AZ

Doğru yol budur - Seçimini et!

Hazırda dünyanın üzləşdiyi ən mühüm problemlərdən biri də məhz narkomaniyadır. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya bəşəriyyətin bəlasına çevrilib, xüsusən gənclər arasında çox geniş yayılıb. Təəssüf ki, Azərbaycandan da yan keçməyib. Son illər ölkəmizdə narkotik istifadəçilərinin sayında kəskin artım müşahidə edilir.

Rəsmi məlumatlar nə deyir?

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib ki, Bakı şəhəri üzrə 11 152, Sumqayıt şəhəri üzrə 3 692, Gəncə şəhəri üzrə isə 3 193 narkotik istifadəçisi qeydiyyatdadır. Rayonlarımıza gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə Lənkəran (3 193 nəfər), Salyan (1 248 nəfər) və Şirvan (1 233 nəfər) rayonları yer alıb. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur. Təəssüf ki, bu, rəsmi qeydiyyata alınmış rəqəmlərdir. Övladının narkoman olmasının bilinməsini istəməyən, ev şəraitində gizli müalicə alan nə qədər insan var. Bu səbəbdən mövcud rəqəmlərin rəsmidəkilərdən xeyli çox olması şübhə doğurmur.

Baş Prokurorluğun 2023-cü il üzrə hesabatında isə bildirilir ki, 2023-cü il ərzində ölkədə baş verən 36 811 cinayət hadisəsinin 10 057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Narkomaniyaya qarşı hansı tədbirlər görülməlidir?

Xüsusilə gənclərin bu girdaba daha çox sürüklənməsi cəmiyyətimizin gələcəyi baxımından ciddi narahatlıqlar doğurur. Vəziyyət hətta o yerə gəlib çıxıb ki, narkotik vasitələri yeniyetmə və uşaqlar arasında yaymağa çalışan, öz çirkin biznesini genişləndirmək istəyən şəbəkələr məktəblərin ətrafında da anonim teleqram kanallarını belə reklam etməkdən çəkinmirlər, divarlara, hasarlara istiqamətləndirici mesajlar, kanalların adlarını yazaraq işarə verirlər.

Belə bir vəziyyətdə “Azercell Telekom”un Azərbaycan Cüdo Federasiyası ilə birlikdə start verdiyi “Doğru yol budur” layihəsi böyük önəm daşıyır.

Niyə məhz cüdo?

Yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ edən, onları idmana həvəsləndirən bu layihədə idman növü kimi cüdonun seçilməsi də xüsusi mahiyyət kəsb edir və təsadüfi deyil. Cüdo fəlsəfəsinə görə, cüdoçunun ruhu, düşüncələri təmiz olmalıdır. Belə bir yanaşma insanın hərəkətləri üçün məsuliyyəti və xoş niyyəti inkişaf etdirir.

“Azercell”in də Azərbaycan Cüdo Federasiyası ilə birlikdə həyata keçirdiyi “Doğru yol budur” sosial kampaniyası çərçivəsində xüsusilə məktəblərin ətrafında, gənclərin daha çox olduğu ərazilərdə layihənin posterlərinin yerləşdirilməsi bu baxımdan əhəmiyyətlidir. Narkotiki təbliğ edən şüar və kanalların yerinə hörməti və sağlam düşüncəni fəlsəfə olaraq özündə birləşdirən bir idmana çağırışı əks etdirən məlumatlar gələcək nəsillərin doğru yolu seçməsində həlledici rol oynacaq.  

“Azercell”in başlatdığı bu kampaniya bəlkə də narkomaniyaya qarşı cəmiyyətin bir dirəniş mesajıdır. Yaxın gələcəkdə başqa qurumların da bu kimi kampaniyalara başlaması, bütün cəmiyyət strukturlarının hərəkətə keçməsi çox sevindirici olardı. Bu işdə ailələrin, valideynlərin, təhsil işçilərinin, orta məktəblərin də üzərinə böyük yük düşür və övladlarımızı, dolayısıyla gələcəyimizi qorumaq naminə bu kimi addımları dəstəkləmək son dərəcə əhəmiyyətlidir.

“Doğru yol budur” kampaniyası çərçivəsində çəkilmiş qısametrajlı filmin (rep ifaçısı Orxan Zeynallının iştirakı ilə) sujet xətti də bizə bu baxımdan çox şey deyir.

Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir:

Ya sağlam düşüncə və doğru yolu seçib şəxsiyyətini, doğmalarını və vətənini qorumaq, ya da həyatın dibinə enib 1 damcı narkotikə möhtac qalaraq hər şeydən imtina etmək...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
qafqazinfo.az

1Mənbələr