AZ

Gecikmiş dəstək, yoxsa?

Antoni Blinken ABŞ-ın dəstəyini xatırlasa da, Ukrayna üçün vəziyyət dəyişmir

Rusiya-Ukrayna müharibəsində üstünlük hazırda rus ordusunun tərəfindədir. Buna səbəb Qərb tərəfdaşlarının, xüsusilə ABŞ-ın Kiyevə uzun müddət hərbi dəstək verməməsidir. Belə ki, ötən ilin payızında ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımla bağlı qanunu qəbul etməməsi səbəbindən Vaşinqtonun Kiyevə dəstəyi dayanmışdı. Sözügedən sənəd Konqresdə ötən ayın sonlarında təsdiqlənib. Prosesin bu qədər uzanması Ukraynaya baha başa gəlib. Belə ki, Rusiya ordusu Donetsk və Xarkov vilayətlərində bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Son vaxtlar müəyyən ərazi itkisini Kiyev də təsdiqləyib. Belə bir şəraitdə Ukraynanın Sumı vilayətinin Belopole və Vorojba şəhərlərinin əhalisi təxliyə olunmağa başlanıb. Bu, Rusiyanın bu şəhərlərə intensiv zərbələri ilə bağlıdır. Sumı Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vladimir Artyux “Biz əhalimizi qorumalıyıq, bu, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən mənim qarşıma qoyulan əsas vəzifədir”- deyib. Eyni zamanda, Artyux bildirib ki, bu, məcburi deyil. Belopolye və Vorojba sakinləri, xüsusən də köçmək istəyən uşaqlı ailələr icma sədrlərinə müraciət etməlidirlər. Təxliyə edilən əhali bütün regionda insanların sıx məskunlaşdığı ərazilərdə yerləşdiriləcək.

Ukrayna üçün indiki kritik dönəmdə ABŞ-ın Dövlət katibi Antoni Blinken Vaşinqtonun yardımını müzakirə etmək üçün Kiyevə gəlib. Mayın 13-də  Blinken “elan edilməmiş səfərə” qatarla gəlib. Məlumata görə, Blinken Kiyevin “müdafiəni gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” üçün ABŞ-ın silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir. Səfər zamanı Dövlət katibi Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Görüşlərdə döyüş bölgəsində vəziyyət, ABŞ-ın yeni təhlükəsizlik və iqtisadi yardımının təsirləri, uzunmüddətli təhlükəsizlik və digər öhdəliklər və Ukraynanın iqtisadi bərpasını gücləndirmək məqsədilə görülən işlər müzakirə edilib.

Prezident Zelenski ilə görüşündə Blinken deyib ki, növbəti aylarda Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir. Onun sözlərinə görə, rəsmi Vaşinqton özünün tərəfdaş dövlətləri ilə birlikdə bu müddətin Ukrayna üçün uğurlu keçməsi istiqamətində səyləri artıracaq. Blinken həmçinin vurğulayıb ki, hakimiyyətə dəstək olan dövlətlər Ukraynanın demokratik, iqtisadi, eləcə də hərbi cəhətdən daha da güclənməsində maraqlıdır: “Hər birimiz Ukraynanın malik olduğu güc, dözüm və liderlik qabiliyyətləri ilə qürur duyuruq. Belə bir çətin zamanda göstərdiyimiz dəstəyin böyük bir hissəsi təqdim olunub, bir qismi isə göndərilmək üzrədir. Edilən yardımlar cəbhədə vəziyyəti Rusiya aqressiyasına qarşı mübarizə aparan Ukraynanın xeyrinə dəyişəcək. Tərəfdaşlarımızla birgə sizin müharibədə qələbə qazanmanız üçün səylərimizi artıracağıq”. ABŞ dövlət katibi  ölkəsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına dəstəyini bir daha vurğulayıb.

Lakin Blinkenin nə deməsindən asılı olmayaraq, fakt odur ki, Ukrayna döyüşlərdə uduzur. Bunun əsas səbəbi, qeyd etdiyimiz kimi Qərb tərəfdaşlarının Kiyevə hərbi yardımı geçikdirməsidir. Aprelin sonlarında Konqresin təsdiqlədiyi 61 milyard dollarlıq yardım isə hələ ünvanına tam çatmayıb. Bir sıra ekspertlər hesab edir ki, Blinkenin səfərinin əsas məqsədi ayrılan vəsaitlə bağlıdır. Çünki Vaşinqtonda belə bir rəy var ki, ayrılan maliyyənin bir hissəsi mənimsənilir, korrupsiyaya məruz qalır. Amma faktdır ki, Qərb ölkələri münaqişənin davam etməsində maraqlı görünür. ABŞ öz maraqları naminə Ukraynanı qurban verir və müharibənin mümkün qədər uzanmasına çalışır. Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsə də, reallıqda Qərbin Kiyevə hərbi dəstəyi xeyli azalıb. Bu səbəbdən də, hazırda Ukrayna döyüş bölgəsində ciddi çətinliklərlə üz-üzə qalıb, silah-sursata ehtiyac artıb.  Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyildi. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir, hərbi yardım üçün ABŞ-a tez-tez çağırış edirdi.

ABŞ 61 milyard dollarlıq yardımı təsdiq etməklə Ukraynaya “müttəfiqliyinə sadiq olduğunu” göstərmək istədi. Görünən odur ki, həmin yardımın ayrılması da Kiyevə döyüş meydanında dəyişiklik etməyə kömək etmir. Çünki vəd edilən silah-sursat Ukraynaya tam  göndərilməyib. Üstəlik, “F-16” qırıcılarının Ukraynaya nə vaxt göndəriləcəyi də məlum deyil. Əslində, bu qırıcıların Kiyevə verilməsi cəbhədə dəyişikliklər yarada bilər. Rəsmi Kiyev onların tezliklə təhvil veriləcəyinə ümid edir. 

 Əslində, bu addımları ilə rəsmi Vaşinqton Ukraynada müharibənin davam etməsində  maraqlı olduğunu bir daha təsdiqləyir. Çünki ABŞ Ukraynanın nə tam qalib gəlməsini, nə də tam məğlub olmasını istəmir. Birləşmiş Ştatlar bu yolla öz maraqları üçün “manevr” edir.

N.BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr