AZ

Çinin Nankin şəhərində Azərbaycan Ticarət Evi açılıb

Nankin, 15 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

AZƏRTAC xəbər verir ki, bu, hazırda Çində fəaliyyət göstərən 6-cı Azərbaycan Ticarət Evidir. Nankin şəhəri ilə yanaşı, Pekin, Sian, Çindao, Çendu və Canciacie şəhərlərində də ticarət evi fəaliyyət göstərir.

Azərbaycan Ticarət Evi Nankin şəhərinin əsas biznes rayonlarından hesab olunan Çisiada yerləşir. İki mərtəbədən ibarət olan ticarət evinin ümumi sahəsi təxminən 340 kvadratmetrdir. Burada xalça, şərab, brendi, digər spirtli içkilər, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satılır. Ticarət evində Azərbaycan məhsullarının həm pərakəndə, həm də topdan satışı həyata keçirilir. Bundan başqa, ticarət evində mütəmadi olaraq məhsulların dequstasiyası da təşkil olunacaq.

İki ölkə arasında ticarət əlaqələrinə töhfə verən ticarət evinin əsas funksiyalarından biri də ölkələrimiz arasında investisiya, nəqliyyat və turizm sahələrində münasibətlərinin genişləndirilməsi işinə dəstək olmaqdır. Belə ki, ticarət evini ziyarət edənlər “Made in Azerbaijan” məhsullarını əldə etməkdən başqa, ölkəmizin biznes və investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Azərbaycan Ticarət Evinin investoru və operatoru Çinin “Silk Road Jiapin (Nanjing) International Trade Co., Ltd” şirkətidir.

Ciansu əyaləti və Nankin şəhər hökumətinin rəhbər şəxslərinin, o cümlədən Ciansu höküməti katibinin müavini Liu Huaqin, Kommersiya departamentinin baş direktorunun müavini Sun Cin, Xarici İşlər Dəftərxanasının müdir müavini Şen Yenfey, Nankin höküməti katibinin müavini Çen Youmin, Çisia rayonu merinin müavini Yan Donun iştirak etdiyi açılış mərasimində çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov bildirib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır və hər iki ölkə ikitərəfli ticarət əlaqələrini daha da yaxşılaşdırmaq öhdəliyinə sadiqdir.

Ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 44 faiz çoxaldığını vurğulayan diplomat, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində Çində fəaliyyət göstərən Azərbaycan ticarət və şərab evlərinin rolunu vurğulayıb, bu təsisatların Azərbaycan məhsullarının Çində tanıdılmasında mühüm rol oynadığını deyib.

Nankin şəhər Xalq Hökümətinin baş katibinin müavini Çen Youmin bildirib ki, Azərbaycan Ticarət Evi Nankin şəhərində açılmış xarici ölkəyə məxsus ilk ticarət evidir. O, bu ticarət evinin Ciansu əyaləti ilə Azərbaycan arasında rəmzi körpü rolunu oynayacağını və bölgənin əhalisinə Azərbaycan haqqında geniş məlumat təqdim edəcək bir platformaya çeviriləcəyini bildirib.

Ciansu əyalətinin böyük istehlak bazarına malik olduğunu vurğulayan Çen Youmin Azərbaycanın keyfiyyətli qida və içki məhsullarının burada böyük satış perpesktivinə malik olduğunu qeyd edib.

Azərbaycan Ticarət Evinin açılmasına göstərilən dəstək, açılış mərasimində əyalətin və şəhərin rəhbər şəxslərinin iştirakı Ciansi əyaləti hökumətinin Azərbaycan ilə iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.

Qeyd edək ki, Çinin şərqində yerləşən və 85 milyon əhalisi olan Ciansu əyaləti ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə (təxminən 1,83 trilyon dollar) ölkənin bölgələri arasında 2-ci, ÜDM-in hər nəfərə düşən payına görə isə birinci yerdədir. Ciansu əyalətini rəmzi olaraq ayrıca dövlət kimi götürsək, dünyanın 12-ci ən böyük iqtisadiyyatı olardı.

Çinin ən inkişaf etmiş regionlarından olan Ciansu əyaləti elektrik avadanlığı, maşınqayırma, kimya və tekstil məhsullarının istehsalında öncül yerlədədir. Təxminən 10 milyon sakinin yaşadığı əyalətin inzibati mərkəzi olan Nankin şəhəri Çinin iqtisadi, təhsil, elmi tədqiqat, mədəniyyət, nəqliyyat və turizm mərkəzlərindən biri olmaqla yanaşı, dünyada dənizə birbaşa çıxışı olmayan ən iri quru yük limanına sahibdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Nankin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
azertag.az

4Mənbələr