AZ

BMT-dən hücum xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatı (BMT) xüsusilə Ukraynanın Xarkov vilayətində hücumların artdığını və tərəflərin hər iki ölkədəki infrastrukturları hədəf aldığını bildirib.

Turkustan.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyətlə bağlı hadisələr müzakirə edilib. Burada üzv ölkələri məlumatlandıran BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin (OCHA) Humanitar Yardımın Maliyyələşdirilməsi və Resursların Transferi Bölməsinin direktoru Lisa Doughten artan münaqişənin daha çox köçkünliyə səbəb olduğunu və Xarkovdan 7 min insanın qaçdığını bildirib.

Ukraynada qarşıdurmanın xüsusilə Rusiya ilə şimal-şərq sərhəddində artdığına diqqət çəkən Doughten, Xarkov bölgəsində baş verən ardıcıl hücumların uşaqlar da daxil olmaqla, can itkisinə və yaralanmalara səbəb olduğunu ifadə edib.

Doughten bildirib ki, təkcə aprel ayında Ukraynada 700 mülki şəxs öldürülüb.

Ukraynanın hər yerində mülki infrastruktura hücumların intensivləşdiyinə diqqət çəkən Doughten, martın 22-dən bu yana Ukraynanın enerji infrastrukturuna 5 hücumun edildiyini bildirib.

Doughten qeyd edib ki, onlar Ukraynanın şərqində və cənubunda dəmir yolu infrastrukturuna edilən hücumlardan dərin narahatdırlar.

Limanlara edilən hücumların ixrac imkanlarını məhdudlaşdırdığına diqqət çəkən Doughten, "Bu, dünyada ərzaq təhlükəsizliyinin artdığı bir vaxtda baş verir" dedi.

Doughten Rusiyada enerji infrastrukturu və neft emalı zavodlarını hədəf alan hücumların da həyəcan verici olduğuna diqqət çəkərək, bu hücumların müharibəni daha da alovlandıracağı ilə bağlı xəbərdarlıq edib.

Müharibənin on minlərlə insanın ölümünə səbəb olduğunu qeyd edən Doughten, "Ukraynada cəmiyyətin 40 faizinin humanitar yardıma ehtiyacı var" dedi.

Doughten BMT Təhlükəsizlik Şurasını müharibəni dayandırmaq üçün addımlar atmağa çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
turkustan.az

1Mənbələr