AZ

Azərbaycanda ədəbiyyat niyə ölü dövrünü yaşayır? – Yazıçılar arasında SORĞU

Azərbaycanda niyə ədəbi proseslər sükut dövrünü yaşayır? Televiziyalarda, mediada ədəbiyyat arxa plana atılır, təbliğ edilmir. Yazıçılar da bu barədə bir addım atmırlar. Ədəbiyyatın gündəmdə qalmağa ehtiyacı yoxdur?

Ednews bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Yazıçı Həmid Herisçi:

a4-29.jpg

“Bu sahədə ən çox işi elə bəndəniz görüb. Ədəbiyyatı audivizual meydançalara şəxsən özüm çıxartmışam. AYB-yə keçəndən sonra bu sahədə fəaliyyətimi daha da genişləndirəcəm”.

Ədəbi tənqidçi Cavanşir Yusifli:

photo_2451.jpg

"Ədəbi proses heç zaman sükut dövrünü yaşamır, susmur da, öz özünü təhlil edir, sorğulayır, şübhəsiz ki, ən dəyərli bədii nümunələrin timsalında. İndiki televiziyalarda onun nə işi? Poeziya, məsələn sükutuyla da bütün ideologiyalara qarşı çıxır və onlardan heç birinin rupiru olmur, siz dediyiniz baş verərsə, vay o günə, o günə..."

Yazıçı Rövşən Yerfi:

cc.jpg

“Ədəbiyyat, tək Azərbaycanda deyil, bütün dünyada arxa plana keçməkdədir. Dünya süni intellektə, mikro texnologiyaya köklənib. Bir qayda olaraq bizdə həmişə dünyada baş verənlərin ifratına şərait yaradırlar. Müstəqillik başlayandan ədəbiyyata münasibət "boşanmış" vəziyyətindədir. Sadəcə keçmiş evlilikdən qalanlara "aliment" ayrılıb və onlardan bir "vitrin" kimi istifadə edilir, yəni, baxın bizdə ədəbiyyat var, hələ yox deyil.

Beləliklə ədəbiyyat kütləvilikdən çıxıb, olub, tarix, kimya, fizika kimi fənlərdən, elmlərdən biri. Kim o sahədədir, onlara aiddir, qalan insanlara yad bir sahə. Nəinki ədəbiyyat, incəsənət də bu gündədir. Maddiyyat kəskin ölçüdə mənəviyyatı üstələyib. Güman ki, bu hal bəşəriyyətə acı nəticələr göstərənədək hələ bir neçə on illər davam edəcək”.

Şair Aqşin Yenisey:

bb.jpg

“Niyə ədəbiyyatı kimsə təbliğ etməlidir? Kolxoz dövrüdür? Bu düşüncələrdən əl çəkmək lazımdır. Bu gün bir süni zəka proqramı bir ədəbi nəsildən daha çox fayda verə bilər cəmiyyətə. Yaşadığı çağı hiss və dərk etməyən yazıçılar, şairlər maraqlı nə yaza bilər öz çağının insanları üçün?”

Şair Cəlil Cavanşir:

34jpg-1684311555jpg-1684316104.jpg

“Azərbaycanda ədəbi proses baş vermir və sükut, səssizlik də bununla bağlıdır. Televiziyalar hansı prosesi təbliğ etməlidir, ev almaq üçün bir birinə qənim kəsilən yazıçı və şairləri, yoxsa yaltaqlıq üçün fürsət gözləyən əhli-qələmi? Bəlkə kimsə Buker, Qonkur, Nobel alıb, bizim xəbərimiz yoxdur? Bəlkə hansısa yazıçımız xaricdə on min tirajla çap olunub, "Nyu York Tayms"ın bestseller siyahısına düşüb, biz bilmirik? 

Televiziya kimi qonaq çağırsın, öz yaratdığı təşkilatı yarı yolda qoyub, qarşı cəbhəyə satılanları? Çağırsa belə bu adamlara hansı sualı versin? Azərbaycan ədəbiyyatı səssiz-sədasız, qansız-qadasız "repressiya" dövrünü yaşayır. İndi yazıçıları edam etmirlər, ideyalarını qətl edirlər, indi şairləri öz içinə sürgünə göndərirlər. Amma danosbazlıq, alçaltma, xof 37-ci illərin havasında davam edir. 

Xülasə, belə bir ədəbi mühit, belə qısır ədəbiyyat təbliğ olunmasa yaxşıdır.

Ədəbiyyat adamları da televiziyalarda növbətçi ekspert kimi küllənsə, kifayətdir. Nə vaxt layiqli proses olar, onda medianı da qınayarıq. Hələki, ayıbımıza kor olub sussaq yaxşıdır”.

Yazıçı Xəyyam Rəfili:

pp.jpg

"Ədəbi proseslərin sükut dövrü yaşadığını düşünmürəm. Yazan yazır, oxumaq həvəsi olan da istədiyi materialı əldə edib, oxuyur. Sadəcə bu proses digər sahələrdə olduğu kimi kütləvi halda baş vermir. Bunun da səbəbləri var. Ədəbiyyat zaman-zaman uğurlu təbliğat vasitəsi rolunu icra edib və o dövrlərdə nəşr olunan kitabların tirajı da, o tirajların oxuculara çatdırılması da ən yüksək səviyyədə həyata keçirilirdi (yazılan əsərlərin keyfiyyəti barədə eyni sözü deyə bilməsək də). Bu işlərdə yazıçıları günahlandırmaq məncə doğru deyil. Yazıçının vəzifəsi yaxşı əsər yazmaqdır. Onun təbliğatı və yayılması isə naşirlərin vəzifəsidir. Onların da özlərinə görə deməyə iradları az deyil. Lakin bu qəliz zincirdə çiyninə ən çox yük yüklənən də elə yazıçıdır. Ən ağır zərbəni alan da yazıçıdır.

Mənim subyektiv fikrim isə budur ki, ədəbiyyat gündəm xatirinə yaranmamalıdır. Ədəbiyyatın gündəmdə olmaq kimi bir dərdi olmamalıdır. Bəlkə də ciddi əsərlərin yazılması üçün elə ən yaxşı şərait budur. Bu gün həyatını ədəbiyyata həsr etmiş insanlar əsl fədailərdi. Hamısına bu çətin yollarda uğurlar diləyirəm".

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
ednews.net

10Mənbələr