagirdin təhsil aldığı müəssisəni təmin edirdik. Artıq elektron məzmunun istifadəsi artır və ondan istifadə üçün sürətli internet lazımdır. 
 
Elektron məktəb
 
- 500-ə yaxın elektron jurnaldan bəhs etdiniz. Bu həmin məktəblərin elektron məktəb olduğu anlamına gəlir?
- Elektron jurnal tətbiq etdiyimiz məktəbdə, ilk növbədə, sürətli internet, hər otaqda şəbəkəyə çıxış, idarəetməni təşkil etmək üçün kifayət qədər kompüter var, azı bir dənə kompüter laboratoriyası – kompüterlərdən ibarət otağımız var. Həmin müəssisədə məktəb direktoru və müəllimlər üçün elektron jurnal və idarəetmə üzrə təlimlər keçirilib. Bütün bunları elektronlaşmanın tərkib hissəsi kimi qəbul ediriksə, bəli, bu müəssisələrdə elektronlaşma təmin olunub. Ancaq bu məsələnin sonu yoxdur. Ən yuxarı səviyyə odur ki, hər müəllimin, hər şagirdin kompüteri olsun və öyrənmə hibrid formatda həyata keçsin, idarəetmədə kağızdan istifadə edilməsin. Bu, dünyada tam elektronlaşmanın qəbul edilmiş səviyyəsi, ən yüksək standartdır və çalışırıq ki, buna nail olaq. Texniki təchizatdan başqa, hüquqi əsaslar da təkmilləşdirilir ki, məktəbləri, ali təhsil müəssisələrini, elm müəssisələrini elektron sistemlə idarə edə bilək. Bunun üzərində də işləyirik. Misal üçün, təhsil sənədlərinin elektron qaydada verilməsi ilə bağlı “Təhsil haqqında” qanunda dəyişikliklər edilib. Hazırda prosesin qaydaları üzərində iş gedir. Ancaq bu gün həmin qaydalar müzakirə olunur və ümid edirik yaxın vaxtlarda təhsil sənədləri – sertifikatlar, attestatlar, elektron sənəd formatında veriləcək. Hazırda bu istiqamətdə iş gedir. 
 
- 6 şagirdə 1 kompüter nisbətində bir hədəfdən danışdıq. Maraqlıdır, bu nisbətə çatanda şagirdlər kompüterini qoymağa yer tapacaq? Məktəblərimizdə müvafiq şərait olacaqmı?Haqlı məsələyə toxunursuz. Layihələr üzrə kompüter laboratoriyaları hazırlayanda, ya da İT işləri görəndə müşahidə etdik ki, otaq sayı kifayət etmir. Burada sual budur ki, biz hansı tərəfdən başlayırıq? Öncə məktəblərimizi planlaşdırır, tikir, sonra İT strukturu qururuq və ehtiyac yarandıqca genişləndiririk? Əlbəttə, yeniliklər etdikcə, təkmilləşdirmələr labüddür. Bir neçə misal çəkə bilərəm. “Rəqəmsal bacarıqlar” layihəsi üzrə təchiz etdiyimiz otaqlar yalnız kompüter biliklərini ötürmək üçün deyil. Həmin otaqlardan digər fənn müəllimləri də istifadə edir. Ötən tədris ilində Lerik rayonundakı 1 nömrəli tam orta məktəbdə bir layihə də reallaşdırdıq. Şagirdlərin hər birinə planşet verməklə hər gün dərsliklərini məktəbə gətirməmək üçün şərait yaratdıq.Həmin məktəbin rəhbərliyi idarəetməni tamamilə elektron jurnal üzərindən edir. Hər şagirdin planşeti var və məktəbə, sadəcə onunla gəlirlər. Bütün otaqlarda proyektor, bəzi otaqlarda elektron lövhələr quraşdırılıb. Müəllimlərin bu resurslardan istifadə edə bilmələri üçün onlara təlim keçmişik. Həmin məktəbə “Rəqəmsal bacarıqlar” və STEAM layihələrini tətbiq etdik, “eTwinning” layihəsinə qoşduq ki, müəllimlər xarici həmkarları ilə birgə dərslər təşkil etsinlər. Müəllimlər üçün video.edu.az portalı və virtual.edu.az – Virtual məktəb platformasının daha ətraflı təlimini keçdik, məsləhət xidmətini təşkil etdik ki, tədris zamanı bütün fənlər üzrə bu resurslardan istifadə olunur. E-dərslik portalı da dərslikləri əvəz edir. Hər şagirdin planşetində bu resurslar yüklənib və istifadə olunur. Hələlik pilot olan bu yanaşma 150 nəfərlik məktəbdə tətbiq olunur. 
 
