AZ

Zahid Oruc:” Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik”..

Zahid

2024-cü il BMT tərəfindən təsis edilən “Beynəlxalq Ailə İli”nin 30-cu ildönümüdür. Əlbəttə, yubiley qarşısında hər bir dövlət dünyaya ən qiymətli resursu-ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailələnin vahid Vətəni kimi çıxış edir.

Böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü" mahiyyət etibarilə bir məqsədə-millətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz, arasıkəsilməz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir. Min illik arzularını gerçəkləşdirən, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi.

30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir.

Əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir. Gəlin, bütün virtual şəbəkələrdə paylaşılan və 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq:

• Həyat yoldaşının cansız cismini zərif çiyinlərində daşıyan qadın,
• Əli, qolu olmaya- olmaya “mən Vətən üçün heç nə edə bilmədim”, deyən qəhrəman,
• Ürəyində qəlpə ola-ola “canım qurban bu Vətənə”, deyən əsgər,
• Oğlunun məzarında “Xocalının qisasını almısan, buna görə ağlamıram” deyən ana,
• Can verəndə “qızım üçün darıxıram”, deyən əsgər,
• Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana,
• Hospitalda can verərkən “axı niyə Şuşanı görmədim”, deyib Suqovuşanda yaralanan döyüşçü,
• Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul", deyən ana,
• Hər qızının bir oģlunu, 2 şəhid nəvəsini Vətən sag olsun deyərək, dəfn edən nənə və Baba,
• 44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideynlərinə xəbər verən oğul,
• Şəhid övladını dəfn edərkən məzarlıqda ikinci oglunun da ölüm xəbərini alan, “yeganə təsəllim Qarabagın büsbütün ermənilərdən azad olunması ola bilər” deyən , eyni gündə iki oglunu şəhid verib tək qalan ana,
• Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin cəsədini dağıntılar altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun", deyən gəncəli Ana və sair.

Gördüyünüz kimi, bir cümləyə yerləşən, lakin bir ölkəyə sığmayan qəhrəmanlıq hekəyələrini yaradan ata və oğullar, ana və qızların hamısı vahid bir ailənin övladlarıdır! Dünyada bərabəri görünməyən azərbaycanlı ailələrin səlnaməyə çevrilən müharibə tarixidir. Lakin müasir kommunaksiya əsrində ən böyük sual budur: ”biz nə qədər parlaq nümunələri kütlkəviləşdirə, tirajlaya, onu simvollara çevirə bilmişikdir”dir.

Ulu öndər Heydər Əliyev şəxsi nümunəsi ilə örnək ailə obrazı olduğu üçün deyirdi: “Ailə dəyərləri, ənənələri, milli-mənəvi dəyərlərə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Məhz həmin ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə yetişən nəsillə öyünərək, andiçmə mərasimində deyir, sitat:” Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar milli ənənələrə, mənəvi dəyərlərə sadiq olsunlar. Kimsə onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlamdır, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi hər bir gənc və uşaq üçün əsasdır…Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın, hər bir ailənin və dövlətin qarşısında durur”.

Göründüyü kimi, ölkənin Birinci şəxsi kütləvi qırğın silahlarını, son 2 ildə dünyada 200 milyard dollardan çox artan hərbi xərcləri və sürətlə silahlanmalarını, yaxud beynəlxalq terroru təhlükələr kimi ön yerə qoymur, məhz müqəddəs ailə ocağının xarici hücumlardan hifz edilməsini birinci sırada göstərir. Hörmətli Mehriban xanım Əliyevanın son 20 ildə düşmənlə savaşın bütün səngərlərində Ali Baş Komandanla çiyin-çiyinə olması da Zəfərimizin parlaq qadın obrazıdır. Şəhid ailələri ilə görüşdə övladlarını itirən analara “Birinci sizsiniz” duyğusunun bəxş edilməsi gerçəkdən böyüklükdür, nəciblikdir, fədakarlıqdır.
Ona görə də "dövlətin ailə siyasəti" sosial siyasətin aparıcı sahəsi olmaqla ailəni hər zaman hifz etməyə, onun status və rolunu artırmağa yönəlib.

