AZ

Xaricdə yaşayan azərbaycanlılarla əlaqələr diaspor faəliyyətini genişləndirir

Diaspor fəaliyyətinin genişləndirilməsində xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişafının böyük əhəmiyyəti var. Hazırda Azərbaycandan kənarda müxtəlif siyasi, ictimai və ya iqtisadi səbəblərlə əlaqədar çoxlu sayda soydaşımız yaşayır.


Sfera.az xəbər verir ki, soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrini qoruması diaspora fəaliyyətinin genişlənməsinə, daha yaxşı nəticələrin əldə edilməsinə şərait yaradır. 


Azərbaycan özünü azərbaycanlı sayan insanların tarixi vətənidir. Soydaşlarımızın bir çoxu xaricdə milli-mədəni mənsubiyyətini qoruyub saxlaya bilib, tarixi vətəni ilə mütəmadi əlaqələr qururlar. Azərbaycan dövləti bu cür soydaşları ilə əlaqələri qurmağı və bu əlaqələri koordinasıya etməyi vacib hesab edir. 


Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilməsinin böyük əhəmiyyəti var. Qurultay dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin mülahizələrini, çoxsaylı təkliflərini, eləcə də azərbaycanlıların müasir dünyadakı sosial-siyasi, iqtisadi, mədəni və mövqeyini, azərbaycançılıq platformasına söykənən maraqlarını, tarixən yaranmış mənəvi birlik ehtiyacını nəzərə alaraq qətnamə qəbul edildi. Qərara alındı ki, dünya azərbaycanlıların qurutayları hər üç ildən bir keçirilsin. Bu qurultaydan sonra 2002-ci ilin iyulunda Prezident Heydər Əliyevin Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonralar Komitənin adı dəyişdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin noyabrında imzaladığı Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Diaspora fəaliyyəti müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycanın dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. 


Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. 2002-ci ildə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləmək məqsədilə eyniadlı Qanun qəbul edilib. Bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycanın dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. "Xaricdə yaşayan azərbaycanlılar" dedikdə, Azərbaycanın hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən şəxslər başa düşülür. Daha dəqiq ifadə etsək, Azərbaycan vətəndaşları və onların övladları, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycanın vətəndaşları olan şəxslər və onların övladları “xaricdə yaşayan azərbaycanlılar” katiqoriyasına aid olunur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı qeyd edilən kateqoriyalara aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri aydındır. Dövlətimiz beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməyə çalışır. Həmçinin xaricdə yaşayan azərbaycanlıların Azərbaycanın dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycanın daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq, Azərbaycanın dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək də dövlətimizin əsas məqsədlərindəndir. Sadalananlarla yanaşı Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərməyi də məqsəd kimi qarşısına qoyub. 


Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti Azərbaycanın daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu prinsipə əsaslanaraq Azərbaycan dövləti onun vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Azərbaycan vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycanın ərazisində yaşayan Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar. 

 

Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycanın mədəniyyət, dil və təhsil siyasəti də var. Azərbaycanın dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə zəruri tədbirlər görür. Azərbaycanın dövlət orqanları digər dövlətlərdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyata keçirir. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını ödəmək üçün Azərbaycanın digər dövlətlərdə olan elm və mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir. 


Vasif CƏFƏROV

 

Mövzu: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
sfera.az

1Mənbələr