“Rəqəmsal məktəbi idarə etmək üçün yeni təlimat, proseslər və qaydalar lazımdır”
 
- Nə lazım olduğu barədə artıq bir fikir formalaşıb yəqin ki?
- Bəli, müşahidələrimiz göstərir ki, məktəbdaxili idarəetmə prosesi dəyişməlidir. Köhnə, 1994-cü ildə, 2000-ci illərin əvvəllərində qəbul olunan təlimat və qaydalarla bugünkü rəqəmsal məktəbi idarə edə bilmərik. Görünən odur ki, ilk növbədə, təlimatlar - kargüzarlığın aparılması qaydalarından tutmuş bütün idarəetmə prosesi təkmilləşməlidir. Bu, bir nömrəli məsələdir. İkinci məsələ, müəllimlərdə yeni texnologiyalarla iş vərdişləri yaranmalıdır. Müşahidələrimiz göstərir ki, yeni texnologiyalar verilsə də, ondan istifadə köhnə üsullarla davam edir. Məsələn, şagirdə planşet vermişik, otağa proyektor və müəllim üçün kompüter qoymuşuq. Şagird dərsdə kitabı elektron formatda açıb bu dəfə oradan oxuyacaqsa, dərsin keyfiyyətində dəyişiklik baş vermir. Müəllim və şagirdlərin əlində lazım olan avadanlıq varsa, öyrənmə hər zaman, hər yerdə olmalıdır. Dərsdənkənar vaxtda öyrənmə olmalı, şagirdlər bir yerə yığışdıqda isə öyrəndikləri məzmunu simulyasiya etməli, interaktiv şəkildə işləməli, öyrəndiklərini tətbiq etməlidirlər. Texnologiya bunun üçündür. Bu vərdişi yaratmaq üzərində işləməliyik. Avadanlıq dərs zamanı açıb ordan oxumaq üçün yox, birgə əməkdaşlıq, birgə fəaliyyət üçün alətdir. Təhsil yalnız məktəbdə baş verməməlidir. Alətlər düzgün idarə olunanda sosial əməkdaşlığa gətirib çıxarır
 
- Bu layihənin hansı istiqamətdə genişləndiriləcəyi barədə bir planınız varmı?
- Bu il daha bir neçə ümumtəhsil müəssisəsində də bu layihəni reallaşdırmağı planlaşdırırıq. Daha bir neçə müəssisədə tətbiqinə başlamaqla öyrənmək istəyirik ki, bu layihə genişləndikcə, onu necə idarə edirik, müəllimlər bunu necə qəbul edir, bu gedişatdan razıdırlarmı? Çünki prosesin bütün iştirakçıları yeniliyi qəbul etməsələr, bu, onlar üçün faydalı olmasa, onu davam etməyin mənası yoxdur. Bütün iştirakçılar prosesi başa düşməli, ondan bəhrələnməli, prosesi dəyişmək üçün geridönüş etməlidirlər. Əks halda, əməkdaşlıq baş verməyəcək. Burada, sadəcə Elm və Təhsil Nazirliyi, məktəb rəhbərliyi, müəllimlər deyil, uşaqlar və onların valideynləri də prosesin iştirakçılarıdır.
 
- Özümüzü Elm və Təhsil Nazirliyinin yerinə qoyub məsələyə ordan baxsaq, necə düşünürsüz, 1 şagirdə 1 planşet vermək sərfəlidir, yoxsa bütün fənlər üzrə dərsliklərini? 
- Bunu hesablayarkən, sadəcə maliyyət deyil, eyni zamanda göstərdiyi təsir də nəzərə alınmalıdır. Ümumiyyətlə, iqtisadiyyatda nəyinsə xeyri hesablanarkən yalnız cari xərclər yox, potensial təsirləri də gözdən keçirilir ki, bu, daha doğru hesablamadır. Kitab oxumağı hamı sevir və bu üsul uzun zaman sıradan çıxmayacaq. Təhsil sistemində belə bir məqsəd də yoxdur ki, ekran üzərindən oxuyaq. Məqsədimiz alətlərdən düzgün istifadəyə nail olmaqdır. Alətlər daha çox dəstəkləyicidir, düzgün idarə olunanda sosial əməkdaşlığa gətirib çıxarır. Bu əməkdaşlıq bir sinif otağında da ola bilər, virtual fəzada da. Bunun çox gözəl metodologiya və nümunələri var və çalışırıq ki, onları, layihə əsaslı öyrənmə metodologiyası vasitəsilə ixtisasartırma təlimlərində müəllimlərimizə çatdıraq.500 minə yaxın şagird rəqəmsal bacarıqları elektron sistem üzərindən əldə edir.
 
- “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir, hər il keçirilən “Kod saatı” müsabiqəsi ölkəmizdə böyük həyəcan yaradır. Hətta “Kod saatı”nda ən ucqar kəndlərdən belə məktəbli görə bilirik. Belə layihələrin məktəblərdə genişləndirilməsi, bütün ölkə ərazisində tətbiq edilməsi, başqa layihələrin də həyata keçirilməsi planda varmı?
- “Kod saatı” beynəlxalq tədbirdir və Azərbaycan 2018-ci ildən bu layihədə iştirak edir. 2017-ci ildə 6500 uşaqla başladığımız “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində yarım milyondan çox şagirdi əhatə edəcək. Bunun üçün II-XI sinfədək məzmunumuz var, onu tətbiq edəcək müəllimlər hazırlanmalı, onlara texniki imkanlar yaratmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Bunu əminliklə demək üçün elə layihənin başladığı ilə nəzər salmaq kifayətdir. 2017-ci ildə bu layihəyə başlayanda ağlımıza gətirə bilməzdik ki, məktəblərimizdə elə bir layihə olacaq ki, dərslər kitabdan yox, elektron sistemdən keçiləcək. Bunun üçün məktəblərimizdə yüksək internet olmalıdır ki, dərslər baş versin və yarımçıq qalmasın. 
 
Bu gün texniki səbəbdən gecikən dərslərimizin sayı orta hesabla cəmi 1.5 faiz təşkil edir
 
Bura gəlib çatmaq üçün xeyli texniki təkmilləşmə işləri görülmüşdür. Məqsədimiz uğurla davam edən işi inkişaf etdirməkdir. “Rəqəmsal bacarıqlar” kifayət qədər əhatəli bir layihədir: aşağı siniflərdə əsas kompüter biliklərini, orta siniflərdə alqoritmik düşüncəni formalaşdırır, yuxarı siniflərdə kodlaşdırmanı öyrədirik. Artıq kodsuz proqramlaşdırma dövrüdür və yeni texnologiyalar proqramlaşdırma işini yüngülləşdirib. Proqramçı süni intellektə artıq nə etmək istədiyini ətraflı təsvir etməyi öyrənəcək. Ona görə layihəni “Rəqəmsal bacarıqlar” adlandırırıq. Getdikcə yumşaq bacarıqlar üstünlük təşkil edəcək. 
 
-Müəllimlər bu prosesin vacib hissəsidir, axı, həmin bacarıqlar şagirdlərə məhz onların vasitəsilə aşılanmalıdır. Müəllimlərdə həmin bacarıqları formalaşdırmaq, yeni tələblərə, çağırışlara cavab verə bilsinlər deyə hansı işlər görülür?Müəllimlərin İKT bacarıqlarının artırılması və yeni yanaşmalardan istifadə üzrə ixtisasartırma təlimləri təşkil edirik. Hər il 5-6 min nəfər ixtisasartırma təlimlərinə cəlb olunur. Keçən ildən ixtisasartırma təlimlərində pilot olaraq beynəlxaq sertifikatlaşdırma imtahanını da təşkil edirik. Odur ki, bu ildən ixtisasartırma təlimlərimiz sertifikasiyalı olacaq.
 
