AZ

Zəfər və sülhün rəmzi

44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirərək qətiyyətlə vurğulamışdır ki, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin qalibiyyətimizlə başa çatacağına əminliyi artırdı, Qarabağ münaqişəsinin tarixə qovuşacağına şübhə yeri qoymadu.

Mayın 10-da cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş sakinlərlə görüşündə böyük qürur hissi ilə qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur: “Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq.”
O da bildirildi ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.
Bu gün Şuşanın yeni tarixi başlayıb. Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq- Şuşanın ənənəvi üslubunda inşa edilir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.
Cənab İlham Əliyev mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində də Şuşanın dirçəlməsindən, əvvəlki simasının bətpasından bəhs etdi. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr olundu. Bu il festivalın məkanı genişlənərək Laçını da əhatə etdi. Bu addım özündə mühüm məqamları ehtiva edir. Dostluq və musiqi bayramı olan bu festival mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülhün rəmzidir. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik isə çıxışında qeyd etdi ki, Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir: “Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur.”

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
sesqazeti.az

1Mənbələr