AZ

“BDU məzunları” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş

“BDU

Bakı, 15 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU məzunları” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun Sabir Rüstəmxanlı kimi nüfuzlu məzunları ilə görüşlərin qürurverici olduğunu bildirib. O qeyd edib ki, Sabir Rüstəmxanlının milli düşüncənin oyanmasına səbəb olan əsərləri ilə bütöv bir nəsil yetişib, bu əsərlər örnək, dəyər hesab edilib: “Sabir Rüstəmxanlı şair, ictimai-siyasi xadim, dövlət əhəmiyyətli vəzifələrdə çalışmış ziyalı, Milli Məclisin altı çağırış deputatı kimi tanınıb. Onun bütün fəaliyyəti milli təfəkkürün və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edib. Sabir Rüstəmxanlının təkcə “Ömür kitabı”nı böyük bir abidə hesab etmək olar. Belə məzunları dinləmək, onlardan öyrənmək BDU tələbələri üçün misilsiz fürsətdir.

Tədbirin moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında tələbələrə məlumat verib. Onun yaradıcılığının milli səciyyə daşıdığını vurğulayan Məti Bayramlı tələbələri bu cür əsərlərlə mənəviyyatlarını zənginləşdirməyə çağırıb.

Görüşdə çıxış edən Sabir Rüstəmxanlı BDU-nun ölkəmizin həyatında böyük missiya daşıdığını vurğulayıb. O, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. “Ədəbiyyatsız millət olmaz, ədəbiyyatsız dünya ruhsuz bədənə dönər” deyən şair ilk şeirlərini elə universitet illərində yazdığını bildirib: “Mənim bütün həyatım mübarizə və savaş dolu olub, hətta sözümlə də mübarizə aparmışam. Azərbaycanın hər bir vətəndaşı millətin taleyində rol oynamağa hər an hazır olmalıdır. Milli düşüncənin formalaşmasına kömək etmək mənim ən böyük missiyalarımdan biridir. Bu, “Ömür kitabı”nda da belə idi, onun davamı olan “Vətəndaşlığın əlifbası”nda da. Tələbələrimiz bu dəyərləri daha çox mənimsəməli, müstəqillik ideyası daşıyan əsərlər dərsliklərimizə daha çox salınmalıdır”.

Daha sonra şair son illərdə çap olunmuş “Vətəndaşlığın əlifbası”, “Qarabağa qayıdış”, “Ölüm son deyil: tanıdığım Heydər Əliyev”, “Şair və şər” kitablarından sitatlar gətirərək, bugünkü görüşün həm də bu əsərlərin təqdimatı olduğunu deyib.

Sabir Rüstəmxanlı sevilən şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb, sonda kitablarını BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
3
azertag.az

4Mənbələr