Bu ildən 8600-dən çox təhsilverən rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlərdə iştirak edib. Təlimlər ölkənin müxtəlif bölgələri üzrə təşkil olunub. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin təhsilverənləri üçün “Microsoft” sertifikatlı pedaqoq” adlı beynəlxalq sertifikatlaşdırmaya hazırlıq təlimlərində 1307 müəllim iştirak edib və əksəriyyəti uğurlu nəticə göstərib. Uğurlu nəticə göstərməyənlər də özləri hazırlaşıb yenidən müraciət edə bilərlər. Qeyd edim ki, sözügedən sertifikatlaşdırma pedaqoji işçilərin texnoloji savadlılığını qiymətləndirmək, müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsilə tətbiqini öyrənmək məqsədi daşıyan beynəlxalq proqramdır. Elektron resursların hazırlanması və istifadəsi bacarıqları üzrə təlimlərdə isə 1418, informatika müəllimi üçün təlimlərdə 355 təhsilverən bilik və bacarıqlarını inkişaf etdiriblər. Ölkə üzrə 4500-dən artıq inzibati və pedaqoji heyət üçün isə elektron qiymətləndirmə üzrə təlimlər təşkil olunub. Hər il keçirilən təlimlərin məqsədi müəllimlərin İKT üzrə bilik, bacarıqlarını təkmilləşdirmək və daha səmərəli istifadə imkanlarını artırmaqdır. Təlim proqramına şagirdlərdə internet resurslarından düzgün istifadə vərdişlərinin formalaşdırılması da daxildir. Qeyd edim ki, bu ildən həyata keçirdiyimiz bütün ixtisasartırma təlimlərini uğurla bitirənlərə sertifikat veriləcək. Bununla da müəllimlər həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış sertifikat da alacaqlar. Bu sertifikatlaşdırma imtahanı, müəllimin, sadəcə təlimdən keçdiyini deyil, bir neçə parametr üzrə güclü və zəif tərəflərini də göstərir, yəni, özünü qiymətləndirməsi üçün yaxşı imkandır. Bundan başqa, metodkabinetlərin fəaliyyətinin genişləndirilməsi ilə bağlı Təhsil İnstitutunun gördüyü işlərdə iştirak edirik. Bununla da nail olacağımızı düşündüyümüz müəyyən hədəflərimiz var: yerlərdə metodbirləşmələrin rəhbərləri müasir texnologiyalara yiyələnsinlər ki, onlar da bilik və bacarıqlarını ötürsünlər.Müəllimlərin onlayn ixtisasartırması üçün yeni sistem
 
Daha bir layihə əsasında Koreya hökumətinin dəstəyi ilə platforma qurmuşuq. Müəllimlərin onlayn ixtisasartırması üçün sistem hazırlanıb. Hazırda onun məzmun hissəsinin üzərində iş gedir. Həmin sistemin köməyi ilə gələcəkdə ixtisasartırma xidmətlərini hibrid formatda təqdim edəcəyik.
 
- Bu gün əlinizdə bir rəqəm varmı ki, bu qədər işin nəticəsində məktəblərimizdə müasir texnologiyadan yararlana bilən, süni intellektin imkanlarından dərsində istifadə edən neçə müəllim var?
- Qeyd etdiyiniz istiqamət üzrə təhlilin olması faydalı olardı. Düşünürəm ki, texnologiya və yeni tədris metodologiyalarının tətbiqinin nəticəsi ölkəmizin də iştirak etdiyi beynəlxalq tədqiqatlarda özünü göstərəcəkdir. Ümumiyyətlə isə, ölkədə elə müəllim yoxdur ki, İT üzrə təlimə cəlb edilməsin. Əsas bacarıqlar veriləndən sonra texnologiya yeniləndikcə özləri bilik və bacarıqlarını inkişaf etdirməli, bir çox tətbiqi məhz istifadə edərək öyrənməlidirlər. Məsələn, pandemiya dövründə “Microsoft Teams” üzrə təlimləri cəmi 20 min müəllimə verdik, qalanları özü öyrəndi və nəticədə sistemdə 100 mindən çox müəllim aktiv dərs keçdi. Azərbaycan təhsil şəbəkəsi genişlənir
 
- Təhsilin bütün tərəflərini – məktəbi, müəllimi, şagirdi birləşdirən bir şəbəkə var. Azərbaycan təhsil şəbəkəsinə qoşulan müəssisələrin sayı artır və ildən-ilə bu şəbəkə genişlənir. Şəbəkəyə qoşulan təhsil müəssisəsi nə qazanır? Ümumiyyətlə, təhsil şəbəkəsinə qoşulmaq nə anlama gəlir, bir təhsil müəssisəsi üçün hansı imkanlar verir, hansı qapıları açır?
- Bəli, Azərbaycan təhsil şəbəkəsinə hər il təhsil müəssisələri qoşulur. Bu da o deməkdir ki, hər il bu müəssisələrə fiber-optik bağlantı vasitəsilə yüksək sürətli internet təminatı, eyni zamanda daxili şəbəkə imkanları veririk. Şagirdlər və müəllimlər internetə daha təhlükəsiz çıxış imkanı əldə edirlər. Filtrasiya sistemi vasitəsilə şagirdlər zərərli məlumatlardan qorunur, müəllimlərin Azərbaycan dilində olan tədris resurslarına çıxış imkanları sürətlənir. Ölkə üzrə indiyədək 4305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1365 fiber-optik, 1908 simsiz və 1 032 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin olunub. Qeyd edim ki, Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş müəssisələrin internetə çıxışı bir qorunan mərkəzdən baş verir. Bütün ümumtəhsil və peşə təhsili müəssisələri, o cümlədən bir neçə ali təhsil müəssisələrinin internetə çıxışı bizim şəbəkədən təmin edilir və bu zaman onların təhlükəsizliyi qorunur. Şəbəkədə filtr xidmətindən savayı həm də ali təhsil üçün Geant şəbəkəsi vasitəsilə laboratoriyalara elektron çıxış imkanı təmin edilir. Bu səbəbdən ali təhsil müəssisələri də bu şəbəkəyə qoşulmaqda maraqlıdır. Bundan başqa, Azərbaycan dilində yaratdığımız məzmun – videodərslər, kitablar və s. data mərkəzinə yerləşdirilib və onlardan istifadə hətta internetsiz, texniki problem olsa belə, mümkündür. Peşə təhsili müəssisələrinin hamısı bizim şəbəkəyə qoşulub. 40-a yaxın peşə təhsili müəssisəsi fiber optik bağlantı ilə təmin edilib. Ali təhsil müəssisələrinin isə 30-a yaxını bizim şəbəkədədir. Təhsil şəbəkəsinin üstünlükləri çoxdur. 
 
Təhsil şəbəkəsində yeni sahə: ELM

Əsasən təhsildən danışdıq. Amma elm sahəsi də artıq böyük təhsil şəbəkəsinin bir parçasıdır. Burada hansı işlər görülüb, nələri planlaşdırmısınız?
- Elm müəssisələri üçün verdiyimiz əsas xidmətimiz - doktoranturaya sənəd qəbulu sistemidir. Bu ildən doktorantura təhsili verən bütün müəssisələrə qəbul bu sistem vasitəsilə aparılır. Xatırladım ki, bu vaxta qədər yalnız Elm və Təhsil Nazirliyinə aid olan müəssisələrdə elektron idi. Deməliyəm ki, hazırda elmi müəssisələrin beynəlxalq laboratoriyalara çıxış imkanı olsa da, onlardan istifadə yüksək səviyyədə deyil. Ancaq gələcəkdə istifadə artar və tələbat yaranarsa, bu tipli çıxış imkanlarının çoxaldılması mümkündür. 
 
Təhsildə hər addım elektronlaşır
 
- ETN ölkədə elektron xidmətlərinin say çoxluğu ilə seçilir. Siyahını genişləndirmək planlaşdırılırmı? Başqa hansı xidmətlərin elektronlaşacağı gözlənilir? 
- Hazırda dövlət qurumları və vətəndaşlar ETN-nin 47 elektron xidmətindən yararlanır. 
Ümumiyyətlə, bütün dövlət xidmətlərimizi elektronlaşdırmağa çalışırıq. Hazırda istənilən təhsil pilləsinə qəbul, onun daxilində hərəkət və çıxış elektron müstəvidədir. Gələcəkdə təhsil sənədlərinin elektron verilməsinə, sənədlərin özünün elektronlaşmasına nail olmağa çalışırıq. İkinci vacib məsələ, təhsilin məzmununu daha təkmil formada elektronlaşdırmaq üzərində düşünürük. Bildiyiniz kimi, bu günün tələbidir ki, fənlər ayrılıqda tədris edilməsin. Tədris prosesi özü də təkmilləşməli, layihə əsaslı, problem əsaslı təhsilə çevrilməlidir. Hansısa problemi həll edərkən bir fənnin biliklərindən istifadə etmirik. İnteqrativ, yəni bütün fənlərdən qazanılan biliklər olmalıdır. Növbəti addımımız budur ki, yeni texnologiyaları müəllimlərə dəstək kimi verək ki, onlar tədrisi, məzmunu dəyişə bilsinlər və dərsdə bilik ötürücüsü kimi yox, daha çox şagirdlərin öyrənməsini dəstəkləyən proses rəhbəri kimi çıxış etsinlər. Bu baxımdan müəllimlərimizə həm yeni alətlər, həm də yeni bacarıqlar verməliyik.
 
