AZ

VƏTƏN SƏNƏ OĞUL DEYİR...

Giriş

Həqiqət dalınca gedənin yolu cəfadan keçər və əgər doğru yazmağa görə bilsəm ki, hədiyyəm cəfadı, şövqlə qəbul edərəm. Qələm dostlarım və ədəbi ictimaiyyət yaxşı bilir ki, mən uzun illərdir ədəbiyyatla bağlı silsilə yazılar yazıram. Fəqət, budəfəki yazım publisistik yönümlüdü. Məqsədim ədəbli, urvatlı bir insan haqqında yazmaqdı. Dünaynın yaşam nizamnaməsində - doğulan hər kəs üçün “xoş gəlib, buyursun gəlsin” diləyi var. O da var ki, bu dünyaya gələnlərin doğru, dürüst, haqq adamı kimi yaşaya bilməsi cəsarət istər. Həm də aqillərimiz deyib ki, cəsarət, qərarlılıq, inanc uğur və nailiyyətlərin təməlidir. Digər bir həqiqət də ondan ibarətdir ki, insan bütün hərəkətlərinə, davranışına və yaşamına görə fərdiyyətçilik xüsusiyyətlərindən maksimum istifadə edib yararlanmalıdır ki, özü olsun və cəmiyyətə fərqli bir biçimdə fayda verə bilsin.

Haqqında bəhs etmək istədiyim insanla bağlı ilk məlumatı özünü tanımazdan öncə mənə fikirdaşım, dəyərli şair və vətən aşiqi qazi İmadəddin Səlim vermiş, “yaxşıları bir-biri ilə tanış etmək imandandı” demişdi. İmanın kamil olsun, qardaşım! Və düşünürəm ki, əgər uğur insan iradəsi ilə qazanılırsa, geriyə qalan sadəcə detallardan ibarətdir. Biz qələm əhlinə isə - doğru olanı, var olanı bir daha yada salıb, xatırlatmaq qalır. Haqq sözü  qələmin bələdçiliyi ilə əziz oxuculara çatdırmaq da bir ibadətdir.

Ömürlüyündən

Vüqar Calal oğlu Həsənov - 14 may 1980-ci ildə Qubadlı rayonunun Teymur Muskanlı kəndində dünyaya göz açıb. Atası Cəlal müəllim uzun illər Teymur Müskanlı kənd orta məktəbinə rəhbərlik edib. Vüqarın bir vətəndaş və şəxsiyyət kimi formalaşmasında Calal müəllimin təsiri danılmaz və gözə çarpacaq dərəcədə böyükdür. Vüqar da bütün kənd uşaqları kimi böyüyür, əkin, biçin işlərinə əl atır, mal-qaraya qışlıq yem toplamaqda ailəyə kömək edir, qoyun-quzu növbəsinə gedir, imkan tapanda da uşaqlıq illərinin dadını çıxarmağa çalışırdı. Fəqət...

...Fəqət taleyində Birinci Qarabağ müharibəsinin acı və acımasız taleyini yaşamaq, qəlbində, ruhunda qaçqınlıq və köçkünlyün məşəqqətini daşımaq vardı...

    Yağı düşmən 1993-cü il avqust ayının 31-də Qubadlı rayonunu işğal etdikdən sonra Vüqar da ömürnün ən gözəl, amma həsrət dolu illərini köçün kimi məskunlaşdığı Sumqayıt şəhərində yaşamalı olmuşdur.

Köçkünlük illərinin ilk zərbəsini atasını itirməklə aldı. Üç uşaq ana himayəsində qaldı. Bununla belə Vüqar minbir əziyyətə qatlaşaraq təhsilini davam etdirdi. Çalışqanlığı və əzmi ilə seçilən Vüqar 1996-cı ildə Azərbaycan Kooperasiya  İnsitutuna qəbul olur və 2000-ci ildə həmin institutu  iadrəetmə və istehlak mallarının ekspertizası üzrə bitirir. Sonra isə hər bir gəncin vətən borcu olan əsgəri xidmət borcunu yerinə yetirir.

Vüqar Həsənovun yüksək insani keyfiyyətləri, çalışqanlışı, işinə olan sevgisi və dərin məsuliyyət hissi, dəqiqliyi, səriştəliliyi və təşkilatçılıq qabiliyyəti el ağsaqqalı, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun diqqətindən yayınmır. Beləcə, fəaliyyəti  qiymətləndirilərək, ona yüksək etimad göstərilir, ona məsul iş tapşırılır. Vüqar Həsənov 2009-cu ildən Dövlət qulluqçusu statusundadır və tapşırılan hər bir işin öhdəsindən qüsursuz və məsuliyyət hissi ilə gəlir.

Vətən sənə oğul deyir...

Vüqarın yerişi, duruşu onun ədəbininn ölçüsüdü. Zamanın hesabat deyil, çalışma zamanı olduğunu yaxşı bilir. Bu baxımdan onun bir xüsusiyyətini də xüsusi vurğulamaq yerinə düşər: yaşının az olmasına baxmayaraq doğulduğu bölgəylə bağlı yetərincə məlumatlıdır, böyük və əhatəli arxivi var. Qubadlının və ümumilikdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştitak edərək şəhid olan, yaralanan və hətta itkin düşən vətən övladları haqqında geniş məlumat bazasına malikdir.

Vüqar Həsənovla tez-tez müxtəlif biçimli tədbirlərdə görüşürük. Qubadlı rayonunun bütün tədbirləri onun şəxsi kamerasının gözüylə tarixləşir, sayıtlarda, sosial şəbəkələrdə paylaşılır. Onu da vurğulayım ki, Vüqar Həsənovun yüksək rejisorluq qabliyyəti var, bu da özünü təqdim etdiyi materialların tərtibat səviyyəsində özünü büruzə verir. Geniş erudisiyaya malik, hərtərəfli biliyi ilə seçilən ziyalılarımızdandır. Onun insani xüsusiyyətlərinə dərindən bələd olduqca, sözün yaxşı mənasında, qibtə etməyə bilmirsən. Kaş ki, bir çox gənclərimiz Vüqar Həsənovdan vətən sevgisini, vətəndaşlıq qayəsini öyrənməyə çalışaydılar. Qazi şairimiz İmadəddin Səilm demişkən:

Bir qartalsan uca dağlar başında,

İzin qalır torpağında, daşında,

Hələ gəncsən – ömrünün bu yaşında,

Vətən sənə oğul deyir, qardaşım.

Vətən mənəm, vətən sənsən, vətən biz,

Vətən qılınc, vətən qələm, vətən söz,

Xoş gün belə zəhər dadır vətənsiz, -

Vətən sənə oğul deyir, qardaşım.

Ana – Vətən, Vətən – Ana, qoşadır,

İnsan doğma torpağında paşadır.  

Vətənini ər oğulları yaşadır, -

Vətən sənə oğul deyir, qardaşım.

Bəli, Vüqar Həsənov səbiri, təmkini, mülayım baxışı və vüqarlı duruşu ilə əsl vətən oğludur.

Yaxşılıq həm də cəfakeşlikdir

Vüqar Həsənovu tanıyanlar onu bir kəlmə ilə “yaxşı adamdır” deyə xarakterizə edirlər. Yaxşı adamların yaxşı xüsusiyyətləri özünü uzun müddətli mübarizənin (vərdişin) təzahüru kimi göstərir. Böyük və ustad Məmməd Araz demişkən:

Dünyada nə qədər yaxşı adam var,

Yaxşılıq insanla əkiz doğulur.

Ən yaxşı adamlar, yaxşı adamlar

Nədənsə, dünyada oxşarsız olur.

Yaxşılar hərəsi bir cürə yaxşı,

Hər əsr yaxşını yetirə bilmir.

Naqislər külüngü, pislər yağışı

Yaxşının yerini itirə bilmir.

Gələnlər, gedənlər sığmayır saya,

Dünya bu minvalla dolur, boşalır.

Nə qədər yaxşılar gəlir dünyaya,

Yenə yaxşıların yeri boş qalır...

Vüqar Həsənovun hər sözünün, hər söhbətinin nəqarəti elinə, obasına vətənə, dədə-baba yurduna dönüb həyatını davam etdirməkdən ibarətdi. Bu da inkarolunmaz faktdır ki, xalqın, millətin, səni əhatə edənlərin, sənə güvənənlərin məhəbbətini canfəşənlıqla yox, cəfakeşliklə qazanmaq olur. Vüqar Həsənov doğrudan  da çox cəfakeş inşandı...

Həsrət bayatısından Vüsal nəğməsinə

Hərdən adama elə gəlir ki, həsrət də bir cürə nəğmədi. O nəğməni Vuqar Həsənov da otuz il oxumaq məcburiyyətində qalıb. Bu da sirr deyil ki, vətənimizdə bu nəğməni oxuyanların sayı dünyadakı bəzi ölkələrin əhalisinin sayı qədərdi. Mənim fikrimcə, çayların, göllərin yolu buluddan keçdiyi kimi, Azərbaycanın taleyi də bütün vətandaşlarının taleyində təcəlli edir.

Qısa xronika: Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdü. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altınada Qubadlı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Silahlı Qüvvələrimizin bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Burada ermənilər tərəfindən qurulmuş güclü istehkamlara, yüksəklikdə yerləşmiş hərbi birləşmələrə baxmayaraq, əməliyyat xüsusi peşəkarlıq və fədakarlıqla yerinə yetirilib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, sonra ətrafdakı kəndlər götürülərək, strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri Qubadlı şəhərini düşməndən təmizlədilər. Beləliklə də Qubadlıda 30 illik erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr "Qubadlı Şəhəri Günü" kimi qeyd edilir. 

Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gəlib. Düşmənin amansızlıqla dağıtdığı və məhv etdiyi yurd yerləri yaxın zamanlarda öz sakinlərini qəbul edəcək, qubadlılar da öz dədə-baba yurdlarına dönəcək, yeni arzularla, gələcək naminə quruculuq həvəsi ilə Qubadlıda həyat sürəcəklər...

Nəticə

Bu gün dəyərli dostumuz, əsl ziyalı, layiqli vətəndaş, ləyaqətli insan Vüqar Həsənovun doğum günüdür. Yaranmış imkandan istifadə edib Vüqar qardaşımızı bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, sağlam can, məqsədyönlü fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Xaqani Abbasli Öztürk,

AYB-nin və AJB-nin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
adalet.az

1Mənbələr