Bəli, XXI əsrin 24-cü ilin qlobal böhranlar, az qala 3-cü dünya müharibəsi kimi xarakterizə olunan beynəlmiləl savaşla xarakterizə olunur. Ona görə “Ailə kiçik dövlətdir - dövlət böyük ailədir”, formulu ənənəvi baxışları dəyişdirir, yəni, hakimiyyətləri, idarəetmə orqanlarını xalqsız, onu təşkil edən fərdlərsiz və kiçik sosial qrup olan ailələrsiz təsəvvür etmək qeyri-mümkündür. Əgər ailələrin nizamı pozulursa, dövlətlər ayaqda qala bilmir. Bu aksiomadır.

Hazırda bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır. Onu doğuran səbəblər, dəyərlərin aşınması, rəqəmsal işğalın və elektron, virtual həyatın canlı aləmi əvəzləməsi hər bir siyasi hakimiyyətin qarşısında mühüm tələb və vəzifələr qoyur.

Müasir Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, təsəvvür və baxışlar dəyişiklikliyə uğrayır. XXI əsrin əvvəllərinə qədər ailə institutu - patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar çoxsaylı alternativ ailə-nikah modellərinə doğru yön alıb.
Dəyərlər sisteminin qərbləşməsi, aqressiv təbliği və mədəni hegemonluğuna nail olması üçün hər cür informasiya hücumları baş verir. Qlobal internet məkanında mənəvi-əxlaqi nihilizmin, sərhədsiz azadlqlıların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz onu antiailə pandemiyası adlandıra bilərik.
Ailənin tarixən formalaşan, cəmiyyətin bütövlüyünü təşkil edən "nikah, cinsi və reproduktiv davranış üçlüyün"ə, yəni ailə modelinin klassik-ənənəvi formasını əvəzləməyə iddialı olan alternativ ailə modellərinin formalaşması- rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir.

Bu gün sizə təqdim olunan “Müasir Azərbaycan ailəsi” Analitik Hesabatı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ailə mövzusunda hazırlanan sayca 3-cü, eyni zamanda, geniş Məlumat bazasına söykənən və 2023-cü ildə keçirilən sorğular əsasında Azərbaycan ailəsinin sosial portretini görməyə imkan verən növbəti araşdırma işidir. Sənədin dövlət və hökumət orqanları, o cümlədən, müxtəlif ictimai instutlarımız üçün də əhəmiyyətli olacağına inanırıq. Hesabatın əsas məqsədi 5 suala cavab verməkdir.
1. Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrin vəhdətini özündə ehtiva edir, onların unikal birliyini əks etdirir.
2. Azərbaycanda uşaqlı və nikahı olan cütlük dominant ailə modeli kimi qəbul edilir.
3.İctimai müzakirələrdə boşanmaların artması, məişət zorakılığı xüsusi vurğulansa da sorğular müasir azərbaycanlı ailəsinin emosional tərəflərə daha çox önəm verdiyini göstərir.
4. Müasir Azərbaycan insanının valideyn rolu-bir tərəfdən övlada münasibətdə fədakarlıq, digər tərəfdən, fərdi maraqların vurğulanması indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq, daxili təbəddülatlara sövq edir.
5. Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir.
Ümidvarıq ki, bu nəticələr dövlətimizin gündəliyində olan “Azərbaycanın 2025-2050 Ailə Strategiyası"nda nəzərə alınacaqdır. Azərbaycanın “ailə mərkəzli/ailəyə dost” ölkəyə çevrilməsi üçün uşaqlarla bağlı sosial dəstək tədbirləri gücləndiriləcək. Vətən müharibəsi nəticəsində şəhid, əlil və qazı ailələrinin psixoloji problemləri, PTSS-Post Travmatik Stress Sindromu aspektində daha sistemli fəaliyyətlər həyata keçiriləcək. Ailə psixoloqları ilə bərabər, hərbi psixoloq ixtisaslarının ali təhsil proqramlarına daxil edilməsi günümüzün tələbidir.
“Böyük Qayıdış” proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, “Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik. Azad edilmiş torpaqlarımıza gəncliyin nəfəsini, qurub-yaratmaq əzmini və demoqrafik artımı təmin edən siyasətə ehtiyacımız var. Bir sözlə, nümunəvi ailə obrazlarını bütün ictimai və media platormlarında təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir.
Bir daha hər birinizə Sağlam Ailə arzulayırıq!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
1
xalqcebhesi.az

7Mənbələr