- Elektron xidmətlərdən valideynlər də yararlanır...
- Bəli, valideynlər üçün elektron jurnalın tətbiqində kabinet formalaşdırmışıq. Bu kabinetdən istifadə edərək valideynlər övladlarının qiymətini görə davamiyyətini yoxlaya, ev tapşırıqlarına baxa bilər. Elektron jurnalın tətbiq olunduğu bütün məktəblərin şagirdləri ilə bağlı bu məlumatlara valideynin əlçatanlığı təmin olunub. Təəssüf ki, valideynlərin bu sistemdən istifadəsi hələ ki, aşağıdır. Şagirdlərin cəmi 30 faizinin validenləri bu sistemdən istifadə edir. Valideynlər üçün başqa imkanlar da yaratmışıq. Düzdür, şagirdlərə hesablanıb, amma valideynlərə və müəllimlərə də təsir edən bir məqamı qeyd edim. Bir çox məktəblərdə böyük summativ qiymətləndirmələri elektron qaydada, kağızsız həyata keçiririk. Virtual məktəb platforması vasitəsilə həyata keçirdiyimiz bu yeniliyin maraqlı tərəfi odur ki, müəllimlər sualını elektron qaydada hazırlayırlar, onun açılma və bağlanma vaxtını təyin edirlər və şagirdin əlavə nəsə etməsinə ehtiyac qalmır. Şagird sistemə daxil olur, sistem hamı üçün eyni vaxtda açılır, imtahan hamı üçün eyni vaxtda bitir. Ən maraqlısı budur ki, imtahan bitən kimi nəticələr şagirdin və müəllimin elektron kabinetində əks olunur. Tam şəffaflıq təmin olunur, nəticələri hər kəs eyni vaxtda görə bilir. Valideyn evdən sistemə daxil olaraq övladının hansı suala nə vaxt və necə cavab verdiyini görür, balının hesablanmasına baxa bilir. 
 
- Bunu neçə müəssisədə etməyə nail olmusunuz?
- Hələlik təxminən 50-dən artıq məktəbdə tətbiq edilir. Amma bütün ölkə məktəblərində tətbiq etmək prioritetlərimizdəndir.Elektronlaşan xidmətlər daha çox portal.edu.az platformasındadır. Saytın üzərinə, sanki çox yük düşür. Bunun qarşısını almağa yönələn yenilənmə gözlənilirmi?
- Elədir, xidmətlərimizi portal.edu.az-a toplayırıq, cəmi bir neçə xidmətimiz çox yüklü olduğu üçün bu platformadan kənardadır. Buna baxmayaraq, portal.edu.az platformasında 30-dan artıq elektron xidmətimiz var. Hazırda saytın dayanıqlığı, müxtəlif istifadəçilər üçün rahatlığını təmin etmək üzərində işləyirik. Məsələn, burada sistemi elə qurmuşuq ki, istifadəçi tələbədirsə, yalnız tələbələr üçün nəzərdə tutulan xidmətlər açılır, müəllimdirsə, müəllimlərə yönələn xidmətlər açılır, şagirdin qarşısına ona uyğun xidmətlər çıxır. Portalın imkanlarını genişləndirməklə yanaşı, “mygov” və “e-gov” platformalarına da öz xidmətlərimizi veririk, çalışırıq ki, mərkəzləşdirilmiş qaydada Azərbaycan vətəndaşlarına xidmət göstərən bütün platformalarda təhsil xidmətləri olsun.


 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
293
50
tehsilforumu.az

10Mənbələr